Yuxarı

AXCP sədri icra başçıları və bələdiyyə sədrlərinə səsləndi: “Əlinizə bel götürüb..."

AXCP sədri icra başçıları və  bələdiyyə sədrlərinə səsləndi: “Əlinizə bel götürüb...

 

“Bunu ilk yağışlar zamanı yazmışdım. Hələ də qüvvədədir. Çıxış yolu budur: icra hakimiyyətləri və bələdiyyə üzvləri, icra hakimiyyətinin başçısı və bələdiyyə sədrlərinin özləri daxil olmaqla bel götürüb yolları çırkab sularından təmizləməlidirlər. Özləri əlcəklərini və uzunboğaz rezin ayaqqabıları geyinib yaratmadıqları infrastukturun yaratdığı fəlakətləri aradan qaldırmalıdırlar".

Cebhe.info xəbər verir ki, bunu deyən AXCP sədri R.Nurullayev paytaxtda vəziyyətin dözülməz olduğunu bildirib:

“Bu gün bir neçə yeri gəzdim və şahid oldum ki, yağışlardan sonra qəsəbələrdə və şəhərin gözdən-könüldən uzaq yerlərində həyat cəhənnəmə dönüb. Evləri su basıb, yollar bərbad günə qalıb, çünki yağış sularının axıdılması üçün sistem qurulmayıb. Yollarda yığılıb qalan sudan keçib insanlar nə evinə gedə bilir, nə də uşaqları məktəblərə. Biabırçılıqdır. Dünyanın ən gözəl şəhəri olan Bakı sentyabr ayında yağışa və soyuğa təslim olub. Bəs dekabr-yanvar aylarında nə olacaq? Binəqədinin içindən Biləcəri istiqamətinəmi, yoxsa Xırdalan istiqamətinəmi təzə asfaltlanan və hələ istifadəyə verilməyən yolda qayıq sürmək olar. Bu yolu bu şəkildə tikmək nə demək? Binəqədi rayonunun qəsəbələri bərbad gündədir. Gördüyüm Binəqədi rayonudur, yəqin ki, o biri rayonlar da bu gündədir. Bu, necə şəhərdir, rayon icra hakimiyyətlətləri, bələdiyyələr nə ilə məşğuldur? “Azadlıq” metrosunun yanından keçdim. Elə bildim ki, mitinqdir. Ən azı 300 nəfər yığılıb yolda qalmışdı. Aydın oldu ki, marşurutlar, avtobuslar işləmir. Zənnimcə, səbəb yolların suya qərq olmasıdır. Avtobuslar belə qəsəbələrə işləyə bilmir. İşdən çıxan yazıq vətəndaş saatlarla yollarda qalır və o, səhər tezdən gecikmədən işdə olmalıdır. İşləyən biçarə qadınlar evinə çatıb ailələrinə yemək bişirməlidirlər. Hələ bəlkə həyat yoldaşları da acıqlarını onların üstünə tökəcəklər ki, evdə acından öldük, gəlib çıxa bilmirsən. Ərlər isə yolda çəkdikləri əziyyətin acısını evdəki ailə üzvlərindən çıxacaqlar. Bu dözülməzdir.

Mütləq şəkildə hökumət səviyyəsində tədbirlər planı hazırlanıb təcili həyata keçirilməlidir. Prezident İlham Əliyev məhz bu problemlərlə bağlı xüsusu iclas çağırmalı, aidiyyatı qurumlar qarşısında təcili tədbirlər görülməsi barədə göstəriş verməli və vaxt müəyyən etməlidir. İnsanların heysiyyatı alçaldılır, vətəndaş soyuqdan donur, vətəndaşın evinə su dolur. Heç kim də deməsin ki, vətəndaş harada gəldi ev tikib və bu gün də yol, işıq, su və qaz tələb edir. Bütün evlər icra hakimiyyətlərinə və bələdiyyələrə rüşvət verilərək tikilib. Bundan başqa, hökumət xüsusu torpaq sahələrində infrastruktur yaradandan sonra ev tikmək üçün torpaq sahələrini satışa çıxarmalıdır. Pul da büdcəyə getsin, daha icra hakimiyyətlərinin və bələdiyyələrin cibinə yox.

Çıxış yolu budur: icra hakimiyyətləri və bələdiyyə üzvləri, icra hakimiyyətinin başçısı və bələdiyyə sədrlərinin özləri daxil olmaqla bel götürüb yolları çırkab sularından təmizləməlidirlər.

Özləri əlcəklərini və uzunboğaz rezin ayaqqabıları geyinib yaratmadıqları infrastukturun yaratdığı fəlakətləri aradan qaldırmalıdırlar”. AXCP sədri bildirib ki, millət rəsmilərdən cavab gözləyir: “Hələ payızın birinci ayıdır. Millətə, vətəndaşa yazığınız gəlsin. Prezident İlham Əliyevin bu məsələlərə həsr olunan xüsusi iclas keçirməsinə ehtiyac və zərurət var. Vəziyyət dözülməzdir və fəsadları da qaçılmaz ola bilər”.

Cebhe.info





Həftənin ən çox oxunanları