Yuxarı

“Əhalinin əksər hissəsi bankların girovudur”

“Əhalinin əksər hissəsi bankların girovudur”

“Kasıb üçün 10 qəpiyin də dəyəri var. Kasıb üçün 100 ABŞ dolları böyük puldur. 1000 AZN pul görəndə kasıbın gözünə işıq gəlir, dili tutulur az qalsın. Çünki, ehtiyacı var, xəstəsi var, min bir yerə xərcləməyə dərdi var. Bu problemlərin fonunda o kasıblar hər gün oxuyur ki, Azərbaycan Beynəlxalq Bankından 8 milyard manat oğurlanıb və ofşor zonaya göndərilib, bankın müdiri 5 milyard oğurlayıb, bankın müdiri sürücüsünün bank kartına bir neçə milyon pul qoyub, maliyyə nazirliyi onlarla şərik olub, Hesablama Palatası filan icra hakimiyyətində, filan dövlət idarəsində, nazirliyində və komitəsində külli miqdarda yeyinti və əsaslı xərcdən kənara çıxmalar aşkarlayıb”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, əhalinin əksər hissəsi banka borcludur, yəni bankların girovudur:

“Əgər ölkənin yarıdan çoxu kasıbdırsa və məmurlar tərəfindən bu qədər milyardlar oğurlanırsa, ölkə necə düzələ bilər? Əgər milyardları oğurlayıb yeyənlər, və yaxud onlara oğurlamağa şərait yaradanlar hələ də əlini-qolunu uzadıb gəzirsə, xalq hökumətə necə inansın? Hanı o dəmir yumruq ki, oğurlanan pulları geri qaytarsın? Hanı o sərt yumruq ki, dövlət büdcəsini talayanların oğurladıqlarını bir-bir gözlərindən gətirsin?

Əhalinin əksər hissəsi banklara borcludur, yəni bankların əsiri və girovudur. İnsan borc götürüb ki, problemini həll etsin, nəticədə ikiqat ziyanla krediti geri qaytarmalıdır. Çünki, əlini-qolunu sallayıb gəzənlər, xalqın milyardlarla pulunu götürüb özlərinin dədə malı kimi xərcləyib və digər ölkələrə çıxarıb. Bu dözüləsi hal deyil. Əgər hökumət vətəndaşının problemini həll etməkdə acizdirsə, o zaman layiq olduğu statusa keçsin. Necə ola bilər ki, on milyarda yaxın vəsait oğurlansın və ancaq biznesmenlər cəzalandırılsın? Hanı yüksək-çinli dövlət məmurları, nazirlər, səlahiyyətli şəxslər? Onlar niyə yaxasını kənara çəkir? Onların iştirakı və marağı olmasaydı, bir dollar belə ölkədən kənara çıxa bilməzdi”.

AXCP sədri sonda “daşı daş üstünə qoyan kimi, ya bələdiyyə, ya da icra nümayəndələri, ya da polis kasıbın başının üstünü kəsdirir. Amma, qanunsuz göydələnlər tikilir, qanunsuz zavod və fabriklər tikilir, min hektarlarla torpaqlar qanunsuz olaraq ələ keçirilir, Xəzər dənizi başaboy hasarlanır, amma bundan heç kimin xəbəri olmur. Xalqı nağıllarla uyutmaq olmaz artıq. Hər şey görünür, bilinir və susulur. Amma, xalq susmayacaq, biz susmayacağıq. Xalqa zülm edənlər, xalqın malını dağıdanlar ən sərt cəzanı alacaqlar. Güzəşt və amnistiya olmadan. Bir illik diktatura hesabına əmələ gəlsə belə. Xalq və millət naminə” - deyə vurğulayıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları