Yuxarı

“Yurd” sədri mühacir biznesini öz əlində cəmləyir

“Yurd” sədri mühacir biznesini öz əlində cəmləyir

Əli Kərimli Müsavatı “bazardan” sıxışdırır

Sentyabrın 11-də Strasburqda azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının - “Azərbaycan Naminə Demokratiya”nın (AND - “Azerbaijan Needs Democracy”) təsis iclası keçirilib. İclasda mühacirətdə olan azərbaycanlı siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər. Milli Şuranın sədri Cəmil Həsənli və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da iştirakçılar arasında olublar. AND təsisçiləri hələlik qurum və onun tərkibi, təşkilatın proqram və vəzifələri barədə məlumat verilməyib.

Cəmil Həsənlinin iclasda iştirakına diqqət çəkən bir sıra mənbələr qeyd edirlər ki, AND Azərbaycanda mühacir biznesinin mərkəzi olacaq. Mərkəzə - mühacir biznesinə kimin rəhbərlik edəcəyinə gəlincə, qeyd olunur ki, təşkilatın yaradılması təşəbbüsü “Yurd” sədri Əli Kərimlidən gəlib. Bildirilir ki, Əli Kərimli mühacir biznesini Müsavat Partiyasından almaq üçün ciddi-cəhdlə yeni planlar üzərində işləyir, AND-in təsis olunması da bu işin əsas hissəsinə daxildir.

Müsavatın mühacir biznesi 

Məlumdur ki, Əli Kərimliyə qədər mühacir biznesi ilə Müsavat Partiyası məşğul olub. İsveçdə yaşayan azərbaycanlı jurnalist Elibəyi Həsənli də bununla bağlı ciddi faktlar açıqlamışdı. Mühacir biznesinin başında Müsavat rəhbərliyi - başqan Arif Hacılı, müavini Gülağa Aslanlı, həmçinin funksionerlər - Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl (Sabunçu rayon təşkilatı), Vaqif Davud (Oğuz rayon təşkilatı), Nemət Kərimli (Binəqədi rayon təşkilatı) və digər rayon təşkilatlarının sədrləri dayanırdı. Müsavat rəhbərliyinə bu işdə Avropada mühacirətdə olan azərbaycanlılar - Əli Ağayev, Eldəniz Yusibov, Yusif Abiov və Qabil Rzayev yardım edirdilər.

Qeyd olunurdu ki, həmin şəxslər Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropoya “müsavatçı” ixrac edirlər. Müsavat rəhbərliyi Avropadan sığınacaq almaq istəyənlərə partiya biletini 500 manata, mühacir arayışını isə 6000 manata verirdi.

Milli Şuranın mitinqlərində təxribat planı

Görünən budur ki, Əli Kərimli artıq əzəli rəqibinin əsas gəlir mənbəyi olan biznesinə əl qoymaq qərarı verib. Milli Şura və “Yurd”un keçirdiyi mitinqlərə Müsavatın yaxın buraxılmamasında da bu özünü göstərir. Hesab olunur ki, müxalifət və cəmiyyətin narazılığına səbəb olan hakimiyyətin təşkil etdiyi referendum (Konstitusiya dəyişikliyi) Əli Kərimliyə mühacir biznesindən gəlir əldə etmək üçün münbit şərait yaradır. Gələn məlumatlara görə, Milli Şuranın növbəti mitinqlərində (17 və 25 sentyabr) bu məqsədlə süni təxribatın törədilməsi gözlənilir. Bildirilir ki, saxta partiya bileti və mühacir arayışı verilmiş şəxslər təxribat törədərək, polisin mitinqə müdaxiləsinə zəmin yaratmağa çalışacaqlar.

600 manatlıq bilet, 7000 manatlıq arayış

“Yurd” sədri xeyli əvvəl mühacir biznesi işinə girişmişdi, onun Avropadakı yeni biznesinin əsas qurucucu Fransada yaşayan, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahiddir. Avropada yaşayan soydaşımız Fuad Ağayev Əli Kərimlinin başqa bir adamı, Türkel adlı şəxsin səs yazısını da redaksiyamıza təqdim etmişdi və bildirmişdi ki, o, Əli Kərimlinin Avropada saxta işlərini həyata keçirməsilə tanınır: “Türkel Əli Kərimlinin “pul sayğac”larından biridir. Bu insan Avropaya qanunsuz adam daşımaqla məşğuldur. Hazirda Almaniyada yaşayır. Əli Kərimlinin “Yurd”unun üzvüdür”.

“Cümhuriyət”in əldə etdiyi məlumata görə, Əli Kərimlinin Azərbaycandan Avropa ölkələrində siyasi, həmçinin “qaçqın” statusuyla sığınacaq istəyənlərə “yardım” etdiyi barədə sənədlər var. Həmin sənədlərə əsasən, Azərbaycanın nüfuzlu turizm şirkətlərindən biriylə əməkdaşlıq edən Əli Kərimli bu biznesinin daha da genişləndirilməsi üçün AND təsis edib. Strasburqda qurulmuş bu təşkilat həmin turizm çirkəti ilə birlikdə işləyəcək. AND bu baxımdan Əli Kərimlinin mühacir biznesinin bir mərkəzdən idarə olunmasına imkan yaradacaq. Saxta partiya bileti (AXCP adına) və arayışların qiymətlərinə gəlincə, mənbə qeyd edir ki, bilet üçün 350-600 manat arası dəyişən qiymətlər (bu şəxsin nüfuzuna görə dəyişir), arayış üçün isə 7000 min manat qiymət nəzərdə tutulub.

Müsavatla ipləri tamamilə qıran Əli Kərimli bu sahəni də ələ keçirməklə əzəli rəqibinə ən ağır və öldürücü zərbəsini vurdu. Parçalanma dövrünü yaşayan Müsavatın əsas gəlir sahəsindən də məhrum olması, partiyaya çətin günlərini yaşadacaq. “Yurd” sədri bu nöqteyi-nəzərdən məsələyə həm də Müsavatın tamamilə siyasi səhnədən çıxarılması vasitəsi kimi də baxır.

Mənsur





Həftənin ən çox oxunanları