Yuxarı

AXCP funksioneri iqtidara səsləndi

AXCP funksioneri iqtidara səsləndi

Çevik komanda ilə islahata!

Rafiq Daşdəmirli: “İslahat aparılmasa, vəziyyət daha da pisləşəcək”

“Konstitusiya dəyişikliyini nəzərdə tutan referendum başa çatdı. Ölkə üçün ən önəmli olan vitse-prezidentlik institutu yaradıldı. Son bir ildə mühüm hadisələr bir reallığı ortaya qoydu. Azərbaycan iqtidarı hakim komandada dəyişiklik etməli, yeni iqtisadi və siyasi islahatlar aparılmalıdır. Ölkə iqtisadiyyatı neftin ucuzlaşması ilə yeni mərhələyə keçməlidir. Neftin ucuzlaşdığı bir dönəmdə, hakimiyyət əvvəlki kimi büdcə pullarını rahatlıqla xərcləyə bilmir. İndi ona görə də daha çevik komanda formalaşdırmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirən islahatlar aparmalıdır”.

Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksioneri Rafiq Daşdəmirli deyib. O, qeyd edib ki, Qərb Azərbaycanı yanında görmək istəyir. Qərblə Azərbaycan hakimiyyəti arasındakı gərginliyin aradan qalxması üçün siyasi islahatlar aparılması zəruridir: “Siyasi islahatlardakı hər hansı bir yubanma Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmır. Siyasi islahatlar Azərbaycanın müasir ölkəyə çevrilməsində mühüm rol oynayır. Siyasi islahatlar üçün kosmetik yox, real dəyişikliklər olmalıdır. Ehtimal var ki, artıq islahatlara hazırlıqlar prosesi başlamaq üzrədir. İslahatlar rayon icra hakimiyyəti başçılarından başlanacaq və etimadı doğrultmayanlar işdən çıxarılacaqlar. Hesab olunur ki, islahatlar bir sıra nazirlik və dövlət komitələrini əhatə edəcək”.

“Regional icra hakimiyyətləri yaradılsın”

Bir neçə il bundan öncə vergi sistemində aparılan islahatları, üç rayonun vergi qurumunun birləşdirilərək bir inzibati vergi sisteminə çevrilməsini xatırladan Rafiq Daşdəmirli deyib ki, bunun dövlət büdcəsinə faydası oldu: “Dəyişən iki rayon şöbəsində ixtisarlar oldu, gəlirlər artdı, büdcədən pul ayırmaları azaldı. Bu sistem üzrə rayon ərazilərini birləşdirib yeni icra hakimiyyətlərinin yaradılması daha effektiv olar. Onsuz da hər bir rayonda bələdiyyə fəaliyyət göstərir. Hərçənd ki, bələdiyyənin özlərində də islahata ehtiyac duyulur. İcra hakimiyyətlərinin birləşdirilməsi yerlərdə bələdiyyələrin daha yaxşı işlək hala gətirilməsınə zəmin yaradacaq”.

Kriminal və boşanmalar artır

AXCP funksioneri bildirib ki, iqtisadi böhran dərinləşir və getdikcə ölkədə vəziyyət daha da gərginləşir. Proqnozlar onu göstərir ki, gələn il daha çətin il olacaq:  “Bazarda qiymət artımı davam edir. Xüsusən, gündəlik təlabat mallarının durmadan bahalaşması insanları daha çox narahat edir. Marketlədə hər gün yeni qiymətlərlə rastlaşırıq. Dolların manata nisbətdə bahalaşması prosesi daha da sürətləndirir. Xaricdən gətirilən mallarla bərabər, yerli istehsal malları da sünü surətdə bahalaşır. Bu qiymət artımını ortaya çıxaran səbəblərin aradan qaldırılması üçün addımlar atılmalıdır. İlk öncə daxili istehsalın artırılmasına nail olmaq lazımdır. Devalvasiyadan sonra əhalinin itkilərinin müəyyən qismini kompensasiya etmək lazım idi. Bu sahədə daha böyük ölçüdə proqramlar hazırlanmalı idi. Ərzaq mallarının qiymətlərinin artdığı bir dönəmdə əhalinin gəlirləri də artmalıdır.

Ən azından maaş və təqaüdləri artırmaq lazımdır. Uzun zamandır iri və orta müəssisələrin bağlanması, bir sıra yerlərdə ixtisarların aparılması işsizliyin sayını xeyli dərəcədə artırdı. Bu gün istər gənc, istər orta yaşlı insanların hər biri işsizlikdən əziyyət çəkir. Bu isə əksər hallarda xoşagəlməz və arzuolunmaz hallara gətirib çıxarır. Bu da gənclər arasında boşanmaların, ailə problemlərinin artmasına gətirib çıxarır. Kriminal hallların artmasının başlıca səbəblərindən biri də işsizlikdir. Bunların qarşısının alınmasının əsas amillərindən biri iş yerlərinin açılmasından, iqtisadı islahatların aparılmasından keçir. İqtisadi islahatlar aparılmadıqca, hər hansı təbliğatın heç bir nəticəsi olmayacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları