Yuxarı

AXCP sədri Razi Nurullayevdən xalqa mübarizə çağırışı

AXCP sədri Razi Nurullayevdən xalqa mübarizə çağırışı

“Çox təəssüf ki, referendumun keçirilməsini əngəlləyə bilmədik. Təbii ki, qüvvələr nisbəti çox fərqlidir. Hakimiyyətin əlində bütün inzibati resurslar var. Müxalifətin  imkanları isə əslində daha geniş və güvənlidir. Bu da xalqın dəstəyidir. Əfsuslar olsun ki, xalqın da dəstəyi yetərli deyil”. Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Onun sözlərinə görə, hazırki durumda əsas günahkar xalq yox,  siyasətin adiləşməsində və müxalifətə inamın qırılmasında rol oynamış şəxslərdir: “Xalq ayaqlansa, yəni gələcəyə inansa və etiraz etsə, heç bu qədər də çətinliklər yaşamazdıq. Xalq seçkini də boykot etdi. Bəziləri üçün bu, düzgün qərardır, bəziləri üçün sevindiricidir, bəziləri üçün isə imkandır. İmkan hakimiyyət üçündür. Seçici səsverməyə gəlməyəndə, inzibati üsullar işə düşür və bu da yalnız hakimiyyətin maraqlarına cavab verir. Boykot düzgün qərar deyil. Əgər xalq bir nəfər kimi seçki məntəqələrinə axışsa və sonra da verdiyi səsə sahib çıxsa, nə saxtakarlıq olar, nə də buna cürət edənlər”. AXCP sədri hesab edir ki, hakimiyyət bu səsvermə ilə istəyinə nail oldu: “Referendum keçirildi və YAP istədiyi nəticəni aldı. Bu təbii ki, bizlər üçün bir faciədir. Amma baş vermiş faciəyə də illərlə yas tutmaq bizə düşməz. Nə yaş senzinin götürülməsi, nə də prezidentlik müddətinin 7 ilə qaldırılması  bizim üçün faciə olmalıdır. Dünyanın sonu deyil. Gün doğmadan nələr doğar. Konstitusiya yenə də dəyişdirilə bilər, prezidentlik müddətsiz ola bilər, amma xalqın seçimi yox. Biz də planlarımızı xalqın istək və arzuları ilə uyğunlaşdırmağa çalışırıq. Zaman aparsa da, sonunda aydınlıq olacaq”. “Əhalinin sosial durumu ağırlaşacaq” AXCP sədri qeyd edib ki, qarşıdakı seçkilərə hazırlaşmaq lazımdır: “Referendum bitdi, amma bizim sonumuz deyil. Önümüzdə 2018-ci il prezident seçkiləri var. Bu seçkilərdə ciddi revanş götürmək üçün gözəl imkanlar olacaq. Ölkədə ağır sosial durum hökm sürür, banklar quldur fəaliyyətlərini davam etdirir və hakimiyyətin onların sağlamlaşdırılması üçün atdığı addımlar da sabun köpüyüdür. Belə bir vəziyyətdə xalqın narazılığı pik həddə çatacaq. Bundan başqa, hakimiyyətin iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı ilə bağlı atdığı addımların nəticəsi 2019-cu ildən azacıq da olsa görünə bilər. Görünən budur ki, sosial vəziyyət ağırlaşmaqda davam edəcək, neftin qiymətinin 60 ABŞ dollarına çatması belə büdcə boşluğunu doldurmaq və manatı dirçəltmək iqtidarında deyil. Manatın məzənnəsinin sabit saxlanılması üçün böyük pullar havaya sovrulur. Bunu əslində, başa düşmək olar. Əgər bəzi ekspertlərin dediyi kimi, manatı bazarın öhdəsinə buraxsaq, bir dolların real qiyməti dörd manat olar. Bu prosesin baş verməsi insanları diri-diri qəbrə qoymaqdır. Hədəf 2018-ci ilə kimi xalqla daha sıx təmasda olmaq, beynəlxalq təşkilat və güclərin Azərbaycan müxalifətinin gücünə və proqramına inamını artırmaq, növbəti seçkilərdə xalqın bir nəfər kimi iştirakını təmin etmək olmalıdır. Digər vəzifə isə elə indidən hər seçki məntəqəsi üçün ən azı 5-6 sözünü deyə bilən müşahidəçi hazırlamaqdır”. “Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmalıyıq” “Müşahidəçilik institutunun məhv olmaq üzrə olduğunu xatırladan AXC sədri hesab edir ki, onlarsız seçkilərin azad və şəffaf keçməsini təmin etmək çətindir: “Seçki Məcəlləsinin də dəyişikliyə məruz qalması zərurətdir. Mərkəzi Seçki Komissiyasının hazırki tərkibi dəyişməsə çətinliklər qalacaq. Bu vəzifəyə nail olmaq üçün də qarşımızda duran vəzifə Avropa Şurası və Venesiya Komissiyası ilə daha yaxından işbirliyi qurmaqdır. BMT-ni də unutmaq olmaz. Seçki proseslərinə BMT-nin də töhfəsi ola bilər, BMT xətti ilə nələrə nail olmaqla bağlı müzakirələr aparmaq üçün hazırlıq aparılmalıdır. Bu barədə düşünürük və ictimaiyyətə də bu barədə məlumatlar verəcəyik”. “Güclü vətəndaş cəmiyyəti olmadan…” Razi Nurullayevin fikrincə, vətəndaş cəmiyyətinin inkişafına nail olmaq lazımdır: “Vətəndaş cəmiyyəti də çox zəiflədilib. Tutarlı, güclü və qərəzsiz vətəndaş cəmiyyəti olmadan da 2018-ci il seçkilərində nəticə əldə etmək çətin ola bilər. Digər vəzifəmiz vətəndaş cəmiyyətinin üzərində olan maneələrin aradan qaldırılması üçün məsləhətləşmələrin aparılması və bu sahədə beynəlxalq təşkilatlarla daha yaxından əməkdaşlıq etməkdir”.  





Həftənin ən çox oxunanları