Yuxarı

“Siyasi məhbus” biznesi: Savaş qızışır

“Siyasi məhbus”  biznesi: Savaş qızışır

 

Mirvari Qəhrəmanlı: “Jurnalist də, bu sahədə təcrübəsi olmayan da siyasi məhbus siyahısı hazırlayır”

Siyasi məhbus siyahısının hazırlanması ilə bağlı mübarizə hələ də davam edir. Bu siyahının hazırlanmasını bir neçə radikal müxalifətçi öz üzərinə götürüb. Hazırlanan siyahılar isə fərqli olduğu üçün tərəflər arasında ciddi narazılıqlara səbəb olub. Son günlər araşdırmaçı jurnalist Xədicə İsmayıl, “Yurd” sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılının siyasi məhbus siyahısının hazırlanması uğrunda kəskin mübarizəsi ölkə mediasının gündəmində yer aldı.

Bu günlərdə isə hüquq müdafiəçisi Leyla Yunus yeni bir siyasi məhbus siyahısını Avropa parlamentinə təqdim edib. Siyahıda 160 nəfərin adı var. Azərbaycanda nə qədər siyasi məhbus olması haqqında rəsmi açıqlama olmadığı üçün dəqiq say məlum deyil. Ayrı-ayrı şəxslər tərəfindən hazırlanan siyahıda isə rəqəmlər bir-birindən kifayət qədər fərqlənir.

Bununla bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən Siyasi Məhbuslarla İş üzrə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, digər qurumlarda bu rəqəm 3 dəfə azdır. Onun sözlərinə görə, siyasi məhbus siyahısı hazırlayanların sayının çox olması beynəlxalq təşkilatları çaşdırır: “Mən siyasi məhbus siyahısı hazırlanmıram. Amma həmkarlarımın hazırladığı siyahıda siyasi məhbusların sayı bu rəqəmin 3-də 1-i qədərdir. Siyahının hazırlanmasından xəbərim olsa da mən bu prosesdə iştirak etməmişəm. Ümumiyyətlə, bu yükün altına girmək çox çətindir. Kimisə siyasi məhbus adlandırıb o siyahıya yaza bilərsən, ancaq bunu əsaslandırmaq lazımdır. Bütün məhkəmələrin monitorinqi aparılmalıdır, hakimləri, Avropa Məhkəməsinin, Beynəlxalq Amnstiya Təşkilatının rəyləri öyrənilməlidir. Hal-hazırda Azərbaycanda 3 siyasi məhbus siyahısı var. Ümumiyyətlə, bu həmişə də belə olub. Siyasi məhbus problemilə təkcə QHT-lər deyil, hamı məşğul olur. İndi jurnalist də, bu sahədə təcrübəsi olan da, olmayan da siyasi məhbus siyahısı hazırlayır. Ancaq baxışlar, yanaşmalar müxtəlifdir. Hər kəs bu məsələyə müxtəlif prizmadan yanaşır. Bəzilər sübut etməyə çalışır ki, ölkədə siyasi məhbus bu qədərdir. Bəziləri də deyir ki, bu qədər çox deyil. Hətta bu məsələnin üstündə mübahisələr, ittihamlar da olur. Bunun yalnız bir cavabı var. Əgər ölkədə siyasi məhbus varsa, 5, 10 və yaxud Novella Cəfəroğlunun siyahısındaki kimi 20 nəfərə yaxın olsun, bu o deməkdir ki, siyasi hüquqlar pozulur. Ölkədə siyasi hüquqların pozulması birmənalıdır.

Çox təəssüf edirəm ki, bizim sahədə fəaliyyət göstərən və kömək edən insanlar yoxdur. Mən siyahı tərtib etsəm ki, ölkədə sosial, əmək, mülki hüquqlar necə pozulur, bu, ölkə əhalisinin yarısını təşkil edər. Ölkədə siyasi hüquqların da müdafiəsi olmalıdır, amma bu yöndə də işləmək lazımdır. Əvvəllər ölkədə 2 siyasi məhbus siyahısı var idi, indi 3-dür. Mən qorxuram ki, bir azdan 4-cü də çıxacaq. Bu da beynəlxalq təşkilatları çaşdırır. Əsas odur ki, ölkədə bir nəfər də siyasi məhbus olmasın”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları