Yuxarı

AXCP bəyanat verdi: “Hər kəsi ümumxalq mübarizəsinə başlamaq üçün vahid mərkəzdə birləşməyə çağırırıq”

AXCP bəyanat verdi: “Hər kəsi ümumxalq mübarizəsinə başlamaq üçün vahid mərkəzdə birləşməyə çağırırıq”

“Hökumətin yarıtmaz və monopoliyaya söykənən, bir qrup insana xidmət edən iqtisadi siyasəti nəticəsində ölkə xaosun astanasındadır. Manat “ölüb”, büdcə boşalıb, ölkədə “işsizlər ordusu” yaranıb, qiymətlər hər gün bahalaşır və ölkə vətəndaşlarının qazancı kəskin şəkildə azalır. Bütün bu iqtisadi xaosun fonunda hökumət vəziyyətdən çıxış yolunu düzgün seçə bilmir. Özünün pis idarəçəliyinin heyfini xalqdan çıxmağa çalışır. Tariflər qaldırılır, maaşlar, pensiyalar isə hər zamanki kimi aşağı səviyyədə saxlanmaqda davam edir. Bu gün əhalinin çoxluq təşkil edən yoxsul təbəqəsinin aylıq qazancı keyfiyyətsiz formada təmin edilən məişət xidmətlərinin haqqını belə ödəməyə kifayət etmir”. 

Cebhe.info xəbər verir ki, bu fikirlər AXCP-nin ölkədə yaranan durumla bağlı bəyanatında yer alıb.

Bəyanatda bildirilir ki, Tarif Şurasının sonuncu dəfə qazın və işığın qiymətini qaldırması məhz hökumətin yarıtmaz siyasəti nəticəsində talan olunan ölkə iqtisadiyyatının doldura bilmədiyi büdcənin sadə, kasıb xalqın aclığı və səfilliyi bahasına doldurulmasına hesablanıb: 

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq hökumətin son qiymət artımını anti-milli qərar kimi dəyərləndiririk. Bu addımı xaosu daha da sürətləndirəcək, onsuz da bərbad olan xalq-hakimiyyət münasibətlərini daha da kəskinləşdirəcək.

Çünki qazın, elektrik enerjisinin bahalaşması bütün sahələrdə bahalaşma deməkdir. Artıq qiymət artımı ilə bağlı qərarın verildiyi gün bir çox sahələrdən bahalaşma siqnalı gəldi. Ən acınacaqlısı isə dərmanların qiyməti kəskin bahalaşdı. Bu bahalaşma eyni zamanda sahibkarlara, iş adamlarına da zərbə olacaq, iş yerləri bağlanacaq ki, bu da ölkədəki “işsizlər ordusu”nun sıralarını daha da genişləndirəcək.

Biz AXCP olaraq birmənalı şəkildə bildiririk ki, hökumətin illərdir yürütdüyü iqtisadi siyasət Azərbaycan dövlətçiliyi və milliliyinin ziyanınadır, xalqı birmənalı olaraq səfalətə sürükləyir. Ölkə vətəndaşları sürətlə Azərbaycanı tərk edir və xoşbəxtliklərini tənqid etdiyiniz Qərb ölkələrində axtarırlar.

AXCP partiya olaraq çox müraciətlər etdi, təkliflər verdi, vəziyyətin bu yerə gəlib çıxacağını bildirdi. Zamanında dedik, nə qədər ki, hakimiyyət özü içərisində təmizlənməyə, ələnməyə getməyəcək, ölkədə heç bir inkişafdan danışmaq olmaz. Hökumətdən sərt qanunlar tələb etdik, korrupsionerlərə, monopolistlərə, bu ölkənin sərvətlərini talayanlara, büdcəni yeyib boşaldanlara qarşı ömürlük, hətta ölüm cəzası tələb etdik.

Bu gün Azərbaycan sosial-iqtisadi cəhətdən uçurumun kənarındadırsa, bunun arxasında hökumətin idarəetməsindəki boşluqlar, cəzasızlıq, mərkəzə tabesizlik, mərkəzdən idarəetməni itirmə və bunlardan qaynaqlanan korrupsiya, inhisarçılıq, tamahkarlıq, səriştəsizlik durur”.

AXCP vəziyyətdən çıxış yolu da təklif edib: “Ya hakimiyyət öz tərkibində ən azı 50% dəyişikliyə, təmizlənməyə getməlidir, müxalifətlə bir masa arxasına oturub məsləhətləşmələr aparmalı, ya da tam tərkibdə istefa verməlidir. Biz eyni zamanda Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq xalqımızı bu ağır böhrandan, zülmdən qurtarmaq üçün ölkədəki bütün siyasi partiyaları əməkdaşlığa dəvət edirik. Hər kəsi hökumətin məhz sadə xalqa qarşı yürütdüyü hazırki kəmərsıxma siyasətinə qarşı birlikdə, ümumxalq mübarizəsinə başlamaq üçün vahid mərkəzdə birləşməyə və məsləhətləşmələr aparmağa səsləyirik”.





Həftənin ən çox oxunanları