Yuxarı

Heykəli qəlblərdə olan lider

Heykəli qəlblərdə olan lider

Xalqı naminə taxtı yoxsul kənd daxmasına dəyişə bilən siyasətçi

“Telekanallarda adını eşidə bilməzsiniz, haqqında yalnız bir neçə adam danışır, çoxları isə susurlar. O, xalqı üçün bütün vəzifələrdən, ən böyük arzularından imtina edib sıravi bir insan həyatını seçdi. Xalqının adına olan istəklərindən və qəhrəmanlıq mübarizəsindən heç kəs danışmır. Adına dastanlar, nəğmələr yazılmır. Nə ölkəsində, nə qardaş dediyi ölkələrdə heykəlləri qoyulur. O, adı tarix səhnəsindən sildirilməyə çalışılmış qəhrəmanlıq heykəlidir”- türk tarixçi Səlahəddin Özkan Əbülfəz Elçibəy haqqında belə deyirdi.

Taxtı uçuq evə dəyişdi

Əbülfəz Elçibəy şəxsi yox, bəşəri bir şəxsiyyət idi. Hakimiyyət uğrunda mübarizənin xalqına böyük bəlalar yaşadacağını bildiyi üçün kürsüdən imtina edib, doğulduğu kəndə gedəndə avtobioqrafiyasına özü də bilmədən bunu yazırdı. Elçibəy xalqı adına taxtı Kələkidəki uçuq-sökük ata evinə dəyişdi.

Universitet illərində Əbülfəz Elçibəy millətçi mövqeyi ilə tanınırdı. İraq və Misirdə tərcüməçi kimi çalışan Bəy digər tərəfdən burada dil təhsili də alırdı. 1960-cı illərin əvvəllərində Misirdə yaşadığı dövrdə siyasətə marağı artdı. Yaxın Şərq və ərəb ölkələrində baş verən gərgin proseslər onun siyasi təcrübəsində əhəmiyyətli izlər qoyurdu. O, həmin illərdə Azərbaycanın gələcəyi barəsində fikirlər səsləndirir və narahatlığını dilə gətirirdi. Sovet ölkəsindən gəlmiş müsəlman bir adamın əsarət altında olan bir respublika üçün müstəqillik arzularını dilə gətirməsini hər kəs təəccüblə qarşılayırdı.

İnqilabçı müəllim

1960-cı illərin sonları, 70-ci illərin əvvəllərində Elçibəy Misirdə topladığı siyasi təcrübəni həyata keçirmək fikrinə düşür. Yoldaşlarıyla birlikdə gizli millətçi hərəkat yaratmaq barədə qərar qəbul edir. Sovet Rusiyasının kəşfiyyat qurumları bundan şübhələnir və Elçibəyə həbs cəzası verilir. Həbsdən çıxdıqdan sonra fəaliyyətini daha da gücləndirir. Akademik işlərinə bir sıra dərnək və millətçi təşkilatlarından dəstək gəlir. 1980-ci illərin sonralarında Azərbaycanda Sovet rejiminə qarşı başlayan kütləvi mitinqlərinin ön sıralarında yer alır, bir çox hallarda isə təşkilatçı qismində çıxış edir. Yaranmış qarışıqlıq Əblüfəz Elçibəydə Xalq Cəbhəsi yaratmaq ideyasını formalaşdırır. Sadə universitet müəllimi olan Elçibəy xalq qəhrəmanına çevrilirdi.

O, Xalq Cəbhəsini 1989-cu ildə xalq meydanlarda “Azad Azərbaycan!” şüarını səsləndirəndə rəsmən elan etdi. Təkcə Şimali Azərbaycanın Sovet Rusiyası əsarətindən yox, həm də Cənubi Azərbaycanın İranın fars rejiminin işğalından azad olunması ideyasını irəli sürən Xalq Cəbhəsi lideri Əblüfəz Elçibəy xalqı ayağa qaldırdı. Yüz minlərlə Azərbaycan türkünün İran sərhədinə yürüşü Xalq Cəbhəsini dünya miqyasında tanıtdı. “Birləşmiş Azərbaycan”, “Yaşasın Təbriz – Bakı” şüarları səsləndirən xalq SSRİ və İran arasında bölünmüş Azərbaycanın birləşəcəyi mesajını verdi. Bu, Əbülfəz Elçibəyin başlatdığı “Azərbaycana azadlıq” mübarizəsinin zirvəsiydi.

1990-cı ilin 20 yanvarında Moska “Qızıl ordu”nu Bakıya yeridib, qan tökəndə məlum idi ki, Xalq Cəbhəsinin müstəqillik ideyası asanlıqla həyata keçməyəcək. Elçibəyin üzərinə götürdüyü vəzifənin ağırlığı ortada idi. Rus qoşunlarının Azərbaycandakı varlığı, iqtidarı təhvil vermək istəməyən Ali Sovetin dirənişi, digər yandan ermənilərin ortaya atdıqları Dağlıq Qarabağ iddiası vəziyyəti çətinləşdirirdi. Lakin 1991-ci ildə Xalq Cəbhəsinin təkidi ilə Ali Məclis seçki qərarı verir. Məhz Elçibəyin rəhbərliyi altında ilk dəfə millətçilər məclisdə təmsil olunmaq şansı əldə edirlər. Beləliklə, Kommunist Partiyasının ləğvini tələb edən Elçibəy danışdığı meydanda Azərbaycanın Rusiyanın tərkibində qalmasını dəstəkləyənlər tərəfindən döyüldü. Hadisənin səhəri gün Elçibəy xalqla birlikdə Ali Sovetin qərarının ləğv olunmasına nail oldu və Azərbaycanın müstəqlliyinə gedən yolun qarşısı alınmaz oldu. Onun hakimiyyəti dövründə rus qoşunları Azərbaycandan çıxarıldı.

1992-ci ililin iyunun 7-də Əbülfəz Elçibəy Azərbaycanda keçirilən ilk demokratik prezident seçkilərinin qalibi oldu. Siyasi rəqibləri onu hakimiyyətdən yıxmağa çalışdıqları dövrdə Xalq Cəbhəsi lideri daha əhəmiyyətli bir məsələyə dünyanın diqqətini ayırdı. O, Türkiyə və Qərb dövlətlərinin nəzərini Ermənistan və Rusiyanın Dağlıq Qarabağı işğal siyasətinə çəkdi. Türkiyə və Azərbaycan mediasında BMT və Qərb dövlətlərinin başçılarına ünvanlanmış müraciətlər, məktublar yayımlanmağa başladı.

Özal qətlə yetirilməsəydi…

Elçibəy Azərbaycana dəstək üçün daha önəmli bir iş görür, Türkiyənin dəstəyini əldə edir. Həmin dövrdə o, Türkiyə ilə konfederasiya şəklində birləşmək ideyasını gündəmə gətirir. Savaşın ən qızğın vaxtında – 1993-cü ildə Türkiyə prezidenti Turqut Özal Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlir. Özalın bu səfəri böyük sevinc yaşatdı, çünki həmin vaxt Azərbaycan xalqının ən böyük arzusu Türkiyənin onun yanında olmasını görmək idi. Lakin Özalın müəmmalı ölümü hər şeyin üzərindən xətt çəkdi.

Türkiyədəki millətçi partiya və təşkilatlardan Elçibəy hökumətinə böyük dəstək vardı. Həmin vaxt Turqut Özalın Bakı səfəri türk mediasında o məsələni gündəmə gətirmişdi ki, Türkiyə Naxçıvandan Ermənistana qarşı müharibəyə başlayacaq. Həm bu, həm də Azərbaycan və Türkiyənin birləşəcəyi ehtimalları Özalın sonunu gətirdi. Müəmmalı qətldə rus kəşfiyyatı ilə işləyən Türkiyə siyasi dairələrinin rolunun olması dəqiq idi.

Kələkiyə gediş

Dağlıq Qarabağ müharibəsinin gərginləşdiyi, Türkiyənin başının Özalın qətlinə qarışdığı və daxili qüvvələrin hakimiyyəti ələ keçirmək üçün hazırladıqları qanlı çevriliş planları Elçibəyi çıxılmaz vəziyyətə salmışdı. Digər yandan Surət Hüseynov Gəncədə qanuni hakimiyyətə qarşı savaş élan etdi, ölkənin Cənub və Şimal bölgələrində separatizm ayaqlanmışdı. Bu nöqtədə Elçibəy mərhum Heydər Əliyevi Bakıya çağırdı. Hakimiyyəti Əliyevə təhvil verən Elçibəy Kələkiyə getdi. Dəqiq idi ki, həmin vaxt hakimiyyəti Əbülfəz Elçibəydən almaq üçün qanlı qiyam hazırlanmışdı. Xəyanət planları qurulmuşdu və Azərbaycan daha dəhşətli bir savaşın – vətəndaş müharibəsinin astanasına gəlib çıxmışdı. Əgər həmin vaxt Elçibəy məhz hakimiyyətdə qalmağa dirəniş göstərsəydi, silahlı müxalifət ölkəni qan çanağına çevirəcəkdi. Məhz buna görə Kələkiyə gedib aranı sakitləşdirmək ən doğru qərar kimi görünürdü.

Qısa zaman böyük işlər

Elçibəy qısa hakimiyyəti dövründə Azərbaycan üçün böyük işlər gördü. Həmin dönəmində Nadir şahdan sonra ilk dəfə Bütöv Azərbaycan ideyasını siyasi gündəmə daşıdı, siyasi türkçlüyün əsasını qoydu, Quzey və Güneydə türklük davasını başlatdı. “Millətləşmə, Dövlətləşmə, Bütövləşmə” ideyasını yaradıcısı oldu. Bu, əsasən Güney və Quzey Azərbaycanın birləşməsini dəstəkləyən siyasət idi. Təsadüf deyil ki, Əbülfəz Elçibəyin vəfat etdiyi 22 avqust tarixi Güney Azərbaycanda “Savalana Yürüş” Günü kimi qeyd olunur. Elçibəyin zamanında milli demokratik düşərgə güclü və monolit idi. Bir dəfə düşərgəni hakimiyyətə daşıdı, ölən günə qədər YAP-ın əsas çəkindiyi qüvvə demokratik qüvvə gücünü qorudu.

Millətin sonsuz sevgisi

Azərbaycanın milli kimlik, müstəqillik və azadlıq mübarizəsində böyük əməyi olan bu qiymətli elm, siyasət adamı həyatı boyunca müvəffəqiyyət və müvəffəqiyyətsizliyi də gördü. Müvəffəqiyyəti Azərbaycana qazandırılan müstəqillik idisə, “siyasi müvəffəqiyyətsizliyi” hakimiyyəti buraxıb xalqını qırğından qurtarmaq idi və bu, onun ən böyük müvəffəqiyyətiydi. Ən yüksək mövqedən özünü xalqına görə kiçik, yoxsul kənd daxmasına sürgün etmiş prezident üçün bütün şəxsi istəklər xalqından sonra gəlirdi, çox hallarda isə gəlmirdi. Adını tarixdən silməyə cəhd etsələr də bunu bacarmadılar. Elçibəyin məzarından başqa heç bir yerdə xatirəsi əbədiləşdirilməyib, amma o, bütün azərbaycanlıların qəlbində, şüurundadır. Millətin sonsuz sevgisi daim onunladır.

Mənsur Rəğbətoğlu

 





Həftənin ən çox oxunanları