Yuxarı

Əli Kərimlinin absurd iddiası və “Yurd”un yalan maşını

Əli Kərimlinin absurd iddiası  və “Yurd”un yalan maşını

 

Ştatlı muzdluları da “iş başında”...

Azərbaycanda baş verən total iqtisadi böhrana Milli Şuraya yaxın fəallardan və “Yurd” təşkilatının üzvlərindən müqayisəli şərhlər gəlir. Sosial şəbəkələrdə aktivləşən “yurd”çular ölkədə baş verənləri 1990-cı illərin sonlarının hadisələri ilə müqayisə edirlər. Qeyd edirlər ki, 90-cı illərin sonlarında Azərbaycanda iqtisadi böhran baş verəndə hakimiyyət Xalq Cəbhəsinin lideri mərhum Əbülfəz Elçibəyə imkan vermədi ki, ölkəni üzləşdiyi problemlərdən çıxarsın.

Həqiqətən də həmin vaxt müxalifətdə olan Əbülfəz Elçibəy təklif verdi ki, 2 il prezident olacaq, bu müddət ərzində də hazırladığı iqtisadi proqramla ölkəni böhrandan çıxaracaq. Elçibəyin təklifinə nə müxalifətdən, nə də hakimiyyətdən adekvat cavab gəlmədi. Müxalifətdə olan bir sıra şəxslər hakimiyyətdən daha çox bütün mümkün vasitələrdən istifadə edərək, Xalq Cəbhəsi liderinin qarşısına keçdilər. Əli Kərimlinin müxalifət daxilində yaratdığı separatizm xüsusilə hakimiyyətin işinə yarayırdı. Həmin vaxt “Yurd” sədri də müxalifətin birləşə bilməməsi və Elçibəyin vahid namizəd olmaması üçün əlindən gələni etdi. O vaxt Əli Kərimlinin “kəndiri” hakimiyyətin əlində idi və “Yurd” qrupu yuxarıdan idarə olunurdu. Əli Kərimlinin qarşısına qoyulan tapşırıqlardan biri də Elçibəyə qarşı təbliğat aparmaq, onun başını AXCP və müxalifətdaxili problemlərlə qatmaq idi. “Yurd” sədri bir sıra mətbuat orqanlarında Əbülfəz Elçibəyin əleyhinə “qara piar” kampaniyası təşkil edir, Elçibəyi nüfuzdan salmağa çalışır və buna görə hakimiyyətdən dəstək alırdı. Bu o vaxt idi ki, Əbülfəz Elçibəy telekanallarda “qara həlqə” işərisində “vətən xaini” qismində göstərilirdi. İndi həmin tarixə istinad edən “Yurd” üzvləri günahlarını yumaq üçün hərəkətə keçiblər. Həmin dövrlə indiki vəziyyəti müqayisə edərək, o iddianı dilə gətirirlər ki, 1990-cı illərin sonlarında ölkəni böhrandan çıxarmağa Əbülfəz Elçibəyə hakimiyyət imkan vermədi, indi də Əli Kərimliyə imkan vermir. O zaman (1998-ci il prezident seçkilərində) müxalifət Əbülfəz Elçibəyin vahid namizəd olmasına imkan vermədi, bu gün Əli Kərimliyə imkan vermir.

“Yurd” üzvləri və Milli Şuranın ştatlı muzdlularının bu iddiaları Əbülfəz Elçibəyə növbəti təhqirdir. Birincisi, müstəqillik tariximizin ən uğursuz və qaragüruhçu “siyasətçi”si olan Əli Kərimli ilə Azərbaycana müstəqilliyin qazandırılmasında əvəzsiz xidmətləri olmuş bir şəxslə - Əbülfəz Elçibəylə müqayisə etmək ən böyük həyasızlıqdır. Əbülfəz Elçibəy 1970-ci illərdə Sovet Azərbaycanında gizli proseslərə, müstəqillik mübarizəsinə rəhbərlik etməkdə ittiham olunub, rus KQB-si tərəfindən həbs olunanda, Əli Kərimli ya onun kimi düşünənlərdən kimsə vardımı? 80-ci illərin sonlarında bütün xalq Xalq Cəbhəsinin ətrafında birləşib Sovet rejiminə qarşı mübarizə aparanda, o da bu mübarizəyə sıradan biri kimi qoşuldu. Lakin separatçılıq edərək “Yurd” təşkilatını yaratdı. Həmin vaxt “Yurd”un Elçibəy liderliyindəki Xalq Cəbhəsinə alternativ olduğu, sifarişin də Əli Kərimlinin üzvü olduğu Kommunist Partiyasından gəldiyi də şəksiz idi. Yəni siyasi karyera baxımından bu iki şəxs arasında böyük fərqlər var. Elçibəy Azərbaycanın müstəqilliyi ilə sonuclanan milli azadlıq hərəkatının lideri idisə, Əli Kərimli müxalifət daxilində daim separatçılıq etmiş, düşərgənin parçalanmasına çalışmışdır. İdeoloji və məqsəd baxışlarında fərqlilik olan bu şəxslərdən ikincisi - “Yurd” sədri elə sonrakı zamanlarda Elçibəylə eyni məqsəd uğrunda mübarizə apardığını deyib, komsomol qiyafəsində daxil olduğu demokratik düşərgədə ilk fəaliyyətindəcə məqsədə xəyanət etdi. O, AXCP-ni saxtakarlıq yoluyla ələ keçirilməsində, müxalifətin parçalanmasında hər zaman önəmli rollardan birini oynayıb. Əli Kərimli o şəxsdir ki, müxalifətin öndə gedən partiyaların hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib, iqtidarını boykot qərarı verdikləri vaxt, o, hakimiyyətin verdiyi mandatları qəbul edərək, iki dəfə Milli Məclisdə deputat simasında oturdu.

İkincisi, 1990-cı illərin sonlarında Əbülfəz Elçibəy müxalifətə təklif edəndə ki, mənə imkan verin, ölkəni böhrandan çıxarım, onun komandası, strateji proqramları vardı. Bəs Əli Kərimlinin əlində nə var? Avatüra və populizmdən başqa heç nə. Manatın kəskin devalvasiyasından sonra müxalifət partiyaları bir-bir iqtidara anti-böhran proqramları təklif etdilər. Əli Kərimli yenə də həm müxalifətin cəhdlərini məsxərəyə qoydu, siyasi partiyaları iqtidara satılmaqda ittiham etdi. Vəziyyətdən çıxış yolu təklif etmək, yaxud hakimiyyətə etiraz etmək əvəzinə yaranmış situasiyadan istifadə edərək , fəallaşan dini radikallara dəstək verdi. Yaxın ətrafında olan gəncləri, müavini Fuad Qəhrəmanlını da təxribata çəkərək həbs olunmalarında vasitəçilik etdi. Sonrakı dövrlərdə də Əli Kərimlinin böhrana münasibəti onunla yekunlaşdı ki, baş verənlərə Facebook-da statuslar yazdı. Həmin statuslarda heç vaxt böhrandan çıxış yolu göstərilmədi, əksinə hakim komandada təmsil olunan və şəxsi konflikləri olan şəxslərə yönəlik təhqirlər etdi, ittihamlar səsləndirdi. İndi də sədri olduğu təşkilatın üzvləri vasitəsilə hakimiyyətə olan iddiasını dilə gətirir. Əlində heç bir proqram olmadığı halda, uşaq başı aldadırmış kimi “hakimiyyəti mənə verin, ölkəni böhrandan çıxarıb, sizə qaytaracam” deyir.

Əli Kərimli xalqı 23 ildir yalan vədlərilə aldadır. “Müxalifət lideri” olduğunu iddia edərək, özünü xilaskar kimi təqdim edir. Əslində xalqın taleyi elə bu hökumət kimi onu da maraqlandırmır. Heç bir halda öz şəxsiyyətinə, mənliyinə ağır məğlubiyyətləri, təhqirləri sığışdırmayan siyasətçi uzun illər kürsüsündən dörd əllə yapışıb, müxalifətdə qalmazdı. Ən azından özünə hörmət əlaməti olaraq, geri çəkilərdi. Bu xalqı necə adlatmaq olar axı? Xalqın gözü tərəzidir, Azərbaycan da kiçik ölkə. Xalq bundan nə başa düşür ki, rəsmi qaydada heç bir yerdə işi olmayan Əli Kərimlinin Bakıda böyük biznesi var və özü də dəbdəbəli malikanədə yaşayır?!. Türklər demiş, yazlıq evi ayrı, qışlıq evi ayrı, yaylıq evi ayrı... Şübhəsiz ki, bilinən bu həqiqətlərin fonunda Əli Kərimlinin dilə gətirdiyi iddia - müxalifətçilik imitasiyasıdır, işlədiyi ayrı-ayrı siyasi dairələrin agenti olmaq ittihamlarından yayınmaq cəhdləridir.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları