Yuxarı

Boykot qərarı siyasi effekt verəcəkmi?

Boykot qərarı siyasi effekt verəcəkmi?

[caption id="attachment_385" align="alignleft" width="308"]Elxan Şahinoğlu Elxan Şahinoğlu: “Qərb parlamentin legitimliyini tanıyacaq”[/caption] “20 ildir boykot qərarları pozitiv nəticə verməyib” Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtina çağırışları artır. Boykot əhval-ruhiyyəli bəyanatları həm seçkilərə qatılan, həm də namizədliyini irəli sürməyən siyasi təşkilatların və bitərəflərin dilindən eşitmək mümkündür. Əgər Milli Şura seçkiyə getməməsini siyasi məhbuslar problemi ilə izah etdisə, ADP-nin geri çəkilməsi ilə bu məsələdə yeni siyasi motivlər ortaya çıxmağa başladı. ADP konkret olaraq, seçkidən imtina qərarını Azərbaycanın Qərblə münasibətlərində soyuqluğun yaranması ilə izah etdi. Bununla da seçki prosesində “Qərb izi və boykot vasitəsilə hakimiyyətə təzyiq” ifadəsi gündəmə gəldi. Yəni ATƏT-in müşahidə,  müxalifətin də iştirak etmədiyi seçki Qərb dövlətləri tərəfindən tanınmaya bilər. İlkin mərhələdə bu məsələ ilə bağlı müxalifətin öz daxilində də vahid mövqe yox idi. Bir qism partiyalar hakimiyyətin yaratdığı bütün bürokratik maneələrə baxmayaraq, seçkinin yaratdığı imkanlara protest elektoratla ünsiyyətin qurmaq və narazı seçici kütləsini öz tərəfinə çəkməyin ən real vasitəsi hesab edir. Bu mövqedən çıxış edən partiya və bloklar nə qədər çətin də olsa seçkilərdə iştiraka siyasi mübarizənin alternativsiz variantı kimi baxır. Həmin mövqedən “Azadlıq-2015” Seçki Bloku, “AĞ blok”, AMİP, BAXCP və s. çıxış edir. Ancaq son günlər müxalifət daxilində seçkinin nəticələrinə yanaşmada siyasi ümidsizliyin artması hiss olunur. Bunun da başlıca səbəbi namizədlərin hədələnməsi, DSK ərazilərində imza toplayan nümayəndələrinin isə təzyiqlərə məruz qalması, hətta döyülməsi və hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə münasibətdə ayrı-seçkiyə yol verilməsidir. Qeyd edilən faktlar, əldə olunmuş müəyyən informasiyalar və hakimiyyətin demokratik seçki keçirilməsi üçün hər hansı vəd verməməsi siyasi çevrələrdə müxalifətsiz parlamentin yaradılmasına hazırlıq getdiyinə dair rəyləri möhkəmlədib. Bu da boykot tərəfdarlarının sıralarını genişləndirir. Çünki hakim partiya özünü alternativsiz hesab edir və seçkinin nəticələrinə “kim daha çox səs toplayıbsa qalibdir” prinsipi ilə deyil, “əlində inzibati resursları və gücü olan qalibdir” prinsipi ilə yanaşır. Digər tərəfdən, Avropa Parlamentinin Azərbaycana sanksiyaları nəzərdə tutan qətnaməsinin tələblərini rəsmi Bakının rədd etməsi seçki prosesinə də öz təsirini göstərməkdədir. İqtidar-müxalifət münasibətləri sferasında siyasi güzəştlərdən imtina edilib və qütbləşmə bir qədər də dərinləşib. Belə olan təqdirdə, şəffaf seçkilərin olmayacağı qənaətinə gələn müxalifət seçkiləri boykot etməklə hakimiyyətə təzyiq rıçaqı qazanmaqla yanaşı, beynəlxalq demokratik təşkilatların da dəstəyini almaq şansı əldə edə bilər. Artıq seçki məsələsində hakimiyyətin islahatçı addımlar atmayacağının fərqindədir. Bu isə seçkilərin nəticələrini bəri başdan şübhə altına almağa əsas verir. AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayevin namizədliyini irəli sürməməsi, Müsavat Partiyasının seçki kampaniyası müddətində seçkilərdə iştirak məsələsini yenidən müzakirə etmək barədə qərarı qeyd edilən fikirlərə misal ola bilər. Hətta son günlər “Azadlıq-2015” bloku seçkilərdə iştirakda israrlı olduğunu bəyan etsə də bu qurumun öz daxilində də mövcud siyasi şərtlər daxilində seçkilərə qatılmağın əhəmiyyətsiz olması barədə fikirlər səslənir. Ehtimal olunur ki, namizədləri qeydə alınmayan blok üzvü boykota üstünlük verəcək. Seçki prosesindən narazılıq edənlərə yalnız müxalifət düşərgəsində deyil, müstəqil namizədlər arasında da rast gəlinir. Bürokratik əngəllərlə üzləşdiklərini deyən müstəqil namizədlər “məyusedici vəziyyətlə qarşılaşdıqlarını” bildirirlər. Seçki kampaniyası dövründə namizədlərə təzyiqlərin artması daha çox gözlənilir ki, bu da onları geri çəkilməyə vadar edə bilər. Amma hələlik seçkilərə pərakəndə münasibət müşahidə olunur. Ona görə də siyasi müşahidəçilər boykot qərarının hansı siyasi effekt verəcəyi üzərində hələ təhlillər aparır. Sözügedən məsələni qəzetimizə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, son 20 ildə belə boykot taktikasından istifadə edən təşkilatlar və hərəkatlar olub. Amma bu cür qərarlar pozitiv nəticəyə gətirib çıxarmayıb: “Bir qrup seçkilərdə iştirak etməsə də bağqa qrup iştirak edir. Bu da parlamentin legitimliyinə səbəb olur. Hesab edirəm ki, siyasi partiyaların məqsədi seçkilərə qatılmaqdır. Adi vaxtlarda müxalifət liderləri insanlarla birbaşa əlaqə yaratmaq, bölgələrə getməyə maneələrlə üzləşirlər. Amma seçki kampaniyası elə bir dövrdür ki, vətəndaşla birbaşa təmasda olmaq imkanı yaranır. Əgər ona problem yaradılırsa, bununla bağlı MSK-ya müraciət etmək imkanı var.sesvermeYəni seçici ilə birbaşa rabitə yaranır, mitinqlər keçirmək, şüarlar səsləndirmək imkanı qazanılır. Əgər boykota üstünlük verirlərsə, bu da bir seçimdir. Ancaq həmin namizədlər bu seçimləri ilə həmin hədəfə çatacaqlarmı? Əgər bütün müxalif siyasi qüvvələr vahid mövqedən çıxış edib boykot etsə, o zaman demək olar ki, seçkidə YAP-dan başqa partiya qalmır və parlamentin legitimliyi şübhə altına düşür. Amma müxalifət rəngarəngdir. Məsələn, Müsavat Partiyasının açıqlaması hakimiyyətə yönəlmiş siyasi mesaj ola bilər ki, “şərtləri dəyiş”. Bütün hallarda düşünürəm ki, Müsavat seçkiyə gedəcək. Müsavat Partiyası aparıcı müxalifət partiyalarından biridir və bu da hakimiyyətə əsas verəcək ki, seçki alternativ rəqabət şəraitində keçib”. Elxan Şahinoğlunun sözlərinə görə, beynəlxalq təşkilatlarıın seçkinin nəticələrindən asılı olmayaraq, Azərbaycan parlamenti ilə əməkdaşlıq etməsi onun legitimliyinin tanınmasından xəbər verir. Ona görə də seçilərin nəticələrinin tanınmaması ehtimalı çox azdır: “Bundan sonra Azərbaycanın Qərblə münasibətlərində müəyyən soyuqluq yaransa da əməkdaşlıq davam edəcək. Mən inanmıram ki, Avropa Parlamenti, ABŞ bu parlamentin legitimliyini tanımayacaq. Əgər Qərb Azərbaycanla əməkdaşlıqda maraqlıdırsa, belə kəskin qərar verməz”. Müxalifətsiz parlamentin formalaşması ilə bağlı fikirlərə gəlincə, politoloq qeyd etdi ki, Milli Məclisin hazırkı tərkibində də real müxalif qüvvələr təmsil olunmur. Özünü konstruktiv müxalifət adlandıran edən bəzi deputatlar isə digər partiyalar tərəfindən ciddi qəbul olunmur: “Əgər indiki parlament öz işini davam etdirə bildisə və heç bir problem yaranmadısa, eyni proses indi də təkrar oluna bilər”. Müşfiq Abdulla  





Həftənin ən çox oxunanları