Yuxarı

Əli Kərimlinin “müqəddəs” missiyası

Əli Kərimlinin “müqəddəs” missiyası

“Yurd”- Müsavat qarşıdurması davam edir

Kərimli pul xərcləmək istəmədi

Milli Şuranın ardıcıl olaraq 11-17 sentyabrda təşkil etdiyi mitinqlərdən sonra, növbəti aksiya vaxtı 24 sentyabra təyin olunmuşdu. Müsavat Partiyası da həmçinin 18 sentyabrda keçirdiyi mitinqdə Milli Şuranın 24 də keçirəcəyi mitinqdə birbaşa dəstək veriləcəyini  bəyan etdilər. Ancaq məsələ gözlənilən kimi olmadı. Yenə də ənənəvi müxalifət öz oyunu oynadı və narazı elektoratı yarı yolda qoydu.

“Yurd” və Müsavat hər zaman olduğu kimi yenə də protest elektoratını böldülər. “Yurd”un mitinqi təxirə salması isə əslində gözlənilən idi. Çünki artıq Əli Kərimli öz havadarlarından aldığı tapşırıqları tam mənada yerinə yetirib və artıq növbəti aksiyalara (pul xərcləməyə) ehtiyacı yoxdur.

Əslində keçirilən bu mitinqləri “Yurd” və Müsavat qarşıdurması kimi də xarakterizə etmək olar. Hər zaman olduğu kimi yenə də ənənəvi müxalifət təmsilçiləri kürsüyə çıxaraq şablon çıxışlarını etdilər və dağılışdılar. Nəticə isə göz qabağındadır. Hər zaman olduğu kimi bu dəfə də qazanan “müxalifət”, itirən xalq oldu. Bununla da Əli Kərimli öz referendum missiyasını başa vurmuş oldu. Əslində bu mitinqlərin elə bu sonluqla nəticələnəcəyi hər kəsə öncədən bəlli idi.

Ən azından uzun illərdir “demokratik” yolla “Yurd”un sədr postunu işğal edən bir şəxsin təşkil etdiyi mitinqlərin nəticələrini hər kəs görüb. Bunun da digərlərindən heç bir fərqi olmadı.

Zaman-zaman “Yurd”-Müsavat qarşısdurmaların da şahidi olurduq. Ancaq bu dəfəki qarşıdurma bibaşa olaraq demokratiya adı altında xalqın üzərinə oynanan oyun oldu. Bu mübarizənin tarixi çox qədimdir. 2013-cü il prezident seçkilərində də yaranan bu qarşıdrumanın səbəbi “vahid namizəd” olmaq idi. Bu da onların havadarlarından gələn tapşırıq idi.

Həmin dövrlərdə “Bayıl” stadionunda birləşmiş müxalifət adı altında keçirilən mitinqlərində yaratdığı “effekti” hər kəs gördü. O, dövrlərdə də “Yurd”-Müsavat qarşıdurmaları açıq şəkildə görünürdü. İsa Qəmbər çıxış edərkən “yurd”çular Əli bəy, Əli Kərimli çıxış edərkən isə əksinə müsavatçılar İsa bəy qışqırırdılar. Ən maraqlısı isə o idi ki, bütün bunların hamısı öncədən funksionerlər tərəfindən təşkil olunurdu.

Bu ona görə edilirdi ki, meydanın “ağası”nın kim olduğunu hər kəs görsün. Bütün bunlar o dövrdə də var idi, indi də var. Əgər ənənəvi müxalif liderlər öz postlarında qalsalar hələ gələcəkdə də olacaq.

Bu gün də “Yurd”un və Müsavatın təşkil etdikləri mitinqlər mahiyyətcə o dövrlərdə olanlardan fərqlənmir. Çıxış edənlər eyni, səslənən fikirlər eyni. Keçirilən mitinqlərin arasında yalnız bir fərq var. O, da mitinqlərin adlarıdır. Fərqli adlarla eyni funsiyanı yerinə yetirən ənənəvi müxalifət liderləri artıq cəmiyyəti aldada bilmirlər. Çünki cəmiyyət artıq kimin kim olduğunu çox gözəl başa düşür.

“Yurd” sözündən qaçdı

Əli Kərimli Milli Şuranın 24 sentyabra təyin etdiyi mitinqin ləğv olunmasına münasibət bildirərkən də əslində Müsavatla qarşıdurmasına işarə edib. Belə ki, Kərimli “biz mitinq qərarı verməmişik, kimsə öz arzularını dilə gətirib, xülyalar quraraq bizim mitinqə dəstək vermək istəyib.

Biz mitinq qərarı versəydik, bunu 17 sentyabrda mitinq iştirakçıları qarşısında bildirərdik”. Milli Şuranın mitinqinə dəstək verdiyini deyən yeganə şəxs Müsavat Partiyasının başqanı Arif Hacılı olub. Əli Kərimlinin bu sözləri də birbaşa olaraq onun bostanına atılan daşdır.

Ancaq qeyd edək ki, Milli Şura 24 sentyabrda mitinq etmək istəklərilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Bu da mitinq qərarının olmasının və sonradan  təxirə salınmasının bir sübutudur.

Əli Kərimli-Arif Hacılı qarşıdurması hələ uzun müddət davam edəcək. Çünki Əli Kərimlinin missiyası etirazçı toplumu hədəfdən yayındırmaq və onları daxili qarşıdurmalara sövq etmək idi. Təbii ki, Əli Kərimli Müsavatı və Arif Hacılını “pat” vəziyyətində qoymaqla əlinə düşən fürsəti itirmədi.

Zatən xalqın taleyi onunçün maraqlı deyildi və əsas missiyası da xalqın etirazçı kəsiminin istiqamətini daxili çəkişmələrə yönləndirmək idi. Amma onu da qeyd etmək yerinə düşər ki, Arif Hacılıya olanlar da özünün haqq etdikləridir. Əli Kərimlinin “müxalifətçi pasportu”na ehtiyac duyduğundan ona yarınmaq istəyində bulunan, həqiqəti söyləməkdən çəkinən adamın - o adamın ki siyasətlə məşğuldur-, aqibəti bu olmalıdır.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları