Yuxarı

ABŞ səfirindən əcaib Qarabağ açıqlaması

ABŞ səfirindən əcaib  Qarabağ açıqlaması

  Sekuta Azərbaycan xalqının əvəzinə qərar verir Üzeyir Cəfərov: “Sekuta dövlət katibi postuna  iddialıdır” Cümşüd Nuriyev: “ABŞ İraqa girəndə Azərbaycandan icazə almışdı?” Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli olmadığını deyib. R.Sekuta bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri razılığa gətirmək üçün səylərini davam etdirirlər. Amerikalı səfirin bu açıqlaması qalmaqala səbəb olub. “Nazirlik səfiri yerində oturtmalıdır” Səfirin fikirlərinə münasibət bildirən hərbi-siyasi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan Xarici İşləri Nazirliyi Amerika səfirini yerinə otuzdurmalı və ona deməlidir ki, siz heç bir iş görmürsünüz, ancaq Ermənistanın maraqlarından çıxış edirsiz: “Mən belə başa düşürəm ki, amerikalı səfir Robert Sekuta Barak Obamanın dövlət katibi Con Kerrinin yerinə iddialıdır. Hesab edirəm ki, Amerika əgər Ermənistanla bacarmırsa, imkan versin, Azərbaycan öz problemini özü həll etsin. Çünki bu ölkələr Ermənistanla bağlı heç vaxt əməli addımlar atmayıblar. Bəs Azərbaycan nə etməlidir? Ya imkan verməlidirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin, ya da Sarkisyana başa salmalıdırlar ki, beynəlxalq hüquq və normalara hörmətlə yanaşsın. Hələ ki bunların heç birini etmirlər. Ümumiyyətlə, mənə hələ də aydın deyil ki, Amerika nə etmək istəyir? Əgər Amerika separatizmlə mübarizə aparırlar, onun kökünü kəsmək istəyirlərsə, ilk  növbədə Ermənistandan başlamalıdırlar. Çünki məhz 1980-ci illərdə Ermənistanın etdiyi hərəkətlərə yaşıl işıq yandıran Rusiya, bilavasitə Dağlıq Qarabağın işğalında Ermənistana yardım etdi, dəstək oldu. Bu gedişlə mən gözləmirəm ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünün təmin olmasında maraqlı olacaq. Əksinə, onlar prosesi bir qədər də tormozlamaqla məşğuldurlar”. “Amerika anlamalıdır ki, dünya artıq təkqütblü deyil” Politoloq Cümşüd Nuriyev isə məsələyə daha sərt münasibət bildirib. C.Nuriyev qeyd edib ki, Sekutaya kim icazə verib ki, belə bir bəyanat versin? O kimdir Azərbaycana göstəriş versin ki, Qarabağ münaqişəsini həll etməyə icazə vermərik: “Xarici İşlər Nazirliyi təcili nota verməlidir. Amerika səfiri Azərbaycanın daxili işinə necə qarışa bilər? Məgər ABŞ gedib İraqa girəndə Azərbaycanda icazə almışdı ki, Azərbaycanda öz ərazi bütövlüyünü təmin etmək üçün ABŞ-dan icazə alsın? Bundan başqa ABŞ həmsədr kimi bu günə qədər nə iş görüb ki? Hələ bu günə qədər də ABŞ Dağlıq Qarabağa büdcədən maddi vəsait ayırır. Tramp dedi ki, prezident olandan sonra bütün ödəmələri dayandıracam. Bəlkə bu ödəmələr dayandırıldıqdan sonra Qarabağnan bağlı yeni məsələlər gündəmə gələ bilər. Amma Sekuta başa düşməlidir ki, ABŞ əvvəlki dövrü gedib artıq. ABŞ dərk etməlidir ki, dünyanı yenidən bölüşdürmək tək onun işi deyil. ABŞ-a əks qüvvələr var və dünya artıq təkqütüblü deyil. Ən azı ikiqütblüdür çünki Rusiya Çin qarşıdurması var. Tramp da öz siyasi platformasına Çinnən bağlı xüsusi maddəni elə belə əlavə etməyib”. Cümşüd Nuriyev onu da deyib ki, Azərbaycan siyasi partiyaları, QHT-lər yığışıb ABŞ səfirliyi qarşısında mitinq keçirməlidir: “Amerika səfirinin bu bəyanatı həddən artıq təxribatçı  çıxışdır. Azərbaycan öz problemini uzun zamandır həll etmək istəyir və bunun üçün kifayət qədər gücü də var. Hesab edirəm ki, Azərbaycanda siyasi partiyaların bir çoxu ABŞ-dan maliyyələşdiyi üçün səslərini çıxarmayacaqlar, ancaq qeyrəti, namusu, bu millətə hörməti olan istər siyasi partiyalar, istər də QHT-lər ABŞ səfirliyinin qabağında piket keçirməlidir. Nə vaxta qədər bunlar bizi Afrikanın geridəqalmış ölkəsi kimi qəbul edəcəklər? Kimdir axı Sekuta? Nə var ki, Sekutanın planları burda baş tutmadı. Gör bunlar bizi nə qədər aşağılayırlar. Biz əgər bunu qəbul ediriksə, deməli biz özümüzə hörmət etməyən, adamlarıq”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları