Yuxarı

Minsk Qrupundan xristian həmrəyliyi

Minsk Qrupundan xristian həmrəyliyi

Qurum ermənilərin maraqlarından çıxış edir

Cümşüd Nuriyev: “Bu format dəyişməlidir”

22 il əvvəl Bişkekdə atəşkəs haqqında saziş imzalandı. Lakin Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün olmadı.Sazişin imzalanmasından dərhal sonra həll prosesi ATƏT-in Minsk Qrupu formatına daşındı, amma bu da çıxış yolu olmadı. Həmsədrlik missiyası 1 il üçün nəzərdə tutulmuşdu, lakin bunun üzərindən 22 il keçir, nə Minsk Qrupu fəallıq göstərir, nə Ermənistan və Azərbaycan arasında danışılacaq ortaq dil var, nə də bacarıqsız həmsədrlər geri çəkilirlər.

Minsk Qrupunun bacarıqsızlığı, Ermənistanın Azərbaycan qarşısında irəli sürdüyü qəbulolunmaz şərtləri, həmsədr dövlətlər - Fransa, Rusiya və ABŞ-ın regionda toqquşan maraqları prosesi uzadır.Mövcud vəziyyətdə də həll yolu görünmür.Nüfuzlu siyasət adamları buna görə də təklif edirlər ki, Azərbaycan danışıqları dayandırıb, Minsk Qrupundan imtina edib ya savaşa başlasın, ya da alternativ format təklif etsin.Təklif olunan formatda münaqişə tərəfləri arasında balans qorunmalıdır.Minsk Qrupuna gəlincə - bu Qarabağ üçün seçilmiş uğurlu format deyildi.Elə həmsədrlərin problemə soyuq, nəzəri və səthi yanaşması da bundan xəbər verir.

Aprel döyüşləri və həmsədrlər

Qrupdan aktivlik gözləməyə dəyməz.Aprel döyüşləri vaxtı da həmsədrlər özlərini həlledici tərəf kimi göstərə bilmədilər. Apreldə Ermənistan ordusundan Azərbaycana qarşı təxribat baş verdi. Düşmən ordu Azərbaycan ərazilərinə girərək, cəbhə xəttinə yaxın bölgədəki yaşayış məntəqələrini ələ keçirməyə çalışdı.

Lakin Azərbaycan ordusunun əks cavabı erməniləri geri çəkilməyə məcbur etdi. Həmin vaxt Minsk Qrupu proseslərə müdaxilə edərək işğalçı və təxribata əl atan tərəfin adını çəkmədən münaqişə tərəfləri arasında heç bir fərq qoymadı, ümumi bəyanat verdi. Əvəzində Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “Tvitter”də döyüşlərdə həlak olmuş erməni hərbçilərinin ailələrinə başsağlığı verdi.

“Dinc yolla həll mümkün deyil”

AXCP-nin sözçüsü Vüsal Qarayev “Cümhuriyət”ə bildirib ki, Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində görə biləcəyi iş yoxdur. V.Qarayev hesab edir ki, problemin açarı həmsədrlərdə deyil: “ATƏT-in Minsk Qrupunun fəaliyyəti yarandığı gündən teatr truppasının fəaliyyətindən fərqlənmir. Həmsədrlərin işi yalnız tamaşa göstərməkdən ibarətdir.Yəni konkret olaraq, həmsədrlərin Qarabağ probleminin həllinə təsir edə biləcək səlahiyyətləri yoxdur.Turist kimi gəlirlər, gəzib, yeyib-içib gedirlər.Səbəbi də məlumdur, həmsədrlərin təmsil etdikləri ölkələr özləri bu problemin həllində maraqlı deyillər.Buna görə də özümüzü aldatmayaq, onsuz da artıq heç kəs bu siyasi oyunlara inanmır.Bir sözlə, Qarabağ münaqişəsinin dinc yolla, üçüncü dövlətin müdaxiləsiylə Azərbaycanın xeyrinə həlli mümkünsüzdür”.

“Amerikalı səfir çaşdı”

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət”ə deyib ki, həmsədrlərdən fəallıq gözləməyə dəyməz. C.Nuriyevin sözlərinə görə, ATƏT münaqişə ortaya çıxandan özünü sülh tərəfdarı olan beynəlxalq qurum kimi göstərə bilmədi: “Minsk Qrupu da faktiki olaraq, xristian klubudur. Münaqişənin tərəflərindən biri müsəlman Azərbaycan olduğu üçün də bu klub xristian həmrəyliyi nümayiş etdirir.Digər yandan da qrupu təmsil edən dövlətlərin regiondakı maraqları kəsişdiyi üçün münaqişənin həll olunmasını istəmirlər.Bir tərəfdən də BMT Təhlükəsizlik Şurasının daimi üzvündən ikisi Minsk Qrupunda təmsil olunur.Şuranın da Qarabağla bağlı 4 qətnaməsi var və bunlardan heç biri icra olunmayıb.Deməli, bu dövlətlər həldə maraqlı deyillər.Bu günədək də Azərbaycana turist kimi gəlib-gediblər.Nəzərə alsaq ki, hər 3 dövlətdə erməni lobbisinin kifayət qədər güclü fəaliyyəti var, bu zaman məsələ anlaşılandır.Xüsusilə Rusiya və ABŞ-ın Azərbaycandakı maraqları Qarabağ məsələsinin həllinə mane olur.Azərbaycana münaqişəni hərb variantı ilə həll etməyə imkan vermirlər. Hətta amerikalı səfir Robert Sekuta da çaşıb dedi ki, ABŞ müharibəyə icazə verməyəcək. Yəni, bu format heç bir halda Azərbaycanın maraqlarına uyğun deyil.Azərbaycan bundan heç nə gözləməməlidir.Amma Azərbaycan münaqişənin dinc yolla həllinə razılaşıb. Lakin problem ATƏT formatında həll edilməməlidir: ya format dəyişməlidir, ya da Azərbaycan bundan imtina etməlidir”.

Mənsur





Həftənin ən çox oxunanları