Yuxarı

“Xalqın ayağını bağlayıb, “bir kub iynə” vurublar”

“Xalqın ayağını bağlayıb,  “bir kub iynə” vurublar”

Ehtiram Mehtiyev: “Deputatlar dolana bilmirlərsə, gedib soğan əksinlər, pambıq yığsınlar”

Azərbaycanı cənginə almış total böhran vəziyyəti hər keçən gün pisə doğru aparır. Xalq ciddi islahat gözləyir, hakimiyyət isə susur. Müxalifətdən də səs yoxdur. Hər saat vətəndaşların iş yerlərini itirdikləri ölkədə yoxsulluq faizi də şişir. Nazir və deputatlar isə maaşlarından şikayət edirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev “Cümhuriyət”in ölkə daxilində baş verənlərə dair suallarını cavablandırıb.

“İslahatları gecikdirmək olmaz”

- 2017-ci ildən nə gözləyirsiniz? Gözləniləndir ki, hakimiyyət ciddi idarəetmə və iqtisadi islahatlara gedəcək? Konstitusiyaya olunmuş əlavə və dəyişikliklər də bunu tələb edir.

- Siyasi islahatlar bu hakimiyyətin ən yaralı yeridir. Hakimiyyətdə təmsil olunanlar komanda şəklində birləşiblər. Bu komandadan bir nəfərin istefası piramidanın dağılmasına səbəb ola bilər. Ona görə də hakimiyyət bunu riskə ala bilməz. Düzdür, hökumət rəsmiləri referendumdan sonra ciddi islahatlara gediləcəyini və hətta islahat proqramının hazır olduğu bildirsə də verilən vədlərin yerinə yetirilməsi gecikir. Hökumət bir məmurun vəzifədəki yerini dəyişməklə siyasi islahatlar həyata keçirdiyini düşünür. Çox təəssüf ki, hakimiyyət siyasi islahatların mahiyyətini dərk etmir. Hesab edirəm ki, islahatlar mütləq aparılmalıdır və bunu uzatmaq olmaz. Çünki sosial problemlərin günü-gündən artdığı bir dönəmdə hökumət bu optimal yolu dəyərləndirməlidir. Artıq 2016-cı ili geridə qoymaq ərəfəsindəyik. Bu il Azərbaycan üçün uğurlu il keçdiyini düşünmürəm. Çünki, ikinci devalvasiyadan sonra iqtisadiyyatımız və milli gəlirlərimiz xeyli zəiflədi. 2017-ci ildə siyasi islahatlar gözləyirəm. Çətin də olsa hakimiyyət içindəki komandada dəyişiklik edəcək.

“2000 manat maaş alan nazir ayda 300 min necə xərcləyə bilər?”

- Donald Tramp dönəmində ABŞ - Azərbaycan münasibətlərində dəyişiklik ola bilərmi? Trampın Bakıda kifayət qədər dostunun olduğu bildirilir, özünün də Azərbaycana loyal münasibətinin olduğu hiss olunur.

- Siyasətdə əvvəlcə verilən proqnozlar təsadüfən öz reallığını tapır. Vaxtilə “Barak Obama prezident olarsa, islam ölkələrinə xeyri olacaq” kimi fikirlər səslənirdi. Lakin müsəlman Obama prezidentliyi dönəmində “ərəb baharı”ndan tutmuş, Suriyadakı vətəndaş müharibəsinə qədər gördük. ABŞ demokratik siyasət yeridir. Ən azından bunu son seçkilərdə şahidi olduq. Artıq Tramp biznesmen deyil, prezidentdir. ABŞ siyasətində dostlar, qonşular ölkə marağından üstün ola bilməz. Ona görə də bu münasibətlər biznes deyil, siyasi konteksdə davam edəcək.

- Necə olur, nazir olarkən 2000 manat maaş alan Əli Abbasov ayda 300 min manat xərcləyirdi?

- Çox ağır dönəmi geridə qoyduq. MTN olayı bir zamanlar “qara bulud” kimi Azərbaycanın üzərini bürümüşdü. Ölkə hələ də onun vurduğu zərərləri kompensasiya edə bilmir. Hələ də qatı açılmamış cinayətlər qalır. Ölkənin biznesmen təbəqəsini çökdürərək öz maddi rifahı üçün şərait quranlar ən ağır cəzaya məhkumdular. Əli Abbasov da bəhs etdiyimiz bu çirkabın, cinayətin bir parçası olub. O da xalqın cibindən oğurladıqları pullarla özünə dəbdəbəli həyat tərzi qurmuşdu. Yoxsa bir nazir 2000 manat maaşla ayda 300 min manat necə xərcləyə bilərdi?

- Müəllimi, həkimi, fəhləsi və sairi günəmuzd işləyən ölkənin 2200 manat maaş alan deputatları şikayət edirlər ki, dolana bilmirlər. Məsləhətiniz nədir, deputatlara dolanmağın hansı yollarını göstərmək olar?

- Məmləkət nə günə qalıb ki, deputatı da maaşdan şikayət edir. 2200 manat maaş alasan və utanmadan “bu maaşla dolanmaq çətindir” deyəsən. Əslində dil çaşıb, sözün düzünü deyib. Nəzərə alaq ki, ölkədə hər şeyin qiyməti qalxıb. Bu maaşla deputat həqiqətən də çətin dolanar. Tutaq ki, o deputatın başqa biznesi yoxdur, ancaq maaşla dolanır. Xidmət maşını var, təbii ki, maşının sürücüsü də var.

Ən azı iki villası var. Villanın mühafizəçisi var. Rövnəq müəllim demişkən, istilik sistemi var. Həyətdə iti, pişiyi var. Adam düz deyir də, bu maaşla necə dolana bilər? Mən hələ övladlarının xərclərini demirəm. Belə problemlərə baxanda yadıma Aqil Abbasın maaşı ilə bağlı fikri düşdü.

Amma sonradan baxdım ki, maaşla bağlı şikayət edən deputatlardan biri də elə bizim Aqil müəllim imiş. Aqil müəllim, indi get, o təklifini özünün və həmkarlarının üzərində tətbiq elə. Zatən, yerlərindən tərpənmirlər, heç bir işin qulpundan yapışmırlar. Gedin soğan, taxıl əkin, pambıq yığın. Xalqımız da görsün ki, ölkəyə bir xeyriniz dəyir.

“Ənənəvi müxalifət ölüm ayağındadır”

- Azərbaycanın vəziyyəti getdikcə pisləşir. Hakimiyyətdən gözlənti də yoxdur ki, əlini nəhayət, daşın altına qoyub, insanları vəziyyətdən çıxaracaq. Ehtiram bəy, müxalifət hardadır, səssizlik “oruc”unu nə vaxt açacaq?

- Nə hikmətdirsə bu məmləkətin problemləri bitmək bilmir. Qlobal qayğılar da getdikcə çoxalır. Xalqımız illərdir bu hökumətdən verdiyi vədləri yerinə yetirəcəyini gözləyir. Azərbaycan xalqı üçün əbəs yerə “dözümlü xalq”dır deməyiblər. Mən bu xalqı Xoşqədəmin verilişindəki yaşlı Saməddin dayıya bənzədirəm, Xoşqədəmi də hökumətə. Xəstə (xalq) həkimin əlil arabasında can verdiyi bir məqamda, “onun ayağını bağla, bir kub iynə vur, yatsın”, deyən Xoşqədəm (hökumət) kimi təsəvvür edirəm. Xalq bu hökuməti dəstəkləmək üçün gərək qarşılıq görə, amma xalq heç zaman hökumətin dəstəyini isti münasibətini görmədi. Ənənəvi müxalifət də ölüm ayağındadır. Baxın bu gün müxalifət arasında xalqın problemlərini davamlı və ardıcıl şəkildə gündəmə gətirən, yorulmadan bu problemlərin həlli üçün əlindən gələni əsirgəməyən AXCP sədri Razi Nurullayevdir. Biz partiya olaraq, müxalifətin itirilmiş etimadını qazanmağa çalışırıq. Arzu edirik ki, bunu digər partiyalar da qazansın.

Mənsur





Həftənin ən çox oxunanları