Yuxarı

Müsavatın mitinq eyforiyası

Müsavatın mitinq eyforiyası

Rafiq Daşdəmirli: “Hazırlıqsız aksiyalar effekt vermir”

Elman Fəttah: “Digər siyasi qüvvələrlə məsləhətləşmələr aparacağıq”

Tural Abbaslı: “Ölkədə mitinq atmosferi yoxdur”

Müsavat Partiyası mitinq qərarı verib. Partiyadan verilən məlumata görə, sentyabr ayından başlayacaq mitinqlərdə hakimiyyətin Konstitusiya dəyişikliyi layihəsinə, siyasi həbslərə, ölkədə davam edən total sosial-iqtisadi böhrana, hökumət daxilində yol verilən rüşvət və korrupsiya hallarına etiraz olunacaq. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, sentyabrın 26-da olacaq referendumla bağlı mitinq planlaşdırırlar. G.Aslanlı qeyd edib ki, tarix bilinməsə də artıq bununla bağlı Mitinq Komitəsi yaradılıb. Qeyd edək ki, avqustun 27-də Mərkəzi Seçki Komissiyasi Müsavatın referendumla bağlı təsis etdiyi “Respublika” Təşviqat Qrupunu qeydə almayıb.

Müxalifət dəstəkləyəcək?

Müsavatın mitinq qərarı bir sıra müxalifət partiyaları tərəfindən ciddi qarşılanmır. Hesab olunur ki, qurultaydan sonra parçalanmış vəziyyətdə olan Müsavat meydana lazım olan qədər elektorat çıxara bilməyəcək. Həmçinin bu qərara müxalifətin digər güc strukturlarının dəstək verəcəyi də inandırıcı deyil. “Yurd” və Milli Şura parçalanmış vəziyyətdə, Əli Kərimli tərədarlarının əksəriyyəti liderlik etdiyi qrupdan imtina edərək AXCP ətrafında birləşiblər. Paralel olaraq, hər iki qrupun Müsavatla münasibətləri soyuqdur, həmçinin mitinq kimi məsələlərdə öz proqramları daxilində hərəkət edirlər. Digər yandan Müsavatın özündən iki təşkilat (Ağ Partiya və ADR Hərəkatı) ayrılıb, elektoratı bu iki qurum arasında parçalanıb. KXCP, ADP, VİP, BAXCP, REAL Hərəkatı, AMİP, ALP və digərləri Müsavat, həmçinin Milli Şura və “Yurd”un verdikləri qərarlarda iştiraka loyal yanaşmırlar. Qalan qurumlar da Müsavata dəstək üçün meydana elektorat çıxarmaq gücündə deyil. Yəni hakimiyyət etiraz üçün Müsavata və digər müxalifətə meydan versə belə, bu elan olunduğu kimi izdihamlı mitinq olmayacaq.

Müsavatın hazır proqramı var?

Müxalifət yerini mövcud iqtidar komandasında verəndən bu günədək saysız mitinq və nümayişlər keçirib. Aralarında icazəsiz olanları və qanlı notlarla bitənləri də olub. Məsələn, 2003-cü ilin prezident seçkilərinə etiraz olaraq, Bakıda keçirilmiş izdihamlı mitinq. Həmin mitinqi hakimiyyət zorakılıq yoluyla dayandırdı. Lakin nəticəsi olmadı, yəni hakimiyyətə təsir etmək planı alınmadı. Əsas səbəb də mitinqlərin keçirilməsi üçün proqramın olmaması, partiyalar arasında məsləhətləşdirmələrin aparılmaması və birgə hərəkət trayektoriyasının müəyyən edilməməsiylə bağlı idi. 2013-2015-ci illər ərzində Milli Şura və “Yurd”un “Məhsul” stadionunda müxtəlif adlarda keçirdikləri mitinqlərdə də bunu gördük. Yəni, indiki halda da Müsavat hansısa proqram hazırlamasa və müxalifətin yekdil razılığını almasa, meydan yenə boş qalacaq, yenə də demokratik düşərgə media və cəmiyyətin lağlağı mövzusu olacaq.

“Elə mitinqdənsə, keçirməmək yaxşıdır”

AXCP funksioneri Rafiq Daşdəmirli “Cümhuriyət”ə deyib ki, hazırlıqsız mitinq keçirmək elə də effekt vermir. R.Daşdəmirli hesab edir ki, indiki vəziyyətdə mitinq təşkil etmək daha çətindir: “Müsavat bizim bildiyimiz qədər köhnə Müsavat deyil. Partiya indi çətin durumdadır. ADR Hərəkarı və “Ağ” Blokun partiyadan ayrılmaları Müsavatı zəiflədib. Əvvəllər də Müsavat Partiyasının “Məhsul” stadionunda mitinq keçirdiyini görmüşük. Belə mitinq keçirməkdənsə, keçirməmək yaxşıdır. İndi yaydır və havalar çox isti keçir, insanların əksəriyyəti də Bakıda yoxdur. İnsanlar öz başlarının hayındadırlar, hərə bir tikə çörək üçün çalışır. Kimi dindirirsən “Cəhənnəmə ki, nə olacaq? Mən balalarımı düşünürəm”, - deyir. Manat “ölüb”, “ölə-ölə” də gedir, ərzaq məhsullarının qiymətləri iki dəfə artıb. Belə vəziyyətdə mitinqdə çoxlu sayda insanın iştirak edəcəyinə inanmıram. Partiyalar arasında mitinqdən danışanların sayı yox dərəcəsindədir. Siyasi qüvvələr arasındakı vəziyyət də ürəkaçan deyil. İnanmıram ki, mitinqdə kütləvilik olacaq. Allah köməkləri olsun, amma elə etsinlər ki, kütləvi olsun”.

“Partiyalarla məsləhətləşmələr aparılacaq”

Müsavat başqanının müavini Elman Fəttah “Cümhuriyət”ə bildirib ki, partiya planlı və proqramlı formada kütləvi mitinqlərə başlayacaq. E.Fəttah bu barədə digər müxalifət partiyalarla da məsləhətləşmələrin aparılacağını deyib: “Müsavat Partiyasının avqustun 29-da keçirilən iclasında kütləvi mitinqlərə başlanılması barədə qərar qəbul olunub, Mitinq Komitəsi də yaradılıb. Partiyamız sentyabr ayı ərzində mitinq, yaxud yürüş-mitinqlər keçirməkdə qərarlıdır. Nümayişlərin tarixini müəyyən etməməkdə məqsədimiz budur ki, digər siyasi qüvvələrlə də məsləhətləşmələr olsun. Birlikdə keçirilməsinə cəhd edəcəyik. Bu olmasa da Müsavat Partiyası özü sentyabr ayı ərzində kütləvi aksiyalar keçirəcək”.

“Müxalifətin son mitinqlərində cəmi 200 nəfər iştirak etmişdi”

Ağ Partiyanın sədri Tural Abbaslı “Cümhuriyət”ə deyib ki, 2013-cü ildən hakimiyyət müxalifətə icazəli mitinq keçirməsi üçün kiçik “Məhsul” stadionunu ayırıb. T.Abbaslı qeyd edib ki, hakimiyyət müxalifətə daha geniş arenalar, məsələn, yürüş-mitinqləri keçirmək imkanları vermir: “Azərbaycan kimi dövlətlərdə mitinqlərdə kütləvilik yaratmaq önəmlidir. Amma bu gün ölkədə normal mitinq keçirmək atmosferi yoxdur. Siyasi partiyalar irimiqyaslı mitinq təşkil etmək gücündə deyillər.

Nümayişlərin olması üçün insanların əhval-ruhiyyəsini tənzimləmək, cəmiyyətin mübarizə ruhunu qaldırmaq lazımdır. Bu işləri gördükdən sonra mitinqlərə başlanılmalıdır. Təəssüf ki, müxalifətin son mitinqlərində cəmi 200-400 nəfər iştirak etmişdi. Bu rəqəmlərlə mübarizə aparmaq olmaz. Əksinə bu, müxalifəti olduğundan da zəif göstərəcək. Mitinq etmək naminə mitinq lazım deyil, bunun bir proqramı olmalıdır. Bu gün hələlik normal mitinq keçirmək gücündə olan siyasi qüvvə də yoxdur, atmosfer də”.

Mənsur





Həftənin ən çox oxunanları