Yuxarı

Əsgər nəşi üzərində siyasi alver

Əsgər nəşi üzərində siyasi alver

Ermənilər şəhid əsgərimizin nəşini vermir\\Aydın Mirzəzadə: “Bu hərəkət Ermənistanın sivil təfəkkürdən uzaq olduğunu göstərir”\\Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Çingiz Qurbanovun nəşinin geri qaytarılması hələ ki, mümkün olmur. 11 gündür ki, Qurbanovlar ailəsinin gözü yoldadır. Ailə bununla bağlı bir neçə beynəlxalq təşkilatlara da üz tutub. Amma məsələnin həlli nəticəsiz qalır. Əsgərin atası bu günlərdə Müdafiə Nazirliyi və Qızıl Aypara Cəmiyyətində olub. Müdafiə Nazirliyində ona hökumətin meyitin qaytarılması üçün müvafiq danışıqlar apardığını bildiriblər. Qızıl Aypara Cəmiyyətində isə qeyri-iş günü ilə bağlı Salman Qurbanovu qəbul edən olmayıb.\Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunu dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ermənistan-Azərbaycan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu Tovuz rayonunun Ermənistanın Tavuş əyalətinin Çinarlı kəndi ilə sərhəddə baş verən atışmada itkin düşüb. Bir neçə gün sonra isə ermənilər sosial şəbəkələrdə itkin düşmüş əsgərimizin meyitinin təhqir olunmuş fotolarını yayıblar.\\Onu da bildirək ki, Müdafiə Nazirliyi Çingiz Qurbanovun meyitinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Buna baxmayaraq indiyə qədər Ermənistan əsgər nəşini geri qaytarmaq istəmir. Bu isə bütün humanitar prinsip və normalara, insanlığa sığmayan bir hal hesab olunur. Ermənistanın belə hərəkətlərə yol verməsi birinci hal deyil. Ermənilər milli qəhrəman Mübariz İbrahimovun, şəhid Fərid Əhmədovun, Kəlbəcərdə ata-baba yurdunu ziyarət edərkən qətlə yetirilmiş Həsən Həsənovun, eləcə də aprel döyüşlərində həlak olmuş 11 nəfər Azərbaycan hərbçisinin cənazəsini də vaxtında təhvil verməkdən imtina ediblər. Hətta ermənilər sosial şəbəkələr vasitəsilə yaydıqları video görüntülərdə aprel döyüşlərində həlak olmuş əsgər və zabitlərimizin meyitlərini təhqir etdiklərini göstərmişdilər. Zaman-zaman bu tip çirkin hallarla Azərbaycan xalqının və dövlətin hissiyyatı ilə oynayıblar. Görünür, Ermənistan Azərbaycan əsgərinin meyitinin qaytarılmamasından siyasi məqsədlər üçün istifadə edir. Bəzi politoloqlar hesab edir ki, ermənilərin Çingiz Qurbanovun meyitini saxlamaqda məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişə prosesinə cəlb etməkdir. Hətta rəsmi Bakı Ermənistan rəhbərliyinin bu özbaşınalığına görə Qızıl Xaç Komitəsini və ATƏT-i də günahlandırıb.\\Qızıl Xaç: “Danışıqlar davam edir...”\\Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin sözçüsü İlahə Hüseynova “Cümhuriyət” qəzetinə bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərə öz neytral vasitəçilik xidmətlərini təklif edib: “Hal-hazırda da tərəflərlə meyitin qaytarılması ilə bağlı dialoq davam edir. Dialoqun məzmunu ikitərəfli və konfedensial olduğuna görə ictimaiyyətə açıqlamırıq”. Qurum sözçüsü hazırda meyitin hansı ərazidə saxlanılması haqda məlumat verməkdən yayınıb. O, bildirib ki, hər hansı məlumat Beynəlxalq Qızıl Xaç Komitəsinin bu istiqamətdə apardığı işlər bitdikdən sonra ictimaiyyətə açıqlanır. Ona görə də məlumatlar məxfi saxlanılır.\\Millət vəkili Aydın Mirzəzadə beynəlxalq qurumların bu məsələdəki fəaliyyətsizliyini pisləyib: “Hərbi əsirlərin, eləcə də hərbi əməliyyatlarda həlak olanların nəşinin dəyişdirilməsi və qaytarılması ilə bağlı beynəlxalq konvensiya var. Həm Azərbaycan, həm də Ermənistan o konvensiyaya imza atıb. Amma Ermənistan bir qayda olaraq iki ölkə arasında baş verən vaxtaşırı hərbi toqquşmalarda həlak olan hərbçilərimizin nəşinin geri qaytarılmasından istifadə edir. Əlbəttə bununla onlar Azərbaycana psixoloji təsir göstərmək və məsələdən bacardıqları qədər siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Ötən gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi elan etdi ki, doğrudan da şəhidimizin nəşi Ermənistandadır. Amma indiyədək nəşin qaytarılması ilə bağlı ağıllı cavab verə bilmədi. Bu addımın özü Ermənistanın sivil təfəkkürdən və hərəkətlərdən uzaq olduğunu göstərir. Hətta dünyasını dəyişmiş insanın nəşi üzərində də özünün çirkin siyasətini aparmağa çalışır”.\\Millət vəkilinin sözlərinə görə, Azərbaycan bununla bağlı həm Ermənistana, həm də vasitəçilərə çoxsaylı müraciətlər edib: ”Təəssüf ki, heç bir nəticə yoxdur. Əlbəttə ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyəti bununla bağlı mandata malik olduğuna görə, işlər apara bilərdi. Ermənistan tərəfi ilə ciddi danışıqlar edə bilərdi və şərtlərini öyrənib Azərbaycana çatdıra bilərdi. Ən azı Ermənistanın bu məsələ ilə bağlı beynəlxalq konvensiyanın iştirakçısı olduğunu onların yadına sala bilərdi. Azərbaycan öz səylərini dayandırmayacaq və qəhrəman əsgərimizin nəşinin geri qaytarılması üçün bundan sonra səylərini davam etdirəcək”.\\Alçina Amilqızı





Həftənin ən çox oxunanları