Yuxarı

Milli Məclisdə qadağalar tələbi

Milli Məclisdə qadağalar tələbi

“Dövlət atrubutları məsxərəyə qoyulur” Dünən Milli Məclisin iclası keçirilib. İclası spiker Oqtay Əsədov giriş sözü ilə açıb. Gündəlikdə 30 məsələnin müzakirə olunması gözlənilirdi. Lakin “Vergi Məcəlləsinə dəyişiklik edilməsi” və “Reklam haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihələri gündəlikdən çıxarılıb. Təklif olunan 28 məsələ müzakirəyə çıxarılıb və səsverməylə qəbul olunub. Dövlət orqanlarında korrupsiya “Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə məqsədilə tədbirlər gücləndirilib”. Bu Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna Azərbaycan prezidenti tərəfindən təklif edilən yeni iki maddədə əksini tapıb. Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov deyib ki, qanuna əlavə edilən yeni 11.1 maddəsində bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən, elektron) və ya şifahi verilə bilər. Maddəyə əsasən, dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında (idarə, müəssisə və təşkilat) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək. Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalara dair məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək. Səlahiyyətli struktur bölmə daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində araşdırıb, nəticəsini məlumat verən şəxsə bildirəcək. Maddə 11.2-də isə korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri, o cümlədən, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir. Maddədə səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir və bu hal baş verərsə, məsuliyyətə cəlbetmə təsbit olunur. Heydər Əliyevin imzasına qadağa tələbi Millət vəkili Elmira Axundova bildirib ki, korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi ölkədə biznes mühitinin inkişafına təkan verir. O, diqqətə çatdırıb ki, korrupsiyaya qarşı mübarizə üçün hansısa qurumun yaradılmasına ehtiyac yoxdur: “Bu işlə məşğul olan kifayət qədər qurum var. Baş prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi də səmərəli şəkildə fəaliyyət göstərir”. E.Axundova çıxışında başqa bir məsələyə də diqqət çəkib, qeyd edib ki, dövlətin atributları, himni, tarixi şəxsiyyətlərin sözləri sosial şəbəkələrdə insanlar tərəfindən məsxərəyə qoyulur: “Məsələn, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, himnimizin sözlərini telefonlara yazırlar. Ulu öndər Heydər Əliyevin imzasını avtomobillərin şüşələrinə vururlar. Bu xoşagəlməz hallardır. Bunlar dərhal aradan qaldırılmalıdır. Heydər Əliyev və himnimizə sevgi ürəklərdə olmalıdır”. Prokurorluğa qarşı korrupsiya ittihamı Millət vəkili Fərəc Quliyev çıxışında yeni təklif irəli sürüb. F.Quliyev bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi Baş Prokurorluqdan alınıb prezidentə verilməlidir: “Qurum prezidenin səlahiyyətinə verilməlidir. Çünki prokurorluq sisteminin özündə də korrupsiya faktı var. Hazırda da ölkədə korrupsiyaya qarşı sərt mübarizə aparılır. Əgər bu qurum prezidentin səlahiyyətinə verilsə, mübarizə daha effektiv olacaq”. Anonim məktub müzakirəsi YAP-dan olan millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna ediləcək dəyişiklik imkan yaradacaq ki, korrupsiya hallarının qarşısı alınsın. O qeyd edib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu işin öhdəsindən uğurla gəlir, bu işlər davam etməlidir: “Korrupsiya halı ilə bağlı məlumatı gizlətmək özü bir cinayətdir. Bunun üçün məsuliyyət müəyyən olunmalıdır. Yalan məlumat verənlərin qarşısı alınmalıdır. Sovet dövründə kimsə hansısa şəxsi yoxlamaq istəyirsə, özü anonim məktublarla müraciətlər edirdi, sonra həmin şəxslə bağlı araşdırmalara başlanılırdı”. S.Novruzov vurğulayıb ki, korrupsiya halı ilə bağlı məlumat verən şəxsin təhlükəsizliyi də əsas məsələlərdəndir. “İdarənin səlahiyyəti artırılsın” Millət vəkili Qüdrət Həsənquliyev çıxışında Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılmasını təklif edib: “Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət göndəriləndə bu şikayət oradan Baş prokurorluğa göndərilir. Əgər biz bu qurumu yaratmışıqsa, yoxlama və istintaq aparılması səlahiyyətini də bu quruma həvalə edək. İdarə və təşkilatlarda yeni struktur bölmə yaradılacaqsa, hazırkı şəraitdə bu, məqsədəuyğun deyil”. “Rüşvət barədə xəbər verənləri dövlət qoruyacaq” Vitse-spiker Ziyafət Əsgərov çıxış edən və təkliflər irəli sürən deputatlara cavab verib. Vitse-spiker deyib ki, korrupsiya ilə bağlı məlumat verən şəxslər dövlət tərəfindən müdafiə ediləcək və qorunacaq. O həmçinin deyib ki, kiminsə kimdənsə xoşu gəlmirsə və bu səbəbdən şəxsi qaralamaq məqsədilə anonim məktublar yazmasının mümkünlüyü bəzi deputatlar tərəfindən qaldırılıb: “Ancaq nəzərə almaq lazımdır ki, bizim qanunvericliyimizdə anonim məktublara baxılmır. Üstəlik şər və qarayaxma halları ilə bağlı Cinayət və Mülkü Məcəllədə nəzərdə tutulur”. İlham Əliyevdən təklif Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik edilib. Layihələr Milli Məclisə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təklif olunub. Dəyişikliklər barədə deputatlara Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Deputat deyib ki, hər iki qanuna dəyişikliklərin kökündə bu kateqoriyadan olan insanlara dövlət tərəfindən təhsil güzəşti nəzərdə tutulub: “AMEA-ya magistraturaya qəbulla bağlı hüquq verilib. Təklif edilən dəyişikliklərə görə, şəhid ailələrinin övladları və valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olan şəxslər AMEA xətti ilə magistraturada təhsil alarkən ödənişli təhsildən azad olunacaq”. Şəhid ailələrinə verilən müavinətlər Millət vəkili Adil Əliyev çıxışında deyib ki, qanunu dəstəkləyir və onun qəbuluna səs verəcək: “İki nüansı qeyd etmək istəyirəm. Apreldə biz şəhidlər verdik və onların ailələri çox əziyyət çəkmədi. Aidiyyətli qurumlar bu məsələdə fəal olmadı. Bəzi rayon icra başçıları əvvəlcə şəhid ailələrinə diqqət edir, lakin sonradan onlar yaddan çıxarılır. Hesab edirəm ki, şəhid ailələri daima dövlətin diqqətində olmalıdırlar. Eləcə də şəhid ailələrinə verilən müavinətlər məsələsinə baxılmasını təklif edirəm. Fikrimcə, onlara nəqliyyatdan istifadə üçün kartlar verilə bilər”. “Güzəştlər olmalıdır” Millət vəkili Elman Məmmədovun sözlərinə görə, şəhid övladlarına təkcə dövlət təhsil müəssisələrində deyil, bütün təhsil subyektlərində təhsil haqlarında güzəşt edilməlidir. Biz əsasən 1994-cü ilə qədər daha çox şəhid vermişik. Onların övladlarının hazırda 20-22 yaşı var. Onların böyük əksəriyyəti artıq bu qanunla güzəşt imkanlarını itirib”. “Hanı 40 milyon manat?” Millət vəkili Tahir Kərimli bildirib ki, 1988-94-cü illərdə 18 min şəhidimiz olub. T.Kərimlinin sözlərinə görə, onlardan 4600 nəfəri evli olub, artıq onların uşaqlarının yaşları 18-i keçib: “Təəssüf edirəm ki, köçkünlərin uşaqlarının statusları olsa da, şəhid övladlarının statusu yoxdur. Şəhid övladlarına dövlətdən ayrılan maddi yardım azdır. Əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı prezidentin sərəncamı var. Sərəncam əsasında 2018-ci ilədək bu yöndə olan problemlər aradan qaldırılmalıdır, bunun üçün yerli icra hakimiyyəti orqanları tərəfindən torpaqlar ayrılmalıdır. Elə insanlar var ki, 18 ildən artıqdır ki, kirayələrdə yaşayırlar, amma şəhid ailələridir, bunlardan xəbərləri yoxdur. Prezidentin Ehtiyat Fondundan bu məsələ üçün iki dəfə 10 milyon manat pul ayrılıb, bir dəfə də Nazirlər Kabineti tərəfindən 20 milyon manat pul ayrılıb. Ümumilikdə 40 milyon manat bu problemin həlli üçün maddi vəsait olmalıdır. Ancaq hələ də çoxlu sayda şəhid ailələri var ki, mənzillərlə təmin olunmayıblar. Müvafiq qurumlar prezidentin sərəncamını, bu yöndə olan göstərişlərini yerinə yetirməlidirlər”. Yeni medal təsis olundu İclasda Azərbaycanda vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənən şəxslər üçün “Şücaətə görə” medalı təsis edilib. Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə yeni hissələr təklif edilir. “Şücaətə görə” medalının Əsasnaməsinə görə, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcəklər. Medalın üzərində “Azərbaycan uğrunda” sözləri həkk edilib. Medal müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif ediləcək. “Manatın üzərinə Heydər Əliyevin şəkli vurulsun” Siyavuş Novruzov çıxışında təklif edib ki, Azərbaycan milli valyutasının üzərində ümumilli lider Heydər Əliyevin şəkli olmalıdır. S.Novruzov qeyd edib ki, dünyada tarixi şəxsiyyətlərin şəkillərinin pullar üzərində həkk olunması təcrübəsi var: "Türkiyənin milli valyutası lirənin üzərində də Mustafa Kamal Atatürkün şəkli var. Dünyanın bir neçə ölkəsində bu ənənə var. Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdur. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır”. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları