Yuxarı

“Yurd” sədri ölkədən qaçmaq istəyir

“Yurd” sədri ölkədən qaçmaq istəyir

Pasport məsələsi yenidən gündəmə gəlib

Vüsal Qarayev: “Burda onun rahat yaşaması üçün hər şərait yaradılıb, niyə getsin ki?” Niyaməddin Orduxanlı: “Onun pasportunun olub-olmaması önəmli məsələ deyil”

FETÖ terror təşkilatı ilə işbirliyində ittiham olunan “Yurd” sədri Əli Kərimlinin pasport məsələsi yenidən gündəmə gəlib. Ölkəni tərk etməsi üçün pasportu olmayan Əli Kərimlinin yaxın çevrəsi tərəfindən gündəmə gətirilən bu məsələ o mənanı kəsb edir ki, “Yurd” sədri Azərbaycandan qaçmaq istəyir. Çünki FETÖ lideri Fətullah Gülənin Azərbaycandakı uzantılarına qarşı başlamış əməliyyatlar Əli Kərimlinin də həbsxanaya yolunu aça bilər. Təhlükəni əvvəldən gördüyü üçün də tezliklə pasport məsələsini həll etmək qərarına gəlib. “Aysberqin görünən tərəfi”

Əli Kərimliyə pasportun verilməməsi bir neçə amillə izah olunur. Rəsmi qurumlardan vaxtilə yayılan açıqlamalara görə, bu, sırf  Əli Kərimliyə qarşı açılmış cinayət işi ilə bağlıdır. Amma bu məsələnin rəsmi tərəfidir və hansı cinayətdən söhbət getdiyi də məlumdur. Bu vaxtilə keçmiş KXCP üzvü Elman Türkoğlu və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Əli Kərimlini məhkəməyə vermələriylə əlaqədardır. Məhkəməyə müraciət edən H.Hacıyev və E.Türkoğlu “Yurd” sədrini AXCP lideri Əbülfəz Elçibəyi zəhərləyib öldürməkdə ittiham ediblər. İndi də hesab olunur ki, prosedur başa çatmadığı üçün Əli Kərimliyə pasportun verilməsi gecikir. Təbii ki, bunlar “aysberqin görünən tərəfi”dir.

Görünməyən tərəf

“Yurd” sədrinin pasportdan məhrum edilməsinin əsas məqamı onun hakimiyyətə məhz Azərbaycanda lazım olmasında gizlənir. Əli Kərimli iqtidara ona görə lazımdır ki, həssas məqamlarda müəyyən məvacib qarşılığında “düyməsini basıb” danışdırırlar. Təbii ki, “Yurd” sədri ona hakimiyyətdəki qəyyumları tərəfindən əzbərlədilmiş sözləri təkrarlayır və ictimai rəyi tamam ayrı istiqamətə yönəldir. Məsələn, Konstitusiya dəyişikliyini nəzərdə tutan referenduma az qalmış o həbs məsələsini gündəmə gətirməklə cəmiyyət və müxalifətin diqqətini bundan ayırdı ki, iqtidara sakit zəmində referendumu keçirmək imkanı yaratsın. Bir neçə gündür ki, bu məsələ ətrafında müzakirələr gedir və heç kəs referendumun anti-demokratik mahiyyətindən danışmır, heç müzakirə mövzusu da deyil. Mətbuat da diqqətini buradan ayırıb.

Həm mövqesiz, həm də pasportsuz

Əli Kərimli mövqeyi olmayan siyasətçidir, harada pul varsa, oradadır. Vaxtilə zərurət yarandığı üçün Qərbin siyasi dairələrinə, İranın siyasi-dini mərkəzlərinə, hətta 2013-cü ilin prezident seçikilərində Rusiyaya, sonda da Türkiyədə çevriliş cəhdi edən FETÖ ilə işbirliyinə girdi. Təbii ki, onun bu işbirliklərindən əsas qazancı maddiyyatla bağlı idi, ən azından üzdə belə görünür. Zərurət yaranan hallarda hakimiyyətə də işləyir. Sırf bu mövqesizliyini nəzərə alan iqtidar ona pasport verəcəyi halda ipinin əldən çıxacağını bilir. Buna görə də ölkədə saxlamaq üçün pasport vermir.

“Bu şoudur”

AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət”ə bildirib ki, Əli Kərimliyə pasportun verilib, verilməməsi o qədər əhəmiyyət kəsb etmir. V.Qarayev hesab edir ki, əslində bu məsələ ətrafında çox da baş sındırmağa dəyməz: “Bizim üçün bu önəmli bir məsələ deyil, eləcə də Azərbaycan ictimaiyyəti üçün. Bu hökumətlə Əli Kərimli arasında olan bir məsələdir, yaxud anlaşmadır. Konkret hansı səbəbdən onun pasportu verilmir, dəqiq deyə bilmərəm. Ola bilər ki, hakimiyyət bu yolla özünü daim gündəmdə saxlamaq üçün Əli Kərimliyə xidmətləri qarşılığında belə bir jest edib, şərait yaradır. Çünki, o zaman-zaman bu passport məsələsini əlində bayraq edərək beynəlxalq təşkilatların gündəminə gəlir. O ki qaldı digər varianta - Əli Kərimlinin burada hakimiyyətə lazımdır, ona görə onu ölkədən buraxmaq istəmir, bu real, inandırıcı variant deyil. Düşünürəm onun qalması, yaxud getməsi rejim üçün heç nəyi dəyişmir. Dediyim kimi, bu olsa-olsa, sadəcə bir “şou” ola bilər. Amma fikrimcə Əli Kərimlinin ölkədən getməsinə şərait yaratmaq, daha doğru qərar olardı. Təbii ki, əgər o özü getmək istəyirsə. Düşünmürəm Əli Kərimli ölkədən getmək istəsin. Çünki burada onun rahat yaşaması üçün hər şərait yaradılıb, niyə getsin?”.

“O, xarici nümayəndələrlə ölkə daxilində də görüşür”

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı “Cümhuriyət”ə deyib ki, rəsmi məlumata görə, Əli Kərimliyə pasportun verilməməsi ona qarşı açılmış cinayət işi ilə bağlıdır. N.Orduxanlının sözlərinə görə, cinayət işinə xitam verilmədiyi üçün ona hüquqi baxımdan pasportun verilməsi məsələsi həllini tapmır: “Rəsmi açıqlamalarda da bu məlumatlar verilib. Amma Əli Kərimlinin xarici pasportunun olub, olmaması nəyi dəyişir? Pasportu olsa, nə əldə edəcək? Düşünmürəm ki, pasportunun olması nəyisə dəyişəcək. O, beynəlxalq təşkilatlar və xarici nümayəndələrlə ölkə daxilində  də görüşür. Bir neçə gün əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Robret Sekuta ilə də görüşdü. Mətbuatdan da məlumdur ki, onun mütəmadi olaraq beynəlxalq korpusunun nümayəndələri və səfirlərlə görüşləri olur. Bu baxımdan pasportunun olub, olmaması önəmli məsələ deyil.

İstintaq davam edir

Niyaməddin Orduxanlı bildirib ki, Əli Kərimlinin son zamanlarda tez-tez qorxu və həyəcanından doğan müraciətlər səsləndirilir: “Bu, suçlu adamın qorxusunun nümayişidir. Əli Kərimli həddən artıq qorxur. Həbs olunacağı ilə bağlı ehtimallarını da buna görə dilə gətirir. Bilirsiniz ki, Fətullah Gülənin Azərbaycandakı əlaltıları ilə bağlı Baş Prokurorluğun açıqlamaları var. Hətta, bununla əlaqədar Əli Kərimlinin bir neçə adamı və köməkçisi üçün də həbs qətimkan tədbiri seçildi. Hazırda da istintaq davam edir. İstintaqın gedişi zamanı bu adamın narahat olması, qorxması başadüşülən deyil.

Rəsmi qurumlar bu gün ona qarşı konkret ittihamlar irəli sürməyiblər. Əli Kərimli də bundan istifadə edib, özünü siyasi gündəmdə saxlamağa çalışır və siyasi şou yaradır. Lakin rəsmi qurumların istintaqı bitməyib. Bu baxımdan onun hay-həşir qoparması anlaşılan deyil. İndiki məqamda da Əli Kərimlinin bu ittihamları sadəcə özünü gündəmdə saxlamağa və ətrafında təşviş yaratmağa xidmət edir. İstintaqın sonda gəldiyi qərar hələ ki bilinmir”.

Mənsur





Həftənin ən çox oxunanları