Yuxarı

Şoyqunun müəmmalı Bakı səfəri

Şoyqunun müəmmalı Bakı səfəri

Kreml ordu generalını niyə göndərib?

Üzeyir Cəfərov: “Rusiyadan bir sıra silahların alınması müzakirə mövzusudur”

Elman Nəsirov: “Münaqişənin həlli ilə bağlı yaxın zamanlarda ciddi addımlar atılacaq”

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən 5 gün keçməmiş Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvaya getdi. Z.Həsənovun Moskvaya səfərindən cəmi bir gün sonra isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya gəldi.

Hesab olunur ki, qarşılıqlı səfərlər, o cümlədən Şoyqunun bu təcili gəlişi və prezident İlham Əliyevin onu qəbul etməsi ciddi mətləblərdən xəbər verir.

Azərbaycanda uzaqmənzilli raket istehsalı

Hərbi ekspertlərin fikrincə, Rusiya və Azərbaycan arasında yüksək səviyyədə keçirilən görüşlərdə müzakirə olunan məsələlərdən biri hərbi-texniki əməkdaşlıq və yeni silahların alınmasıyla bağlıdır. Ehtimallara görə, Azərbaycan Rusiyadan uzaqmənzilli raketlərin alınması üçün danışıqlar aparır.

Müzakirə masasındakı digər məsələ Azərbaycanın  uzaqmənzilli raket istehsalına maraq göstərməsi və bu sahədə Rusiyanın təcrübəsindən yararlanmaq istəyidir. Aprel döyüşləri zamanı müdafiə sənayesi naziri Yavər Camalov da Azərbaycanın uzaqmənzilli raket istehsalına başlayacağını istisna etmədi. Ekspertlər də istehsala başlamaq üçün Rusiyadan müəyyən texniki avadanlıqların alınması və rusiyalı mütəxəssislərin təcrübəsindən istifadəni həmin görüşlərin detallarından biri kimi dəyərləndirirlər. Qarşılıqlı səfərlər çərçivəsində müəyyən anlaşmanın artıq əldə olunması da ehtimallar arasındadır.

Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyanla Moskvada keçirdiyi görüşdə “Azərbaycan istədiyi yerdən istədiyi silahı almaq gücündədir” deməklə diqqətləri bir daha silahlanmaya çəkdi. Görüşdən sonra Ermənistan KİV-lərində də Azərbaycanın Rusiyadan uzaqmənzilli silah alması barədə məlumatlar yayıldı. Erməni mənbələr iddia etdilər ki, Rusiyadan Ermənistan hakimiyyətinə bununla bağlı müəyyən məlumatlar verilib.

“Danışıqlar aparılır”

Hərbçi-ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında Rusiya və Azərbaycan arasında uzaqmənzilli raketlərin alınmasına dair danışıqların getdiyini bildirdi. Eyni zamanda burada heç bir dövlət və hərbi sirrin olmadığını da diqqətə çatdırdı: “Rusiya bizə sərfəli şərtlər daxilində silahlar satır. Putin də Bakı səfərindən sonra bildirdi ki, Azərbaycanın istənilən silahı almaq üçün maddi imkanları kifayət qədər çoxdur. Putin açıq şəkildə bununla Sarkisyanın diqqətinə çatdırdı ki, Ermənistanda Rusiya əleyhinə səsləndirilən fikirlər yanlışdır və Rusiya öz milli maraqlarından çıxış edərək bundan sonra da silah satışını davam etdirəcək. Həmçinin, Rusiyadan bir sıra silahların da alınması müzakirə mövzusudur”.

Ətraf rayonlar qaytarılır?

Qarşılıqlı səfərlərin Dağlıq Qarabağ münaqişəsinin həlli və bundan sonra atılacaq addımlarla bağlılığı da versiyalar arasındadır. Qeyd olunur ki, Rusiya münaqişənin “Kazan sənədləri” üzərində həllində dayanır. Yəni, ilkin mərhələdə 6 rayon Azərbaycana qaytarılır və bölgəyə təhlükəsizliyi təmin etmək üçün sülhməramlılar yerləşdirilir. Sonrakı mərhələlərin birində də isə danışıqlar Dağlıq Qarabağın aralıq statusunun müəyyən olunması ətrafında aparılır.

Səfərlər də göstərir ki, bu, Rusiyanın təkididir. Düzdür, sülhməramlıların yerləşdirilməsi məsələsinə Azərbaycan tərəfinin dərhal razılıq verəcəyi inandırıcı deyil. Bunun reallaşması üçün parlamentin razılığı olmalıdır. Lakin görünən budur ki, Putin, Şoyqu və Həsənovun səfərlərində bu məsələ müzakirə mövzusu olub.

“Yaxın günlərdə radikal addımlar atılacaq”

Millət vəkili Elman Nəsirovun fikrincə, Rusiya prezidentinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində verdiyi bəyanatlar, eyni zamanda bundan sonra türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə münaqişə ilə bağlı müzakirələr, bir gün sonra Sarkisyanın Moskvaya dəvəti çox ciddi simptomlardır. E.Nəsirovun sözlərinə görə, bütün bunlar Rusiyanın münaqişənin həll prosesindəki fəallığının digər Minsk Qrupu həmsədrlərindən daha çox olduğunu deməyə əsas verir: “Bu fəallığın artıq kəmiyyətdən keyfiyyətə keçməsinin konturları görünür. Xüsusilə Kremlə yaxın politoloqlar da bildirirlər ki, ilkin mərhələdə 5 rayonun Azərbaycana qaytarılması müzakirə mövzusudur. Eyni zamanda Ermənistanda keçirilən mitinqlər də təsdiq edir ki, münaqişənin həll prosesində yeni tendensiyalar özünü göstərir. Sergey Şoyqu və Zakir Həsənovun səfərləri isə bunu sübut etdi ki, münaqişənin həlliylə bağlı hərbi təhlükəsizlik məsələləri xüsusi önəm kəsb edir. Həmçinin iki dövlətin hərbi-texniki əməkdaşlığı genişləndirmək istəyi də ortaya qoyulur. Bunlar Ermənistanda vahimə ilə qarşılanır. Sarkisyan da anlayır ki, Rusiya münaqişənin həlli üçün ciddi və radikal addım atmaq niyyətini ortaya qoyubsa, buna müqavimət göstərmək əmsalı sıfıra bərabərdir”.

Millət vəkili vurğuladı ki, Putinin Bakı, Azərbaycan müdafiə nazirinin Moskva və Sergey Şoyqunun Bakı səfəri  münaqişənin həlli ilə bağlı yaxın zamanlarda ciddi, radikal addımlar atılacağını göstərdi: “Rusiya çalışır ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tutsun. Atılan bu addımlar həmin görüşün proqnozu ola bilər. Növbəti görüşdə daha ciddi nəticələrin şahidi ola bilərik”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları