Yuxarı

Parlamentdəki 55 deputat mandatını itirəcək?

Parlamentdəki 55 deputat mandatını itirəcək?

Siyahıdakı bəzi adlar

Azərbaycan Dövlət Statistika Komitəsi Milli Məclisin deputatları barədə məlumat yayıb. Komitənin təqdim etdiyi hesabatdan məlum olur ki, deputatlardan 15-nin yaşı 70-dən çoxdur. Cebhe.info komitənin hesabatı üzərində araşdırma aparıb. Qurumun açıqladığı rəqəmin əksinə olaraq, 14 deputatın yaşının 70-dən yuxarı olduğu üzə çıxıb.

Yaşı 70-dən yuxarı olan millət vəkilləri

Ağacan Abıyev - 79 yaş

Valeh Ələsgərov - 70 yaş

Fəttah Heydərov - 78 yaş

Əliağa Hüseynov - 70 yaş

Zeynəb Xanlarova - 80 yaş

Eldar İbrahimov - 71 yaş

Xanhüseyn Kazımlı - 74 yaş

Yaqub Mahmudov - 77 yaş

Rafiq Məmmədhəsənov - 71 yaş

Hüseynbala Mirələmov - 71 yaş

Arif Rəhimzadə - 75 yaş

Ziyad Səmədzadə - 76 yaş

Elxan Süleymanov - 76 yaş

Mixail Zabelin - 70 yaş

7 millət vəkili isə gələn il 70 yaşın tamamlayacaq. Fəzail Ağamalı (69 yaş), Vahid Əhmədov (69 yaş), Əhliman Əmiraslanov (69 yaş), Flora Qasımova (69 yaş), Madər Musayev (69 yaş), Hadı Rəcəbli (69 yaş) və Astan Şahverdiyev (69 yaş) bu kateqoriyaya daxildir.

Komitənin açıqlaması nəyə hesablanıb?

Qeyd edək ki, bu hesabat Dövlət Statistika Komitəsinin fəaliyyəti dönəmində imza atdığı ilkdir. Belə ki, qurum indiyədək Milli Məclisin deputatlarının yaşı barədə hesabat təqdim etməyib. Ölkədə siyasi islahatların keçiriləcəyi vaxt belə bir hesabatın təqdim olunması o ehtimalı yaradır ki, komitəyə bu barədə araşdırmanın aparılması üçün xüsusi tapşırıq verilib. Tapşırığın hansı məqsədlərə xidmət etməyinə gəlincə, qeyd olunur ki, bu, aparılacaq iqtisadi islahatların tərkib hissəsi olacaq. Belə ki, ölkədə kənd təsərrüfatı və digər iqtisadi sahələri işlək vəziyyətə gətirmək istəyən hökumət öz strukturlarını və parlamenti yeniləmək barədə qərar qəbul edib. Yeni tərkibdə texnokratlara və çalışqan mütəxəssislərə yer verməyi nəzərdə tutan hakimiyyət yetkililəri parlamenti daha peşəkar səviyyəyə gətirməyi də planlaşdırır. Görünən də budur ki, yaşlı deputatlar yaxın vaxtlarda mandatlarından məhrum ediləcəklər. Mandatlarından məhrum ediləcək deputatların yerinə müxalif düşərgədə təmsil olunan mütəxəssislərin cəlb olunması da gözləniləndir.

Nəzərə alaq ki, yaşı 70-dən yuxarı olan deputatlar hakim Yeni Azərbaycan Partiyasının üzvləri, yaxud hakimiyyətə yaxın bitərəflərdir. Demək ki, onların gələn il ölkədə keçirilməsi planlaşdırılan növbədənkənar seçkilərdə namizəd kimi iştirak etməyəcəkləri gözləniləndir. Çox güman ki, bununla bağlı onlara xüsusi xəbərdarlıq ediləcək və onlar bununla razılaşacaqlar.

55 mandat yeri kimlərə veriləcək?

Parlamentlə bağlı digər maraqlı məqam Türkiyədən Azərbaycana “fətullahçı” terror təşkilatı- FETÖ ilə bağlı siyahının təqdim olunması barədə Cebhe.info-ya daxil olan məlumatdır.  Məlumatlara görə, siyahıda Milli Məclisin 41 deputatının adı var və həmin şəxslər FETÖ üzvləridir. Nəzərə alsaq ki, mərhələli və xüsusi proqram əsasında 41 deputat da mantadından məhrum ediləcək, bu o deməkdir ki, parlamentdə 55 yerdə yeni simalar görə biləcəyik.

Boş qalacaq mandatlara kimlərin sahiblənməsinə şəraitin yaradılacağına gəlincə, hesab olunur ki, hakimiyyət bu dəfə də riskə getməyəcək. Ənənəyə uyğun olaraq, nazir, komitə rəhbərləri və yüksək çinli məmurları qohumları, övladları və soyadları dəyişdirilmiş yaxınlarını parlamentin yeni tərkibinə qatmağa çalışacaqlar. Müxalifətə gəlincə, hökumət burada yalnız 1, yaxud 2 mandatı demokratik düşərgəyə güzəştə gedə bilər.

Hökumətə lazımdır ki, Milli Məclisin gündəliyinə çıxarılan və maraqlarını əks etdirən məsələlər səs çoxluğuyla qəbul olunsun. Buna görə də böyük ehtimalla riskə gedilməyəcək və 55 mandat yeri (1-2 yer istisna olmaqla) YAP üzvlərinə, məmurların yaxınlarına və hakimiyyətə yaxın olan şəxslərə veriləcək.

Mənsur

 





Həftənin ən çox oxunanları