Yuxarı

Ermənilər Qarabağı qaytarmaqdan imtina etdi

Ermənilər Qarabağı qaytarmaqdan imtina etdi

 

İşğalçı “aprel depressiyası”ndan çıxıb?

Tahir Kərimli: “Cəmiyyət ayılmalıdır”

Elman Fəttah: “Bu işi hakimiyyət görməlidir”

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Fransa, Rusiya və ABŞ) Azərbaycana səfər etdilər. Səfər Dağlıq Qarabağ münaqişəsinin həllində aktivliyi artırmaq məqsədi daşıyırdı. Əvvəlki səfərlərdən fərqli olaraq, həmsədrlərin bu dəfə verdikləri bəyanat Azərbaycan üçün xüsusi əhəmiyyətli oldu. Bəyanatda Minsk Qrupu tərəfindən Azərbaycanın suverenliyini tanıdığını və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların geri qaytarılması vurğulandı.

Minsk Qrupunun fəallığı nə vəd edir?

Analitiklər Minsk Qrupunun reagiona artan səfərindən və verilən son bəyanat barədə optimist fikirlər səsləndirmirlər. Hesab olunur ki, bu ümumi xarakter daşıyır və Minsk Qrupunun fəaliyyəti o zaman nəticə verəcək ki, həmsədr dövlətlər Dağlıq Qarabağın azad olunaraq, Azərbaycana qaytarılması məsələsini gündəmə gətiriləcək, Ermənistana sanksiyalar tətbiq olunacaq.

Həmsədrlərin səfəri o fonda baş verir ki, rəsmi İrəvan birmənalı şəkildə növbəti dəfə bir qarış torpağın belə, Azərbaycana qaytarılmayacağı bəyanatını verir. Digər yandan Azərbaycanı “İsgəndər M” raketləri ilə hədələyən İrəvan müharibə variantını gündəmə gətirir. Analitiklər də Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv siyasət yürütdüyünü önə çəkərək, problemin həllinin hərb variantından keçdiyini bildirirlər. Qeyd olunur ki, Azərbaycanın şərtlərini heç bir halda qəbul etməyən Ermənistanın aqressiv bəyanatlar səsləndirməsi növbəti savaşa səbəb ola bilər.

Ermənistanla danışmaq mümkün deyil, Minsk Qrupu “işğal olunmuş torpaqlar” deyəndə Dağlıq Qarabağı nəzərdə tutmur, həmsədr dövlət və münaqişənin açarı hesab olunan Rusiya münaqişənin həll məsələsini masadan götürüb, Fransa və ABŞ-ın baxışı Azərbaycanın maraqları ilə toqquşur. Belə bir vəziyyətdə Minsk Qrupunun fəaliyyətinin səmərəli olması ehtimalı aşağı səviyyədə qiymətləndirilir.

Yaranmış situasiya - Minsk Qrupunun fəaliyyətsizliyi, Ermənistanın aqressiyası və Rusiyanın münaqişənin müddətinin uzadılmasında maraqlı olması həmsədrlik missiyasından imtinanı və danışıqların dayandırılıb müharibəyə başlanılması ehtimalını gücləndirir.

Təsadüf deyil ki, həmsədrlərin regiona səfərindən sonra Azərbaycanda iqtidara yaxın KİV-lərdə Minsk Qrupundan imtina məsələsi yenidən gündəmə gətirilib.

“Müxalifət və cəmiyyət fəallaşmalıdır”

Millət vəkili Tahir Kərimli “Cümhuriyət”ə bildirib ki, Azərbaycan tarixi zərurətdən Minsk Qrupu ilə bağlı məcburi dözüm vəziyyətilə üzləşib. T.Kərimlinin sözlərinə görə, son dövrlər Azərbaycan prezidentinin birmənalı şəkildə mövcud status-kvonun saxlanılmasının mümkünsüzlüyü ilə bağlı bəyanatları, həmsədr dövlətlərinin başçılarını öz sözlərinə sadiq qalmamalarını vurğulaması amerikalı həmsdər Ceyms Uorliki məcbur etdi ki, Azərbaycan torpaqlarının azad olunması ilə bağlı bəyanat versin: “Hər kəs bilir, cənab prezident də diliylə təzyiqlərin olduğunu dedi. Həmsədrlər verdikləri son bəyanatda Azərbaycanın suverenliyini dəstəklədilər. Hiss olunur ki, Minsk Qrupu münaqişənin paket formada həllində israrlıdır. Həmsədrlər istəyirlər ki, rayonların qaytarılması, qaçqınların öz yerlərinə qayıtması, sülhyaratma qüvvələrinin bölgədə yerləşdirilməsi, eyni zamanda Dağlıq Qarabağın statusu ilə bağlı məsələlər tərəflər arasında həll olunsun”.

Tahir Kərimlinin sözlərinə görə, Minsk Qrupu mərhələli həll variantından imtina etmək istəyir: “Azərbaycan həmişə mərhələli, Ermənistan isə paket həllin tərəfdarı olub. Ermənistanın birmənalı şəkildə elan etməsi ki, torpaqların bir qarışı belə qaytarılmayacaq, bu ermənilərin hələ hazır olmadıqlarını göstərir. Ermənistan son dövrlərdə Azərbaycana hərbi təzyiqlərdən danışır, “İsgəndər” raketləri ilə vuracaqları ilə hədələyir. Lakin Minsk Qrupu buna reaksiya vermir, bu təəssüf doğurur. Azərbaycan dövlət başçısı daha yaxşı bilir ki, səmərəsiz fəaliyyət göstərən Minsk Qrupundan hansı halda imtina etmək olar.

Cəmiyyət və siyasi qüvvələr birdəfəlik bəyanat verməlidir ki, artıq Azərbaycan xalqı dözmür, dözmək istəmir, limit başa çatıb. Minsk Qrupunun cəmi 1 illik mandatı vardı, amma 20 ildən artıqdır fəaliyyət göstərir. Məsələni həll edirlərsə etsinlər, etmirlərsə 40 ildən sonra da deyəcəklər ki, problemi öz aralarında həll etsinlər. Guya onlar bilmirlər ki, bu mümkün deyil?! Bəyanatlar verməliyik və cəmiyyət aktiv olmalıdır. Əgər prezident deyirsə ki, Qarabağla bağlı ona təzyiqlər var, Azərbaycan cəmiyyəti, siyasi qüvvələr - iqtidar, müxalifət bundan ayılmalıdır. Biz hamılıqla bəyanat verməliyik ki, Azərbaycan cəmiyyəti Qarabağın Ermənistana verilməsiylə razılaşan deyil. Əgər səmərə vermirsə ya Minsk Qrupunun formatı dəyişməlidir, ya da bundan imtina edilməlidir”.

“Məsələnin həllini kənarda axtarmaq doğru deyil”

Müsavat Partiyası başqanının müavini Elman Fəttah “Cümhuriyət”ə deyib ki, Ermənistan tərəfi 20 ildir bir qarış torpağı Azərbaycana qaytarmayacağını bildirir. E.Fəttah vurğulayıb ki, Minsk Qrupu yalnız prosedur fəaliyyəti ilə məşğuldur: “Əlbəttə, Qarabağ və ətraf rayonlar Azərbaycana məxsusdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi də ölkə hakimiyyətinin üzərində olan məsuliyyətdir. Hakimiyyət məcbur etməlidir ki, Minsk Qrupu fəaliyyətini müsbət nəticəyə aparan istiqamətdə qursun, Ermənistan ordusu torpaqlardan çıxsın. Bir sözlə, Dağlıq Qarabağın azad olunması işini Azərbaycan hakimiyyəti görməlidir. Lakin iqtidarın bu yöndəki fəaliyyəti səmərəsizdir və nəticədə belə bir vəziyyət yaranıb, torpaqlar sonu görünməyən müddətədək işğalda qalmağa davam edir. Hakimiyyət Ermənistanı torpaqlardan çıxmağa məcbur etməlidir, çünki dövlətin gücü onun əlindədir. İndiki məqamda da bir nömrəli vəzifəsi budur. Azərbaycan hakimiyyəti işini elə qurmalıydı ki, indiyədək torpaqlar işğaldan azad edilməliydi. Torpaqların azad olunmamasının səbəblərini kənarda axtarmaq doğru deyil. Bu işin məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərindədir”.

Mənsur





Həftənin ən çox oxunanları