Yuxarı

Saxta Müstəqillik Aktı iddiasına Ayaz Mütəllibovdan cavab

Saxta Müstəqillik  Aktı iddiasına Ayaz  Mütəllibovdan cavab

 

"Gətirdilər, mən də qol çəkdim, heç mətni oxumadım"

Bu günlərdə istiqlalçı deputat Hacıbaba Əzimov 1991-ci il oktyabrın 18-də Ali Sovet tərəfindən Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyi Haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə bağlı bəzi sirləri açıb. İstiqlalçı deputatın Cebhe.info-ya verdiyi açqılamasına görə, o zaman Ayaz Mütəllibovun imzaladığı Müstəqillik Aktı saxta olub. Yəni eks-prezident Ali Sovetin qəbul etdiyi əsl Aktın mətninə yox, saxtalaşdırılmış, təhrif edilmiş, bir sıra mühüm maddə və müddəaları çıxarılmış Akta imza atıb. Məsələ ilə bağlı eks-prezident Ayaz Mütəllibov Cebhe.info-nun suallarını cavablandırıb:

-Ayaz müəllim, Hacıbaba Əzimov deyir ki, sizin 1991-ci il oktyabrın 18-də imzaladığınız “Dövlət Müstəqilliyi Haqqında” Konstitusiya Aktının mətni saxtalaşdırılıb. Siz Hacıbaba Əzimovun müəllifi olduğu Akta deyil, başqa bir akta qol çəkmisiniz.

-Mən bu fikri Hacıbaba Əzimovdan ilk dəfədir ki, eşidirəm. Hacıbaba Əzimov deyir ki, Konstitusiya Aktını yazmağı ona həvalə etmişdilər: “Mən  də yazdım. Sadəcə Prezident Aparatı ilə kiçik bir fikir ayrılığı yaranmışdı. Biz öz fikrimizi dolğun şəkildə ifadə etdik. Bu da qəbul olundu”. Hacıbaba Əzimov vaxtında Xalq Cəbhəsinin liderlərindən biri olub (Hacıbaba Əzimov - AXC liderlərindən olmayıb - red.). Həm Əzimov, həm də başqaları mənə müxalifət kimi münasibət bəsləyirdilər. Belə bir demokratik şəraitdə mən onlara bu Aktı yazmağı həvalə etdim. Bir sözlə, etibar etdim. Məntiq belə çıxır da... Yaxşı, kim məni həmin Aktı Hacıbaba Əzimova yazdırmağa vadar etdi? Bu,könüllü olub, öz qərarım olub. Çünki qarşımda qərar qoymuşdum və mənimlə işləyənlərə də çatdırmışdım. İstər- istəməz Azərbaycan demokratik islahatlara qədəm qoyduğu halda biz Aktın qəbul olunması məsələsində bütün addımlarımızı nəzərdə saxlamalıyıq. Azərbaycanın müasir tarixində Xalq Cəbhəsi məsuliyyət daşımalıdır. Ona görə onları biz tanımışıq və birlikdə işləyirik. Buna çəp baxmayasız... Bu qanundur... Hətta bu məsələyə xarici dövlətlər də nəzarət edirdi. Mənim dövrümdə Xalq Cəbhəsi ilə məsləhətləşmələr gedirdi. Tədbirlərdə Xalq Cəbhəsinin nümayəndələri iştirak edirdilər. Bütün işləri onlarla paralel aparırdıq. Mənim tədbirlərim birtərəfli olmayıb. Tədbirlərimdə İsa Qəmbər, Etibar Məmmədov, Rəhim Qazıyev, elə Hacıbaba Əzimovun özü iştirak ediblər. Biz onlara etibar edib birgə tədbirlərə qoşulurduq. Respublikanın marağında olan hadisələrdə bir idik. Təşəbbüsümlə nümayiş keçirilməsini təklif edirdim ki, bizdə müxalifət də, iqtidar da var. Dərk edirdim ki, heç kimi gözümçıxdıya salmamalıyıq. Xalq Cəbhəsinin ixtiyarı var ki, öz fikrini irəli sürsün. Mənim vaxtımda bir nəfər də olsun cəbhəçilərdən dustaq olmayıb. Əksinə, yanvar hadisəsindən sonra mən hamısını azad etmişəm. Bir nəfər də həbsxanada qalmamışdı.

Buna qiymət vermək lazımdır. O zamanki siyasət bütün dövlətlər tərəfindən diqqət mərkəzində idi. Deyə bilməzdik ki, bizə diktatura, avtoritar şəraitdə işləyən adamlar kimi baxsınlar. Yəni, respublikanın avtoritetini beynəlxalq miqyasda qaldırmalıyıq. Ona görə Könstitusiya Aktının yazılması Hacıbaba Əzimova həvalə olunmuşdu. Layihə də yazıldı və heç bir etiraz olunmadı. Mənə Aktı gətirdilər, mən də qol çəkdim. Heç mətni oxumadım. Mahiyyətini bilirdim, sadəcə diqqətlə oxumadım. Bilirdim ki, müddəalar nədən ibarətdir. Ona öz imzamı çəkmişəm.

-Hacıbaba Əzimov deyir ki, sizə təqdim olunan mətn təhrif olunmuş, maddə və müddəaları saxtalaşdırılmış Akt olub. Nə deyə bilərsiz?

-Yox, o, bunu isbat edə bilməz. Ancaq deyirsə, iddia edirsə, cavabını da vermək olar. A kişi, sən nə qoyub, nə axtarırsan? Sən yazdığın Konstitusiya Aktının mahiyyəti qanun kimi qəbul olundu. Yerdə qalan söz-söhbətlər yersizdir. Kim baxıb, kimsə nəsə deyib, bilmirəm. Ola bilər ki, hüquqşünaslar öz fikrini deyib, ona xoş gəlməyib. 25 il keçib... Sən ağzını açıb bunu deyirsən. Niyə Konstitusiya Aktını biabır edirsən? Niyə ölkəmizə sataşırsan? Niyə? Kimsən sən? Adını professor, hüquqşünas qoymusan, qanacağın yoxdur fikirləşəsən ki, sən nə danışırsan? Azərbaycan dövlətçiliyini şübhə altına qoyursan?

-Əslində Konstitusiya Aktının neçə mətni olub?

-Onu mən deyə bilmərəm. Bilmirəm... Bu məsələ ilə Ali Sovet məşğul olub. Hüquqşünaslar məşğul olublar. Əgər onlar sağdırsa, onlardan soruşmaq olar. Mənim öz işim var idi. Dövlət başçısı kimi bu işə müsbət baxdım.Hətta sizə deyim ki, bu məsələdə risk də var idi. Biz bu Aktı 18 oktyabrda qəbul etdik və o gün SSRİ var idi. Heç kim də qətiyyətlə deyə bilməzdi ki, biz bilirdik ki, o zaman SSRİ dağılacaq. SSRİ rəsmiləri Azərbaycan kimi müstəqillik yolunu gedən respublikalara düşmən kimi baxırdılar. Başqa cür də olsaydı, tədbirlər bizə görüləcəkdi. Mən açığı söyləyim ki, bu Akta qol çəkənlər riskə getmişdilər. Çünki Azərbaycan xalqı daim müstəqilliyini istəyib, azadlığa həsrət qalıb. İndi bunu  Hacıbaba Əzimovun sözü ilə gözümçıxdıya salmaq olar?

-Bəs bu məsələdə fikir ayrılığı nədən ibarətdir?

-Ondan ibarətdir ki, mənə qismət olub və o akta mən imza atmışam. Bunun paxıllığını çəkənlər var. Bu, bəzi adamları qıcıqlandırır.

-Ayaz müəllim, imzalamaq üçün konkret olaraq “Dövlət Müstəqilliyi Haqqında” Konstitusiya Aktını sizə kim təqdim edib?

-Kim olduğunu bilmirəm. Heç yadımda da deyil. Kimsə olub... Bu məsələyə Hüquq şöbəsi baxıb. Həm Prezident Aparatından, həm Ali Sovetdən, həm Hacıbaba Əzimovun rəhbərlik etdiyi komissiyadan olub. Orada gizli iş aparan olmayıb. Konkret bilmək istəyirsizsə, Ali Sovetdə o dövrdə kim olubsa, yaşayırsa, ondan soruşun. Mənim yadımda deyil.

Alçina Amilqızı

 





Həftənin ən çox oxunanları