Yuxarı

Əli Kərimlidən Elçibəyə növbəti sayğısızlıq

Əli Kərimlidən  Elçibəyə növbəti  sayğısızlıq

 

“Yurd” sədri Qarabağ qazilərinə sayğısızlıq edən deputata qahmar çıxır

“Yurd” sədri Əli Kərimli deputat Hadı Rəcəblinin Qarabağ qaziləri və əlilləri haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Deputatı əlillər barəsində neqativ çıxışına görə “tənqid” edən təşkilat sədri Azərbaycanın mərhum prezidenti, AXCP lideri Əbülfəz Elçibəyə istinad da edib. “Əbülfəz Elçibəy sağ olsaydı indi deyərdi ki, bir fağır Hadı Rəcəbli tapmısınız, sağdan da vurursunuz, soldan da”, - deyə Əli Kərimli qeyd edib.

Elçibəyə sayğısızlıq

Bu, “Yurd” sədrinin Əbülfəz Elçibəyə qarşı növbəti sayğısızılığıdır. Əlbəttə, Xalq Cəbhəsinin lideri sağ olsaydı, Qarabağ qazilərini təhqirini Hadı Rəcəbliyə bağışlamayacaqdı. Tənqid edəcəkdi. Lakin Əli Kərimlinin bu fikirlərində Elçibəyə yönəlmiş sarkazm, ironiya var. Çünki Əbülfəz Elçibəy sağ olsaydı başa düşəcəkdi ki, cəmiyyət hansı səbəbdən, nəyə görə Hadı Rəcəblini “top atəşi”nə tutub. Bəs, Elçibəy cəmiyyətin hissiyyatı ilə oynayardımı? Əlbəttə yox. Lakin bununla Əli Kərimli həm Elçibəyi, həm də cəmiyyəti aşağılayır. Ən azından nəzəri olsa da kütlə öz üzərinə düşən vəzifəni yerinə yetirib, haqlı olaraq Hadı Rəcəblini tənqid edib, edir. “Palıdlı sahil” otelinin rəhbəri olan deputat da bundan dərs götürüb, ya yox, bu başqa məsələdir. Amma Əbülfəz Elçibəy xüsusilə xalqın hissiyyatına toxunacaq formada bayağı bir yanaşma ortaya qoymazdı. O, bu düşüncənin, ağılın yiyəsi deyildi, Əli Kərimli kimi deyildi.

Əbülfəz Elçibəy elə bir insan deyildi ki, cəmiyyətin düşmənliyini qazandıracaq fikirlər səsləndirsin. Ölkənin ən ciddi məsələlərini lətifə janrında dilə gətirsin. Facebook-un əsirinə çevrilmiş Əli Kərimli isə publikaya oynayır. Yüngül, bayağı və xalqı aldadan məmur jarqonunda dövlətin milli problemlərini ələ salır, cəmiyyəti aşağılayır. Heç vaxt çıxış yolu göstərmir, həmişə eyni sözlərlə hakimiyyət daxilində şəxsi konfliktləri olan şəxsləri ya tənqid edir, ya da lağlağı edir. Başqa sözlə, “Yurd” sədri ciddiyyətin, ciddi siyasətin adamı deyil. Üzərinə götürdüyü missiya da budur ki, çevrəsindəki, tərəfdarı olan insanları bacardığı qədər siyasətdən qoparıb, proseslərə etinasız yanaşan kütlə formalaşdırsın.

“Jirinovski” qədər ola bilməmək

Bu, “Yurd” sədrinin AXCP liderinə qarşı ilk sayğısızılığı deyildi. Əli Kərimli 28 May Respublika Günü münasibətilə Novxanıda öz tərəfdarlarına Elçibəyin lideri olduğu AXCP-nin bayrağını tapdalatmasından tutmuş, Elçibəyi təhqir edən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlını müdafiə etməsinə qədər Elçibəy düşmənidir. Düzdür, bu gün Əli Kərimlinin təşkilatının qərargahı, ofisi yoxdur. Toplantıları da Müsavat Partiyası və digər qurumların qərargahlarında, çayxanalarda keçirir. Lakin bir dəfə də olsun, dəfələrlə özünü Elçibəy AXCP-sinin mənəvi varisi elan etməsinə baxmayaraq, bəyin şəklini başı üzərindən asmayıb. Bunu özünə təhqir bilib. Amma bu gün Elçibəylə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan partiya sədrləri öz evlərindən, qərargahlarından, ofislərindən, hansısa tədbir məkanlarından sayğı əlaməti olaraq, Əbülfəz Elçibəyin portretini asdıqları halda Əli Kərimlinin dəbdəbəli evinin divarlarını Avropa rəssamlarının mənasını bilmədiyi bahalı rəsimləri ilə bəzədilib. Hakimiyyətə yaxınlığı ilə seçilsə də, Elçibəyə hörmətdə bir qüsur belə etməyən, Azərbaycanın “Jirinovski”si adlandırılan Hafiz Hacıyev qədər də deyil.

Məmur kini

Əli Kərimlinin Əbülfəz Elçibəyə düşmənliyi  hakimiyyəti təmsil edən bir sıra məmurların Xalq Cəbhəsi liderinə qarşı olan nifrət və kininə oxşayır. İqtidarı təmsil edən bir sıra yetkililərin tarixin arxivlərindən ulu öndər Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy dəyərlərini yır-yığış etmək üçün qollarını çırmaladıqları bir vaxt Əli Kərimli nəzəri və praktiki, gizli və açıq formada buna dəstək verir.

Bir çox hallarda isə “Yurd” sədri məmurların bu xalqın seçdiyi şəxsiyyətlərə aqressiyasını artıracaq açıqlamalar verir, xatırlatmalar edir. Həmişə Əbülfəz Elçibəy haqqında danışanda böyük səhvlər edib. Telekanallarından Elçibəy, Rəsulzadə adının yığışdırıldığı bir ölkənin özünü “müxalifət lideri” adlandırdığı bir şəxsinin bunu hansı niyyətindən irəli gələrək etməsi barədə düşünmək lazımdır.

Əfqan





Həftənin ən çox oxunanları