Yuxarı

Xalq diplomatiyası bərpa edilir

Xalq diplomatiyası bərpa edilir

Novella Cəfəroğlu: “Öz dillərində bəyan edirlər ki, Qarabağ Azərbaycanındır”

Sənan Nəcəfov: “Bu prosesin bizə xeyri var”

Ermənistanın keçmiş 3 vətəndaşı - Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyanın Bakıya gələrək Qarabağ mövzusunda təşkil olunan konfransda iştirak etmələri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib. Öz ölkələrini işğalçı olaraq təqdim edən ermənilər Dağlıq Qarabağın Azərbaycan tərkibində ən yüksək muxtariyyat statusuna razı olduqlarını bəyan ediblər.

Bunun ardınca, Bakıya gələn ermənilər Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Bu Ermənistan işğalçılarının Azərbaycan ərazisində soyqırım törətməsinin etirafı idi. Bakıya və azərbaycanlılara sevgilərini izhar edən bu ermənilər Sarkisyanın hakimiyyəti dövründə bu şəxsin ölkəni uçuruma apardığını bildiriblər. Qeyd ediblər ki, Sarkisyan ölkəni idarə edə bilmir, iqtisadi böhran axınında çırpınan ermənilər çarəsiz qalıblar. Bu kimi açıqlamalarla ölkələrinə və həmvətənlərinə nifrətlərini bəyan ediblər. Ekspertlərin fikrincə, erməni vətəndaşlarının Azərbaycana gəlmələri və buradakı vəziyyəti, ab-havanı öz gözləri ilə görmələri əslində məqbul addımdır. Ən azından bura gələn ermənilərin Azərbaycan və Ermənistan reallıqları ilə bağlı açıqlama və bəyanatları beynəlxalq təşkilatlara çatdırılır. Bununla da dünya ictimaiyyətinin nəzərinə bir daha çatdırılır ki, Ermənistan həqiqətən də işğalçı dövlətdir, iqtisadi böhran durumundadır və  erməni xalqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

“Bu proses davamlı olmalıdır”

İnsan haqları müdafiəçisi Novella Cəfəroğlu “Cümhuriyət” qəzetinə deyib ki, Azərbaycana gəlmək istəyən ermənilərin sayı daha çox olmalıdır. Bu proses davamlı olmalıdır: “Bu həm beynəlxalq təşkilatlar, həm Azərbaycan, həm də elə Ermənistanın xalqı üçün  yaxşıdır. Onlar Azərbaycana gəlməli və vəziyyəti görməlidirlər. Tək ermənilər deyil, bütün xalqlar Azərbaycandakı vəziyyətə valeh olublar. Gəlib burada öyrənib, gedib orada danışmaqları pis əlamət deyil. Digər tərəfdən bu addım ona görə müsbətdir ki, öz dillərində, yəni erməni dilində  bəyan edirlər ki, Qarabağ Azərbaycanındır. Azərbaycanın bütövlüyü təmin olunmalıdır və Ermənistan aqressivdir. Bu məsələlər bütün dünyada yayılacaq”.

“Bura gəlməklə risk ediblər”

Hüquq müdafiəçisinin sözlərinə görə, Bakıya gələn erməniləri hər an hər yerdə öldürə bilərlər: “Onlar artıq Azərbaycana gəlməklə öz həyatlarını təhlükəyə atıblar.  Onların danışdıqları, bəyanat və açıqlamaları həqiqətdir. Həqiqət olmasaydı, niyə dillərinə gətirirdilər. Bəllidir ki, bunlar hər dəqiqə ermənilər tərəfindən öldürülə bilərlər. Hesab edirəm ki, həm Azərbaycanın ərazi bütövlüyünün təbliğatı, həm də Ermənistanın işğalçı dövlət kimi tanınması üçün belə saylar davamlı olmalıdır”.

“Onlar çoxluğun fikrini ifadə edirlər”

Sosial Təşəbbüslər Mərkəzinin sədri Sənan Nəcəfov isə qeyd edib ki, Sarkisyan rejimi orada yaşayan QHT-çilərin fikirlərini sərbəst ifadə etməyə maneçilik yaradır: “Sarkisyan çox quldur rejim yaradıb. Mən hər gün erməni mətbuatını izləyirəm. Onların heç bir məlumatında rast gəlməmişəm ki, Bakıya gələn ermənilərlə bağlı hər hansı açıqlamaları, ya fikirləri olsun. Amma aydın oldu ki, əslində Azərbaycana gələn ermənilərin açıqlamaları Ermənistandakı çoxluğun fikirlərilə eynidir. Hətta 60-70 faiz erməni rejimdən narazıdır. Yəni, öz ölkələrini avtoritar rejim kimi qələmə verdilər. Bu prosesin bizə xeyri var. İlk növbədə erməni QHT-çiləri beynəlxalq təşkilatlara çatdırmaq istəyir ki, Azərbaycanın özündə real mənzərə nədir. Çünki ermənilər Azərbaycanda baş verən ən adi hadisəni belə şişirdərək başqa formalarda beynəlxalq təşkilatlara göndərirlər. Məsələn, ər arvadını vəhşicəsinə qətlə yetirir və ya hər hansı dəhşətli qətl hadisələri törədilir. Ermənistan bu olaylardan öz məqsədləri üçün istifadə edirlər. Hətta Azərbaycanda qadının başının kəsilməsi olayını tərcümə edib dünyaya elə formada çatdırdılar ki, baxın, Azərbaycanda ər arvadına qarşı vəhşilik edir, “görün, bizə nələr edərlər” kimi təbliğatlar aparılır. Bunlar baş kəsəndirlər, bunlar qəddardırlar və s...

Amma  Azərbaycan tərəfi sübut etdi ki, üç erməni Bakıya rahatlıqla gəlir və istədikləri hərəkəti edirlər. Yəni, onlar erməni kilsəsinə gedib baş çəkirlər, rahat Bakını gəzib dolanırlar. Bizim münasibətimiz Ermənistanın işğalçı siyasətinə qarşıdır, ermənilərlə heç bir işimiz yoxdur. Təbliğ bu formada da davam etdirilməlidir”.

“Ermənistanda işğalı dəstəkləməyənlər də var”

QHT rəhbərinin fikrincə, ən yaxşı erməni cəzasını almış ermənidir: “O ermənilərin ki, əli Azərbaycan xalqının qanına batıb, Xocalı cinayətini işlədib, onlar mütləq cəzalanmalıdırlar. Proses onu göstərdi ki, sən demə, Ermənistanın özündə sülhə münasibəti olan var imiş. Məlum oldu ki, Ermənistanın içində də Sarkisyan rejimini bəyənməyən və işğalçı siyasəti dəstəkləməyən ermənilər var. Hətta bu say çoxdur. Bəyan edirlər ki, Dağlıq Qarabağdan çıxmış, hazırda hakimiyyətdə olan 300-500 ermənidən başqa bu rejimi, siyasəti dəstəkləyənlər yoxdur. Bu baxımdan hesab edirəm ki, proses davam etməli və müəyyən şərtlərlə buna imkan verilməlidir. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyənlər, Ermənistanı işğalçı kimi tanıyanlar və Xocalıdan üzr istəyən ermənilər Azərbaycana gəlməlidir. Biz onlarla müzakirələri davam etdirəcəyik və qeyd edəcəyik ki, Ermənistan öz işğalçı siyasətinə son qoymalıdır. Məlumdur ki, Ermənistan danışıqlarda konstruktiv mövqe tutmur. Hər zaman prosesi uzatmağa çalışıblar. Onlar üçün status-kvonun saxlanılması sərf edir.

Amma Azərbaycan tərəfinə bu sərf etmir və prosesin uzanmasına gətirib çıxarır”.

Alçina Amilqızı

 





Həftənin ən çox oxunanları