Yuxarı

Əli Kərimlinin “xoşbəxlik formulu”

Əli Kərimlinin “xoşbəxlik formulu”

Böhrandan çıxış yolu “Yurd”a üzv olmaq imiş

“Yurd” sədri Əli Kərimli Feysbuk səhifəsində yazıb ki, Azərbaycan xalqı xoşbəxt olmaq istəyirsə, rəhbərlik etdiyi təşkilatın üzvü olsun. O, Azərbaycanda xoşbəxt olmağın ikinci alternativinin olmadığını diqqətə çatdırıb: “Vətənimizin və millətimizin taleyinə biganə olmayanları, talançı və qanunsuz rejimlə ardıcıl və qətiyyətli mübarizə tərəfdarlarını təşkilatımıza üzv olmağa, sıralarımızı daha da genişləndirməyə çağırıram”.

Əli Kərimli yazır ki, mövcud siyasi rejimin yanlış iqtisadi siyasəti əhalini pis günə qoyub. Onu da qeyd edir ki, böhran qarşısında heç bir tədbirlər planına sahib olmayan rejimin indən sonra atdığı addımlar da işə yaramayacaq. Əli Kərimli buna görə, xalq üçün çıxış yolunun onun təşkilatına-yəni “Yurd”a üzvlükdən keçdiyini iddia edir. Statusun paylaşılmasından bir neçə gün əvvəl isə yaxın ətrafı Əli Kərimlinin adından başqa bir iddianı gündəmə gətirməyə çalışmışdılar. “Yurd”çular demişdilər ki, hökumət bir müddətlik iqtidarını Əli Kərimliyə versin, o Azərbaycanı çətin vəziyyətdən kərə yağından qıl çəkirmiş kimi çıxaracaq. Yəni, Əli Kərimlinin dediklərindən belə çıxırdı ki, xalq ruhu da incimədən gecə yatıb, səhər yağ-bal küplərinin içində oyanacaq. Mütəxəssislər isə deyirlər ki, bu qədər yağ və balın içində üzmək xalqı boğub öldürər.

“Turp” nağılı

Hətta, bir az irəli gedən “yurdçu”lar demişdilər ki, vaxtilə Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy də belə bir təşəbbüsdə bulunub, lakin hakimiyyət buna icazə verməyib. İndi həmin hakimiyyət paxıllıq edərək, Əli Kərimlinin arzularını ürəyində qoyur. Amma Əli Kərimlinin iddiasından çıxan nəticə budur ki, o, “işıq sürəti”ylə Azərbaycanı quyunun dibindən dartıb çıxaracaq. Mütəxəssislər isə deyirlər ki, indiki hakimiyyət, yaxud hakimiyyətə gələcək potensial qüvvə quyunun dibindəki ölkənin bir ətəyindən tutub dartmağa başlasa, uzağı 7-8 ilə başı quyunun ağzından görünməyə başlayacaq. Yəni, yarıdan çoxu içəridə qalacaq. Çünki siyasi rejimin yalan danışdıqca kökü dərinlərə işləyən “turp”u o qədər ağırlaşıb ki, qonşuları, qohumları çağırıb dartsan da, uzağı verdiyin gücdən üzün qızaracaq, əzələlərin dartılacaq, qarnına qaz yığılacaq. Mütəxəssislər bu baxımdan Bahar Muradovaya istinadən deyirlər ki, Əli Kərimli də xalq kimi ayaqlarını yorğanına görə uzatmalıdır.

86.6 min kq və sısqa çiyinlər

Əli Kərimli hakimiyyət kürsüsünə çıxmaq istəyir, o, ölkənin hakimiyyətin kürsüsünə ki, o müxalifətçilərə və Əli Kərimliyə ölkənin televiziyalarının efirlərinə beşcə dəqiqəlik çıxmağa icazə vermir. Hər seçkidə sevinirlər ki, efir vaxtı veriləcək, onlar da danışacaqlar.

Çıxmamışdan əvvəl də qohumlarına deyəcəklər ki, biz çıxış edəndə şəkillərimizi çəkib Feysbuk-da paylaşın, elə edin ki, telekanalın loqosu da düşsün. Qalan vaxtlarda da seçkiləri gözləyirlər. İndi də Əli Kərimli və digərləri də bundan küsüb, evdə qalıb qarıyan qızlar kimi mısmırıqlarını sallayıb, küsüb öz evlərinə çəkiliblər. İndi hakimiyyətdən, dəstəkləmir deyə xalqdan küsüb efirə çıxmaq üçün də bir addım atmaq istəməyən adam 86.6 min kiloqramlıq ölkəni hansı formada sısqa çiyinlərinə alıb ağ günə çıxaracaq?

Özünü yoxlamaq üçün güc vermək olar, amma vallah, mütəxəssislər deyirlər ki, problemləriylə ağırlığını bir neçə dəfə artırmış Azərbaycanı yerindən qaldırmağa güc versən, sürüşüb belindən aşağı düşəcək, sən də kəllə-mayallaq arxası üstdə yerə çırpılacaqsan. Qaldıra bilsə, indiki hakimiyyət bunu edərdi.

Ölənədək çətinlik

Vəziyyət elə gətirib ki, indi qardaş qardaşa bir artıq tikəsini bağışlamır. Nə bu cəmiyyət bu hakimiyyətə, nə Əli Kərimliyə, nə əli kərimlikimilərə, nə də özünə inanmır. Siyasətçilər xalqı elə aldadıblar ki, heç kəsin özünə inamı qalmayıb. Ölübmü, yaşayırmı, sürünürümü, yoxsa hələ doğulmayıbmı, döldürmü - buna da inanmır, inanmağı gəlmir. Xalqın ümidlərini rüşeymində öldürənlərdə də günah var, xalqın özündə də. Çünki Azərbaycanda yaşayan adamlar hələ cəmiyyət, toplum, birlikdəlik şüuruna sahib deyillər. Axırıncı dəfə 1980-ci illərin sonlarında birtəhər Elçibəy və digərləri əllərindən tutub meydanlara çıxara bildi, elə görüb-görəcəyimiz də bu oldu. Sonra Elçibəyin və digərlərinin “Şimal ayısı”nın pəncəsindən qurtardığı xalqın hakimiyyətinin kürsüsünə başqaları oturdular. Fəsillər, nəsillər dəyişdi, hətta dünya dəyişdi, kosmosa uçmaq Sumqayıt - Bakı yoluna döndü, geyindikcə gözəl qoxu verən corabların istehsalına başlanıldı, amma bu hakimiyyət dəyişmədi.

Dəyişmədikcə də xalq ümidini özündən də qırdı, bu hakimiyyətdən də, müxalifətdən də. Əli Kərimli və digərləri də ovqatlarının xoş vaxtlarında qalxıb dedilər ki, sabah hakimiyyətə gələcəyik. O sabah, bu sabah - nə sarvan görünür, nə karvan. Xalq artıq heç nə gözləmir. Xalq o qravürə inanır ki, çətinliyi ölənədəkdir.

Mənsur





Həftənin ən çox oxunanları