Yuxarı

AXCP sədri: “Azərbaycan hakimiyyətinə düşmən lazım deyil, özü özünün düşmənidir”

AXCP sədri: “Azərbaycan  hakimiyyətinə düşmən lazım  deyil, özü özünün düşmənidir”

 

“Turizm bu il ən çox danışılan və haqqında yazılan mövzu olub. Səbəb bizdən xarici görünüşünə - başındakı çalmaya və əynindəki uzun əbaya görə fərqlənən ərəb turistləri olub. Hər dəfə oxuyuram ki, onlar digər yerlərlə yanaşı, "Yanar dağ" muzey kompleksinə də gedib və heyran qalıblar. Bir neçəsi o qədər heyran olub ki, huşlarını itiriblər və təcili tibbi yardım maşınları çağırılıb”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev bir müddət öncə ictimaiyyətdə geniş müzakirə olunan ərəb turistlərin Bakı səfərinə münasibət bildirərkən deyib. R.Nurullayev əlavə edib ki, “Yanar dağ” qoruğunun abadlaşdırılması üçün bir sıra dövlət qurumlarına tapşırıqlar verilsə də, görülən işlər sıfıra bərabərdir:

“Bir ay öncə bir də ora getdim və paylaşdığım şəkilləri də orada çəkdim. 7-8 il əvvəl orada olmuşam. İndi çəkdiyim şəkilləri paylaşıram ki, özünüz baxasınız. Düşündüm ki, yəqin ərəb turistləri və digərləri ona görə özlərindən gedirlər ki, "Yanar dağ" kompleksi gözəlləşdirilib, infrastruktur yaradılıb və gözəl istirahət mərkəzi salınıb. Axı, 2 may 2007-ci ildə ““Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olub. Sərəncama əsasən Abşeron rayonunun Məmmədli kəndində yerləşən "Yanar dağ" abidəsinin qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədilə abidənin ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib. Qoruğun sənədləşdirilmə işlərinin aparılması və sərəncamdan irəli gələn digər vəzifələrin yerinə yetirilməsi üçün Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Milli Elmlər Akademiyası və Abşeron Rayon İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib. Görülən işlər isə sıfır. Ərazi daha bərbad günə qalıb.

"Yanar dağ" özü və ora aparan yollar o qədər bərbad gündədir ki, ora turist aparmaq Azərbaycanı biabır etməkdir. Bizim hakimiyyətə düşmən lazım deyil. Bunların özlərinə etdiklərini heç kim bunlara etmir və etməz. "Yanar dağ" qoruğuna gedən yolun özü o qədər bərbad və biabırçıdır ki, bir gedən turist bir də ora getməz. Biləcəri dairəsindən keçəndən sonra yayda toz-torpaq, qışda isə palçıq və kələ-kötürlükdən əziyyət çəkən Binəqədi şosesi ilə getmək elə cəhənnəmi görüb gəlmək kimi bir şeydir. Son yağan yağışlardan sonra yol elə bir vəziyyətə düşüb ki, tankla hərəkət etmək daha münasib olar. Binəqədi şosesindən Mehdiabad kəndinə gedən yol boyu səliqəsizlik, narahat yol, çala-çüxur, neft hasilatının yaratdığı iyrəncliklər, çirklənmiş torpaq sahələri, hər tərəfdən axan çirkab və qrunt suları ürək bulandırır. Turistlər də bu "gözəllik"ləri kameralarının yaddaşına köçürür və paylaşırlar”.

AXCP sədri vurğulayıb ki, bu cür natəmizlik və narahatlıqla "Yanar dağ"a getmək peşman olmaqdır: “İnzibati tinkintinin özü Suriyanın Hələb şəhərinin bombalanmış binalarını xatırladır. Turistlərin oturub çay içməyə, yemək yeməyə belə yerləri yoxdur. Amma 7-8 il bundan öncə ora gedən zaman xatırlayıram ki, oturub yemək də yemişdik. İndi bu imkan da qaçırılıb. Çay təklif olunan yer mal tövləsinə oxşayır. Turistlar üçün suvenir satan dükan isə dağ kəndlərinə gedən zaman evinin bir küncünü uçurub pəncərə qoyub kənd məhsulları ilə alış-veriş edən uçuq daxmaya oxşayır. Bəlkə də Harriyet Biçer-Stounun yazdığı "Tom dayının daxması" əsərini oxuyanlar kitabın içində verilən o komanı bunun yanında Şüvəlan villalarına oxşadarlar. Sadəcə ayıbdır. Xalqın, millətin adına ayıbdır. Bunun izahı varmı və bu izahı xalqa kim verməlidir? Bu məsuliyyətsizliyin cəzasını kim çəkməlidir?”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları