Yuxarı

AXCP sədrinin müavini: “Sosial problemlər qadın qətllərinə təkan verir”

AXCP sədrinin müavini:  “Sosial  problemlər  qadın qətllərinə  təkan verir”

 

“Son zamanlar ölkəmizdə kişilərin öz həyat yoldaşlarını vəhşicəsinə döyməsi, xüsusi amansızlıqla qətlə yetirmə xəbərlərini çox tez-tez eşidirik. Bəli, məhz xüsusi amansızlıqla. Bir kişinin neçə illik həyat yoldaşına qarşı bu qədər hiddətlənməsinin, onu bu qədər qəddarcasına döyüb öldürə bilməsinin səbəbi nə ola bilər ki? Öldürülmə səbəbləri ilə maraqlandıqda isə bu qadınların əksər hallarda günahsız olduqları ortaya çıxır”. Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev deyib.

E.Mehtiyev qeyd edib ki, kiçik ailə-məişət problemlərinin böyüdülməsi təəssüf ki, bəzən sonda ən yaxşı halda döyülmə, ən pis halda isə acı ölümə gətirib çıxarır: “Nəticədə isə bəzən bu mübahisələr güc nisbətində daha zəif olan qadının ölümü ilə bitir. Bəzən qısqanclıq zəminində olan ölüm hadisələrində də qadınlar günahsız qurban olurlar. 10-15 il əvvəl belə hallara çox nadir rast gələrdik. Öldürmə olayları artıq insanlar üçün adi hal alıb.

Son günlərdə bu qəbildən olan ən acı, ən üzücü xəbərlərdən birini də eşitdik. Qəbələdə öldürülən 3 uşaq anasının sevərək ailə qurduğu həyat yoldaşı tərəfindən öldürülməsi xəbəri sosial şəbəkələrdə etiraza səbəb oldu. Hadisənin dəqiq səbəbləri məlum olmasa da, ortada ailəsini ayaqda tutmaq üçün səy göstərən bir ana, bir tərəfdə ailəni dağıtmağa çalışan valideynlər, digər bir tərəfdə isə təsirə düşən ər görünür. Həyatdan ən ağır zərbəni almış körpələr isə bu hadisədə ən məsum tərəfdir. Qadın qurban olur, ən sərt zərbə də ailədəki uşaqlara dəyir. Bəzən anaları onların gözləri önündəcə işgəncələrlə qətlə yetirilir. Bu psixoloji travma azmış kimi anasızlıq bir ömür onların kabusuna çevrilir. Zənnimcə, bu hadisələrə sosial iqtisadi problemlərdən yaranan gərginliklər də təkan verir. Amma ən böyük problem mənlik problemidir. Kişi öz qadınını qorumalı, ona sahib çıxmalıdır. Gücünü qadını döyərək, öldürərək yox, onu xoşbəxt edərək göstərməlidir. Azərbaycan kişisinə yaraşan budur. İnsani keyfiyyətləri yüksəltmək vacibdir. Qadın zəif görünsə də, bu dünyada ən güclü varlıqdır . Cənnət məhz onun ayaqları altındadır, çünki o anadır”.





Həftənin ən çox oxunanları