Yuxarı

Avropadan Azərbaycana “yaşıl işıq”

Avropadan  Azərbaycana  “yaşıl işıq”

 

Qabil Hüseynli: “Azərbaycan gələn ildən Avropanın mühüm qaz təchizatçısına çevriləcək”

Elxan Şahinoğlu: “Bakı Ümumdünya Ticarət Təşkilatına  üzv olmağa gecikir”

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların başlanması üçün mandat verilib. Bu barədə Aİ Şurasının açıqlamasında deyilib. Bildirilib ki, Avropa İttifaqı Şurası Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə bütün üzv ölkələr adından Azərbaycanla hərtərəfli razılaşma üzrə danışıqların başlaması üçün mandatı təsdiqləyib. Yeni razılaşma 1996-cı ildə imzalanmış Əməkdaşlıq və Tərəfdaşlıq razılaşmasını əvəzləyəcək və Azərbaycanla Aİ-nin qarşılaşdığı ümumi maraq və çağırışları nəzərə alacaq.

Saziş Azərbaycana nə vəd edir?

Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində assosiasiya sazişi imzalamaqdan imtina edən rəsmi Bakı alternativ sazişin imzalanması təklifini vermişdi. İndi Brüssel Bakının təklifini müsbət cavablandırdı. Hesab olunur ki, imzalanacaq sənəddə Azərbaycan tərəfi daha çox ticarət, iqtisadi və hərbi sahədə əməkdaşlıq, o cümlədən viza rejiminin sadələşdirilməsi məsələsinə dair verəcəyi təkliflərə üstünlük verəcəyi halda, Aİ-nin təklifləri daha geniş olacaq. Demokratiya, insan haqları sahəsində dialoq, siyasi və ədliyyə (məhkəmə) sistemində ciddi islahatların təşkili bura daxil ola bilər. Əgər Bakı ticarət və iqtisadi məsələlərin üzərində çox dayansa, Brüssel Azərbaycanda sahibkarlıq və sərmayə üçün əlverişli mühitin yaradılmasını tələb edəcək ki, bunun yolu şəffaf məhkəmə sisteminin qurulmasından keçir. Bu da Azərbaycan hakimiyyətini iqtisadi, siyasi və məhkəmə sahələrində tənzimləyici islahatlara təşviq edə bilər. Ehtimala görə, Brüsselin qlobal ticarət sisteminə inteqrasiya tələbinə adekvat olaraq, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün dəstəklənməsi gündəmə gələcək.

Ekspertlər bildirirlər ki, siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və demokratiyanın inkişaf etdirilməsi müqabilində Aİ-nin daxili bazarda müəyyən paya sahib olmaq imkanı, kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində birgə iştirak, Aİ üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi və s. məsələlər də şərt kimi irəli sürülə bilər. Lakin analitiklər Brüsselin insan haqları və demokratiya məsələlərində irəli sürəcəyi şərtlər Bakının narazılığına səbəb olacağını istisna etmirlər.

Avropa İttifaqı ilə hərbi əməkdaşlıq

Politoloq Qabil Hüseynli “Cümhuriyət”ə bildirib ki, bu, Aİ - Azərbaycan münasibətlərinin inkişafında yaxşı tendensiyadır. Q.Hüseynli qeyd edib ki, Azərbaycan gələn ildən Avropanın mühüm qaz təchizatçısına çevriləcək: “Düzdür, Azərbaycanın qaz ehtiyatı bütün Avropanı təmin edə bilməz, amma Türkmənistan qazı bu xəttə qoşulmasıyla qitə dövlətlərini Rusiyanın enerji asılığından qurtarmaq mümkündür. Avropa İttifaqı bu baxımdan Azərbaycanla ticarət və energetika sahəsində əlaqələrə mühüm əhəmiyyət verir. Azərbaycan İspaniya, İtaliya və digər ölkələrə qaz satır, eyni zamanda Mərkəzi Avropa dövlətlərini neftlə təmin edir. Qaz layihəsi işə düşdükdən sonra Avropa İttifaqı ilə münasibətlər daha da inkişaf edəcək. Azərbaycanın Avropa dövlətləri, xüsusilə Almaniya və Fransayla geniş ticarət əlaqələri var. Almaniya Azərbaycana elm, texnologiya tutumlu məhsullar göndərir, üstəgəl ölkəmizdə müəyyən sektorların inkişafında yaxından iştirak edir. Amma təəssüflər olsun ki, hələlik hərbi sahədə əməkdaşlıq qura bilməmişik. Yəqin ki, yeni verilmiş mandatda hərbi əməkdaşlığın, eləcə də birgə hərbi müəssisələrin yaradılması sahəsində əlaqələrin qurulması təkidlə tələb ediləcək. Yeni mandata görə, əlaqələr çoxtərəfli xarakter daşıyacaq. Bununla da Azərbaycan Avropaya inteqrasiyanın ən yüksək səviyyəsinə gedəcək. Azərbaycan bu mandatdan maksimum yararlanmağa çalışmalıdır”.

Brüsselin Bakıdan tələbləri

Politoloq Elxan Şahinoğlu “Cümhuriyət”ə açıqlamasında saziş üzrə danışıqların başlanması üçün mandatın verilməsinin çox ciddi addım olduğunu deyib. E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan tərəfi öz təkliflərini irəli sürmüşdü ki, assosiasiya sazişini imzalamırsa, yeni bir strateji saziş istəyir: “Azərbaycanın bu təklifini Avropa İttifaqı anlayışla qarşıladı. İndi də belə bir sazişin imzalanmasıyla bağlı mandat da verilib. Demək ki, əməkdaşlığı artıq üst səviyyəyə qaldırmaq olar. Həmin sazişdə təkcə iqtisadi, ticarət və enerji məsələləri yer almayacaq. Mümkündür ki, Avropa İttifaqının Azərbaycan hakimiyyətindən bir sıra tələbləri olsun.

Bu siyasi və iqtisadi ilsahatların sürətləndirilməsi, insan haqları və demokratiya məsələləri ilə bağlı ola bilər. Bunların hamısı tərəflər arasında aparılan danışıqların predmetidir. Azərbaycan digər yandan qonşu dövlətlərdən fərqli olaraq, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmağa gecikir. Bu prosesin sürətləndirilməsini də Avropa İttifaqı Bakıdan istəyəcək. Amma mandatın verilməsi, sazişin qısa müddətdə imzalanacağı demək deyil. Bu o deməkdir ki, sazişin üzərində ciddi iş gedəcək, hər iki tərəf öz təkliflərini ortaya qoyacaq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları