Yuxarı

Diktator ədası ilə xeyir-şər müstəvisinə enənlər

Diktator ədası ilə xeyir-şər  müstəvisinə enənlər

 

Əli Kərimli və onun kimi düşünənlərin bolşevik təfəkkürü

“Bizə dönük çıxıb getmiş adamların yazılarına dəstək verməyi, xeyir işlərində yanlarında olmağı, barələrində təriflər yazmağı tərgidin. Nəzərə alın ki, bu yolla dönüklüyə stimul verirsiniz”. Müsavat Partiyasının başqanı Arif Hacılının rəhbərlik etdiyi qurumun Feysbuk-dakı gizli qrupunda partiya üzvləri və müavinləri qarşısında qoyduğu tələb bu formadadır.

Ənənəvi müxalifəti bitirən ambisiyalar

Paylaşımın “skrinşot”u partiyadakı adamları tərəfindən vaxtilə Müsavatı tərk edib getmiş şəxslərə ötürülüb. Həmin şəxslər də “skrin”i paylaşaraq, Arif Hacılını kəskin tənqid kampaniyasına başlayıblar. Keçmiş müsavatçılar Arif Hacılını diktatorluqda ittiham edirlər. Qeyd edirlər ki, partiyanı “bizim kimi düşünməyən bizdən deyil” prinsipiylə idarə edən diktator başqan, partiya daxilində növbəti parçalanmanın əsasını qoyub. Yaxın vaxtlarda partiyadan kütləvi istefaların başlayacağı da iddialar arasındadır.

Arif Hacılının partiya üzvləri qarşısında qoyduğu tələb ənənvi müxalifətin liderlərinin ambisiyasının növbəti dəfə və açıq ifşasıdır. Zatən, müxalifətin bir siyasi düşərgə kimi sıradan çıxmasının əsas problemlərindən biri də budur, bəlkə birincisidir. “Müxalifət liderliyi”nə iddia edən “Yurd” sədri Əli Kərimli də belədir, Arif Hacılı da belədir, bir sıra partiya sədrləri də fəaliyyətlərində şəxsi, diktatorial ambisiyalarının təbliğatçıları qismindən çıxış edirlər. İndi bəzi müxalifət partiyalarının sədrləri də rəhbərlik etdiyi qurumların olub-qalan, bir cüt, iki tək üzvün qarşısında o şərtləri qoyurlar ki, rəqib sayılacaq partiyalarla virtual və real əlaqələr saxlanılmasın.

Hakimiyyətə, yoxsa müxalifətə müxalif?

Azərbaycan müxalifətinin sıradan çıxmasında əsas rol oynayan bu məsələnin ilk yaradıcıları Əli Kərimli və liderlik iddiasında olan digər partiya sədrləridir. İlk növbədə bu ambision mövqelər cəmiyyətdə müxalifətə qarşı inamı yox edir, digər yandan müxalifətin parçalanmasına xidmət edir. Bu da hakimiyyətin doğru bildiyi əyri yolda maneəsiz irəliləməsinə mane olmur. Siyasi meydanda olan partiyaların hamısının əsas iddiası hakimiyyətə gəlməklə, yəni, siyasətlə bağlıdır. Partiyaların və ictimai əsaslı müxalif qurumların çəkdikləri “yol xəritəsi” də eynidir: hakimiyyətlə mübarizədə qalib gəlmək və ölkəni üzləşdiyi problemlərdən çıxarmaq. Amma mübarizə nəzəriyyəsindəki oxşarlıqlara baxmayaraq, heç bir halda iki partiyanın sözü üst-üstə düşmür. Səbəblərdən də biri budur ki, partiyaların əksəriyyəti digərilərinin parçalanmasından yaranıb, ya da bunlara alternativ olaraq qurulublar. Buna görə də bir partiya digərini rəqib kimi görür, bu da heç bir halda hansısa məqsəd üçün bir yerə toplaşmağa imkan vermir. İndiyədək qurulmuş blok və birliklərin dağılmasında da əsas problem bu olub. Elə son Milli Şura nümunəsində bunu gördük.

Əli Kərimlinin son mesajı

Məsələ budur ki, bir-birlərinə alternativ olaraq fəaliyyət göstərən partiyaların hazırkı məqsədləri hakimiyyətə rəqib olmaq yox, biri-birlərini sıradan çıxarmaqdan ibarətdir. Başqa sözlə Əli Kərimli, Arif Hacılı və bu ambisiyanın daşıyıcı olan digər bəzi partiyaların fəaliyyətləri müxalifəti bitirir. Fəaliyyətlərinin son dönəmlərində də ölkədə baş verən böhrana dair ən kiçik proqramla, yaxud təkliflə çıxış etməyən “lider”lərin gündəmə gətirməyə çalışdıqları əsas məsələ də ana müxalifətə olan iddialarıyla bağlıdır. İndiyədək bir dəfə də olsun, təmsil olunduqları bloklarda müttəfiq kimi çıxış edə bilməyənlərin, indən sonra çiyin-çiyinə hakimiyyətlə mübarizənin ön cərgəsində olacaqları da heç zaman inandırıcı deyil. Arif Hacılı müxalifət liderliyinə iddia edən şəxslərin simalarını ən pis formada açması da bundan xəbər verir. Əgər başqan keçmiş müsavatçılara münasibətdə partiya qarşısında belə bir tələb qoyursa, o zaman uzun illərdir ki, “ana müxalifət mənəm” deyib sinəsinə döyən Əli Kərimlinin nə etdiyini, hansı tələblərlə təşkilatının üzvlərini küncə sıxışdırdığını təsəvvür etmək elə də çətin məsələ deyil. Əli Kərimli də o təşkilatın sədridir ki, “Yurd” üzvü olmayanları “satqınlıq”da ittiham edir. Elə onun verdiyi son mesajda da bunu göstərdi. O, ona dəstək verməyən xalqla barışmağın yolunu göstərdi. Dedi ki, xoşbəxtliyin yolu “Yurd”a üzv olmaqdan keçir və 9 milyonu “yurdçu” olmağa çağırdı. Açıq şəkildə hər kəsi “yurdçu” kimi görmək istəyini dilə gətirən Əli Kərimli həm də özü haqda o faktı deyir ki, onun kimi düşünməyən onun düşmənidir, satqındır, vətən xainidir, xəyanətkardır.

Əfqan Ədilov

 





Həftənin ən çox oxunanları