Yuxarı

Müxalifəti birləşməyə qoymayan səbəb

Müxalifəti birləşməyə  qoymayan səbəb

  Elçibəy kimi liderin yoxluğu və mənasız firqə çəkişmələri Azərbaycanda keçiriləcək prezident seçkilərinə bir il vaxt qalır. Amma ölkədə hələ seçki ab-havası hiss olunmur. Hakimiyyət seçkiqabağı öz strukturlarını gücləndirməyə davam etdirdiyi halda müxalif cəbhədə tərpəniş hiss olunmur. Düzdür, bir sıra siyasi partiyalar öz prinsipiallıqlarını nümayiş etdirib seçkilərə qatılacaqlarını bildirsələr də bu, fərdiyyətçilik müstəvisində olan məsələdir. Elə birləşmənin mümkünsüz hala çevrilməsində də bu fərdiyyətçilik əsas rol oynayır. Yəni, hələlik müxalifətin ümumi birliyi - siyasi partiyaları birləşdirəcək formatla seçkilərə qatılmaq məsələsi müzakirə mövzusu deyil. Müxalifət niyə birləşə bilmədi? İndiyədək Azərbaycanda keçirilmiş bütün seçkilər üçün müxalifətin saysız birlikləri qurulub, hamısı da partiyalar və müxalifət liderləri arasındakı ziddiyyətli mövqelərə, şəxsi ədavətlərə görə parçalanıb. Sonuncu Milli Şura formatı da uğurlu olmadı. Seçkilərdən əvvəl qurum daxilində yaranmış mərkəzdənqaçma meyilləri və namizəd Rüstəm İbrahimbəyovun ziqzaqlı gedişləri şuraya şans vermədi. Birliyin fiaskoya uğramasında “Yurd” sədri Əli Kərimlinin bölücü fəaliyyəti də Milli Şuradan siyasi partiyaların qaçışını sürətləndirdi. Hazırda özünü formal olaraq saxlayan şura müxalifət birliyi mövqeyindən çıxış edə bilmir. Təşkilatın 8 aprel mitinqinə müxalifətin dəstək verməməsi göstərdi ki, demokratik düşərgə pərakəndə haldadır. Əlbəttə, müxalifətin vahid “yol xəritəsi”nin olmaması təsadüf deyil. Yenə də həmin problemlər ön plandadır: müxalifət liderləri arasındakı şəxsi konfliktlər, ümumi məqsədə fərdi yanaşma və düşərgəni təmsil edən siyasi partiyalar arasındakı ziddiyyətlər birliyi arxa plana atır. Lakin seçki tarixi yaxınlaşdıqca müxalifətin birləşəcəyinə olan ümidlər yenə də artır. Ayrı-ayrı partiyaların birlik çağırışları o ehtimalı artırıb ki, nəhayət, şəxsi konfliktlərin davam edən prosesi dayandırılaraq, ümumi mənafe naminə birlikdəlik qabağa çıxarılacaq. Şəxsi konfliktlər Müxalifət birliyinin yaradılması üçün zəruri addımlar atılmalı, ilk növbədə müxalifət liderləri kimi qəbul edilmiş şəxslər umu-küsünü bir kənara atıb vahid məqsəd ətrafında birləşmək səylərini gücləndirməlidirlər. Hesab etmək olar ki, siyasi partiyalar arasındakı soyuq münasibətlərin kökündəki fundamental problemləri də bu şəxsi münasibətlərdəki düşmənçilik təşkil edir. Amma bir məsələ də var ki, müxalifət liderləri bu kimi cılız məsələlərlə gündəmə gəldikcə, bu, cəmiyyətdə onlara qarşı formalaşmış inamsızlığı daha da gücləndirir. Digər yandan demokratik düşərgənin bir araya gəlməsində birləşdirici rol oynaya bilməyən bu şəxslər ümumi məqsədi əsas tutaraq bu işi bacaran adamlara vermək niyyətində deyillər. Bu halda da ayrı-ayrılıqda edilən çağırışlara cəmiyyət, yaxud narazı elektoratdan lazımi dəstək gəlmir. Həmin şəxsi konfliktlər elektorat və cəmiyyəti parçalayıb. Cəmiyyətin az qismi siyasi fəallıq göstərərək ayrı-ayrı düşərgələrdə yer alsalar da, digər və ən əhəmiyyətli qisim öz bitərəfliyini elan edərək özlərini siyasi proseslərdən təcrid edib. Həmin hissə üçün hakimiyyət lazım olan sosial-iqtisadi mühiti yaratsa, onu asanlıqla öz tərəfinə çəkə biləcək. Yəni, cəmiyyətin böyük hissəsinin siyasiləşməməsi müxalifətin birliyinə əngəl olan amillərdən biridir. Yeni sima Həqiqətləri cəmiyyətə onun başa düşəcəyi dildən danışmağı bacaran yeni siyasi lider lazımdır. Köhnə liderlər də siyasi təcrübələrinə arxalanaraq bu işi görə bilərlər, amma ilk növbədə cəmiyyətin gözü qarşısında özlərini nüfuzdan salan oyunları dayandırmalıdırlar. Müxalifət liderləri arasında barışıq elan olunmalıdır və cəmiyyət inandırılmalıdır ki, aparılacaq mübarizə şəxsi maraqlara yox, ümumi məqsədə hesablanıb. Məsələn, 2013-cü ildə Rüstəm İbrahimbəyov Milli Şuraya vahid namizəd göstəriləndə cəmiyyət bir az yeni simaya olan marağa görə, bir az da öz problemləri müstəvisindən fəallaşdı. Lakin qanunvericiliyin ikili vətəndaşlığı olan İbrahimbəyovun seçkilərdə namizəd kimi iştirak etməsinə imkan verməməsi üzə çıxdıqdan və o qədər də populyar olmayan Cəmil Həsənlinin namizədliyi Əli Kərimli tərəfindən irəli sürülməsindən sonra şura daxilində yaranmış çat elektoratı da böldü. Daxildəki mərkəzdənqaçma meyilləri və qabağa çıxan şəxsi maraqlar ölkə daxilində güclənən siyasi fəallığı öldürdü. Ən azı indiki məqamda da cəmiyyətdə maraq oyatmaq və onu proseslərə cəlb etmək üçün yeni sima, məsələn, hər keçirdiyi mitinqə 50 min nəfər çıxarmağı bacaran və bütün müxalifətin dəstəklədiyi, Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy kimi lider lazımdır. Sosial-iqtisadi vəziyyət Müxalifətin birləşməməsi haqda başqa bir məsələ də müzakirə mövzusudur. Bu, daha çox hakimiyyətin ortaya atdığı iddiaya oxşayır. Bu ehtimala görə, Azərbaycan müxalifətinin birləşə bilməməsi və cəmiyyəti öz ətrafına cəlb edə bilməməsinin səbəbi budur ki, ölkədəki sosial-iqtisadi vəziyyət buna imkan vermir. Yəni, ölkədəki iqtisadi vəziyyət o həddə ağır deyil ki, cəmiyyət və müxalifət birləşsin. Amma qeyd etdiyimiz kimi bu, hakimiyyətin irəli sürdüyü fikrə oxşayır və Azərbaycandakı ağır vəziyyətdən - total sosial-iqtisadi böhranın bütün fərdlərə toxunması reallığını hər kəs bilir. Sadəcə olaraq, hakimiyyət bununla öz talançı siyasətinin və ölkəni çökdürməyə başlayan fundamental problemləri gizlətməyə, cəmiyyətin diqqətini müxalifətdən yayındırmağa çalışır. Başqa sözlə, müxalifətin birləşməsi üçün ilk növbədə bölücülüyü dərinləşdirən fundamental problemlər həll edilməli, bunun üçün də liderlər arasındakl şəxsi konfliktlər ya həll edilməli, ya da parçalanmış cəmiyyətdə maraq oyatmaq üçün yeni simanın adı qabağa çıxarılmalıdır. Bütün bu məsələlər həllini tapmadıqca, məqsədə nail olmaq mümkün deyil. Mənsur Rəğbətoğlu  





Həftənin ən çox oxunanları