Yuxarı

AXCP-nin sədr müavini: “Əli Kərimli riyakarlığını sübut etdi”

AXCP-nin sədr müavini: “Əli Kərimli riyakarlığını sübut etdi”

“Hər kəs yaxşı bilir ki, Əli Kərimli sonuncu mitinq şousu ilə ona verilən missiyanı uğurla başa çatdırmış oldu. Həmişəki kimi yenə də xalqın və müxalif düşərgənin birliyindən sui -istifadə etdi. Yenə də "həbs etdirmək" siyasətini işə salaraq bir neçə gənci həbsə atdırdı”. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Ehtiram Mehtiyev deyib.

E.Mehtiyev bildirib ki, ölkədə sosial-iqtisadi vəziyyətin gərgin olduğu bir zamanda şəxsi ambisiyalarını xalqın mənafeyindən üstün tutan “Yurd” sədri özünün necə bir riyakar, satqın və saxta müxalifətçi olduğunu bir daha sübut etdi:

“Bu gün hər kəs bir daha əmin oldu ki, məhz Əli Kərimlinin Milli Şurası xalqın ən çətin məqamlarında belə müxalifətin bir araya gəlməsinə imkan vermədi. Hətta 18 sentiyabr tarixinə mitinq müraciəti ola-ola sentiyabrın 17-nə mitinq təyin edib Müsavatın mitinqini fiaskoya uğratdı. Bu azmış kimi sentiyabrın 24-nə mitinq müraciətini ləğv etdilər. Gedişat onu göstərdi ki, Yurd sədri bütün məqamlarda iqtidara növbəti "pasını ötürdü". Çünki belə mitinq xalqa deyil, birbaşa iqtidara lazım idi.

“Yurd” sədrinin bir neçə sifəti olduğunu hamı yaxşı bilir. Mitinqdə əzbərlənmiş, pafoslu və radikal çıxışlar, "Əli bəy" şüarları, Kərimlinin özünə vurğunluğu, gülüşü xalqın problemlərindən çox-çox uzaq idi. Adam bir yandan Qərbə və ona bağlı təsisatlara işləyir, digər yandan dini rejim qurmaq üçün insanları dövlətçiliyə qarşı çıxmağa çağırırdı. "Biz dini çağırışlara dözümlə yanaşmalıyıq", "İmkan verməliyik ki, inanclı insanlar öz mövqeyini ifadə edə bilsinlər", "Rejimə qarşı hər kəs, o cümlədən dindarlar da biləşməlidir" kimi bəyanatlar Əli Kərimlinin "sifət dəyişkənliyi"nin daha bir ifadəsidir. “Yurd” sədri bununla cəmiyyətdə itirilmiş etimadını inanclı insanların hesabına geri qaytarmaq istəyir və özünü dindarların qarşısında "molla" kimi göstərirdi.

Düşünürəm ki, bütün maskaların cırılması üçün hakimiyyətin mitinqə icazə verməsi çox düzgün qərar idi. Hakimiyyət konstitusiyaya söykənərək və hər kəsin sərbəst toplaşmaq azadlığı mövcudluğunu nəzərə alaraq növbəti qələbəsini elan etdi. Və bu qələbədə Əli Kərimlinin əvəzsiz rolu oldu”.





Həftənin ən çox oxunanları