Yuxarı

Mitinq şousu: Əli Kərimlinin təxribatçı planı

Mitinq şousu: Əli Kərimlinin təxribatçı planı

Vüsal Qarayev: “Xalq dəstək verməyəcək”

“Yurd” funksioneri Sahib Kərimov Milli Şuranın 11 sentyabr mitinqini “imitasiya” adlandırıb. S.Kərimov hesab edir ki, bu, Milli Şuranın müxalifətçilik oyunudur: “11 sentyabra təyin olunmuş mitinq mübarizənin bir imitasiyasıdır. Hamı bilir ki, hökumət referendumu sıfır problemlə keçirmək istəyir. Görüntü bundan ibarətdir”.

Xalqı müxalifətdən diksindirmək

Sonuncu dəfə 2015-ci ilin may ayında “Məhsul” stadionunda piket keçirən Milli Şura - “Yurd” birliyi uzun müddət idi ki, ortalıqda görünmürdü. Özünü reklam, imitasiya ilə də diqqəti cəlb etmək üçün real zəmin də yox idi. Hakimiyyətin Konstitusiya dəyişikliyini nəzərdə tutan 26 sentyabr referendumu isə Milli Şura və Əli Kərimliyə hərtərəfli imkan yaradır. Lakin keçən 2 ilə yaxın müddət ərzində ölkədə 2 kəskin devalvasiya və bununla əlaqədar soyğunçu bahalaşma oldu. Milli Şura və “Yurd” ortalıqda görünmədi. Halbuki Əli Kərimli və Milli Şura yalançı müxalifət olmadığını sübut etmək üçün bu ərəfələrdə ortalıqda görünməli, xalqın yanında olmalıydı. Etmədi. Çünki hər iki qrupa nəzarət edən Əli Kərimli bilirdi ki, rayonlarda total sosial-iqtisadi böhrana qarşı başlamış etiraz nümayişləri vaxtı mitinq qərarı vermək ölkədə xaotik vəziyyət yaradacaq. Bu nə Əli Kərimliyə, nə də hakimiyyətin işinə yarayırdı.

İqtidardan göstəriş alan “Yurd” sədri susdu, Milli Şuraya da “sakit ol” əmrini verdi. Özünü müxalifət olduğunu göstərmək adına imitasiya da etmədi. Çünki bu dəfə Əli Kərimli səsini çıxarmamaq üçün hakimiyyət dairələrindən pul almışdı. İndi də imitasiya edir ki, cəmiyyət “müxalifət” görsün. Cəmiyyətd ciddi etirazlar var. Belə bir məqamda da ölkədə etirazlar başlaya bilər və bunun qarşısının alınması üçün Əli Kərimli hakimiyyətlə birlikdə Milli Şura proyektini yenidən işə salıb. Buna görə də “Yurd” sədri kiçik “Məhsul” stadionunun “əsl mübarizə meydanı” olduğunu deyir və 9 milyonluq xalqı 22 nəfərlik stadiona çağırır. Başa düşür ki, heç kəs gəlməyəcək və xalq bir daha “Azərbayacanda müxalifət yoxdur” nihilizminə inanacaq və susacaq.

Əli Kərimlinin təxribat planı

Referendum Əli Kərimliyə özünü “real müxalifət” kimi göstərmək imkanı da verir. Məlumdur ki, AXCP-nin hüquqi təmsilçiliyini itirdikdən sonra o faktiki olaraq gündəmdən düşdü, üstəgəl bundan əvvəl Milli Şura parçalanmışdı. Əlində yalnız QHT olan “Yurd” qaldı. Ara-sıra verdiyi açıqlamalar və müavinlərini təxribata çəkərək həbs etdirməklə gündəmə gəlsə də bu, qısamüddətli olurdu. İndi o, özünü “müxalifət” kimi göstərmək üçün mitinq keçirməkdə maraqlıdır və buna görə də 11 sentyabr mitinqi imitasiyadır. Digər yandan bu mitinq və mitinqə çağırış edənlər “Yurd” sədrinə əlavə maddi gəlirlərin qazandırılması deməkdir. Bəllidir ki, Əli Kərimli ətrafında və rəhbərlik etdiyi qruplardan baş verən həbslərə görə, səfirlik və xarici dövlətlərin buradakı korpuslarından “siyasi məhbus ailələrinə dəstək” məqsədilə pullar alır. Aldığı pulların böyük bir hissəsini mənimsəyir, kiçik bir məbləği də məhbus ailələrinə verir ki, bununla həmin mənbələrə hesabat verə bilsin. Bu nöqteyi-nəzərdən mitinq ərəfəsində və bundan sonra Əli Kərimlinin təxribata çəkərək həbs etdirəcəyi fəallar olacaq. Milli Şuranın “Məhsul”da keçirilən bütün mitinqlərində belə hallar müşahidə olunub.

“Kütlə meydana çıxmayacaq”

AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev də “Cümhuriyət”ə 11 sentyabr mitinqinin imitasiya olduğunu deyib. V.Qarayev hesab edir ki, mitinq etməmişdən əvvəl xalqın etimadını qazanmaq lazımdır: “Məsələyə real yanaşaq. Xalq bu hakimiyyətdən, vəziyyətdən narazıdır, haqlıdır. Ölkənin iqtisadi durumu bərbad vəziyyətdədir. Kasıbçılıq, işsizlik, bir yandan da bahalıq baş alıb gedir. Lakin yenə də narazı kütlə mitinqlərə qoşulmağı düşünmür. Səbəb isə müxalifətin uğursuz keçmişidir. Hazırda müxalifətin nə ölkədə köklü dəyişikliklər etmək gücü var, nə də xalq gücü, inamı. Bu günə kimi həyata keçirilən mitinqlərin nəticəsi nə olub? Gənclərin həbsləri. O gənclərə mitinqləri keçirənlər kömək edə biliblərmi? Xeyr. Bəs ömrünün ən gözəl çağlarını həbsdə keçirməyin nəticəsi nə olub? Quru bir heç. Yenə həmin hakimiyyət qılıncını sağa da, sola da çapır. Dəyişən heç nə yoxdur. Məhz bütün bunlara görə, bu mitinqi təşkil edənlər özləri də yaxşı bilirlər ki, heç bir nəticə əldə edilməyəcək, kütlə də meydanlara çıxmayacaq”.

“Qərbin sifarişidir”

AXCP yetkilisi hesab edir ki, mitinqi təşkil edənlər bununla Qərbin tapşırıqlarını yerinə yetirirlər: “Elə isə sual çıxır meydana, nəyə lazımdır bu mitinq? Bu suala mən dəqiq cavab verə bilmərəm. Amma bir neçə ehtimalım var. Ən real ehtimal, Qərbin sifarişini yerinə yetirməkdir. Bildiyimiz kimi bəzi müxalifət partiyalarının onları maliyyələşdirən Qərbdən üzərlərinə götürdükləri mükəlləfiyyətləri var. İkinci ehtimal isə, hakimiyyət fəalları zərərsizləşdirmək üçün özü sifariş verib bu mitinqi. İstənilən halda xalq zülm çəkməyə davam edəcək”.

Bəs çıxış yolu nədir? 

Vüsal Qarayev hesab edir ki, çıxış yolu güclənməkdən, mütəşəkilləşməkdən və birləşməkdən keçir: “Daxili intiriqalara son vermək lazımdır. Müxalifət əvvəlcə xalqın inamını qazanmalıdır. Sonra onları aktiv mübarizəyə çağırmaq məntiqli və nəticəli ola bilər. Müxalifət savadlı, geniş dünyagörüşlü gənc fəallarla zənginləşməlidir. Zaman küçədə daş atmaq dövrü deyil. Bu gün bizə savadlı, məntiqli, intellektə söykənən mübarizə lazımdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları