Yuxarı

Milli Şuranın xalqa “ayı xidməti”

Milli Şuranın xalqa “ayı xidməti”

Əli Kərimlinin ətrafında Taleh Bağırzadə tərəfdarları və “yurd”çu libasına bürünmüş Gülənçilər meydan sulayır

Milli Şuranın sentyabrın 11-də “Məhsul” stadionunda keçirdiyi mitinq ətrafında müzakirələr bitmək bilmir. Mitinq təşkilatçıları nümayişə 10 minə yaxın adamın qatıldığını iddia etdiyi halda, digər mənbələr meydanda cəmi 3 min nəfərin olduğunu bildirirlər. Üstəgəl sentyabrın 17-nə mitinq təyin edən Milli Şura növbəti nümayişin daha izdihamlı keçəcəyinə ümid edir.

Hakimiyyət Əli Kərimliyə niyə meydan verdi?

Milli Şuranın mitinqləri barədə müzakirələr bununla bitmir. İşin ilginc tərəfi hakimiyyətin çox asanlıqla şura və “Yurd” sədri Əli Kərimliyə Konstitusiya dəyişikliyini nəzərdə tutan referenduma etiraz etmələrinə razılıq verməsidir. Hələ birinci mitinq üçün Milli Şura Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəndə şəhər meriyası buna etiraz etmədi. Əlbəttə, bu, İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun öz razılığı deyildi, əmr yuxarıdan gəlmişdi, hakimiyyətin siyasi dairələrindən. İqtidarın Əli Kərimli və Milli Şuraya etiraz meydanı verməsinə gəlincə, bu iki amillə bağlıdır və hər ikisi də hakimiyyətin öz maraqlarına xidmət edir. Əlbəttə, burada Əli Kərimlinin də öz qazancı var. Mitinqlər təşkil etmək müqabilində siyasi dairələrdən onun üçün 100 min dollar maddi vəsait ayrılıb. Həmin 100 minin 30 mini mitinqlərə xərclənəcək, yerdə qalan 70 min dollar isə Əli Kərimlinin şəxsi büdcəsində qalacaq.

Birinci faktor

Milli Şuraya mitinq üçün rahat və təhlükəsiz şəraitin yaradılmasında rol oynayan 2 faktora gəlincə, birincisi bu, hakimiyyətə Qərbin siyasi institutlarına sübut etmək imkanı verir ki, referendumqabağı ölkədə demokratik mühit tam bərpa olunub. Müxalifətə təzyiqlər olunmur. Yəni, hakimiyyət göstərmək istəyir ki, müxalifətə də öz etirazını bildirmək, öz təkliflərini çatdırmaq imkanı verilir. Əlbəttə, belə bir mühitin yaradılması Qərbdən hakimiyyətə olan təzyiqləri azalda bilər. Ən azından müxalifətin bir sıra partiyaları referendumdan əvvəl hakimiyyətdən buna görə, Avropa və ABŞ-a şikayət etməyəcəklər. Şübhəsiz ki, bu kimi faktorlar baxımından mitinqlər hakimiyyətin əlinə oynayır.

İkinci faktor

İkinci amilə gəlincə, Milli Şuradan əvvəl Müsavat Partiyası mitinq qərarı vermişdi. Milli Şuranın mitinq keçirəcəyi bundan sonra bilindi. Hakimiyyət bilirdi ki, Əli Kərimlinin fəaliyyətinin dominant olduğu Milli Şura heç bir halda Müsavatın mitinqinə dəstək verməyəcək. Belə də oldu. Müsavat rəhbərliyinin birgə mitinq təklifinə “Yurd” və Milli Şuradan rədd cavabı gəldi. Ayrı-ayrı tarixlərə mitinq qərarı verən siyasi qurumlar bununla barışığa getməyəcəklərini nümayiş etdirdilər. Buradan çıxan başqa nəticə isə budur ki, Milli Şura və Müsavat sanki, referenduma etiraz etmirlər, meydana nə qədər adam çıxaracaqlarının yarışına çıxıblar. Əlbəttə, bu məsələ indiki situasiyada gündəmdə referendum müzakirələrini unutdurub, indi ictimai rəydə “Məhsul”da Müsavat - Milli Şura qarşıdurmasından daha çox bəhs olunur. Milli Şura və “Yurd”a yaxın nəşrlər 11 sentyabr mitinqi üçün şişirdilmiş rəqəmlər yazmaqla Müsavat qarşısında əzələ nümayiş etdirirlər və ayın 17-də keçiriləcək mitinqin daha izdihamlı olacağı mesajını verirlər. Müsavat da buna qarşı öz oyunlarını oynayır. Hakimiyyətə də bu lazımdır ki, cəmiyyətin və demokratik düşərgənin diqqəti yayınsın. Hər iki siyasi qurumun başlatdığı mitinq oyunu buna imkan yaradır. Hakimiyyət də buna görə, mitinqlərin davamlı olmasında maraqlıdır.

Əli Kərimli meydana kimi çıxaracaq?

İndi əsas diqqət yönəlib, Milli Şuranın sentyabrın 17-də “Məhsul”da baş tutacaq növbəti mitinqinə. Gündəmin əsas müzakirəsi də bununla bağlıdır, referendumla yox. İqtidar mediası da intensiv formada bu işin təbliğatıyla bağlıdır. Düzdür, iqtidara yaxın nəşrlərin fəaliyyəti daha çox əks-təbliğat üzərində qurulub, amma bu da cəmiyyətin diqqətini əsas hədəfdən yayındırmağa xidmət edən reklam vasitəsidir. Əli Kərimli və Milli Şuranın ayın 17-də meydana hansı kəsimin dəstəyilə çıxacağına gəlincə, sentyabrın 11-dəki mitinqdə stadionda daha çox ilahiyyatçı Taleh Bağırzadə (Hacı Taleh) tərəfdarları və “yurd”çu libasına bürünmüş Fətullah Gülənin adamları göründülər. Hacı Talehin olan tərəfdarları onun həbsinin sifariş olduğunu iddia edirlər və hakimiyyətə etiraz üçün Əli Kərimlinin mitinqlərinə qoşulurlar. Gülənçilərə gəlincə, təsadüf deyil ki, Əli Kərimliyə mitinq üçün 100 min dolların ayrılması faktı açıqlanıb. Bunu hansı dairələrin verməsi açıqlanmasa da diqqət Pensilvaniyada yaşayan FETÖ lideri Fətullah Gülənə dikilib. Bu nöqteyi-nəzərdən Gülənin Əli Kərimli vasitəsilə təşkil etdiyi bu mitinqə FETÖ-nün Azərbaycandakı uzantılarının iştirakı gözlənilən idi. O da təsadüf deyil ki, meydandakı elektoratın əsas hissəsini təşkil edən dindarlara Əli Kərimli yarım saatlıq çıxışında dəfələrlə təşəkkür etdi.

Bu da onu göstərir ki, millətin demokratik kəsiminin inamını tamamilə itirən Əli Kərimli və Milli Şuranın ümidi radikal dindarlara və əlaqələri olan FETÖ-çülərə qalıb. Ona görə yenə də sentyabrın 17-də demokratik düşərgənin dəstəyindən məhrum olan Əli Kərimli radikal və aqressiv dini kəsimin dəstəyinə ümid edir.

Mənsur





Həftənin ən çox oxunanları