Yuxarı

Müxalifətin birliyinə “Əli Kərimli baryeri”

Müxalifətin birliyinə  “Əli Kərimli baryeri”

  Hakimiyyətin “layihəsi” iş başındadır Azərbaycanı cənginə almış total sosial-iqtisadi böhran davam edir. Hakimiyyət böhrandan çıxış yolu axtarmaq əvəzinə, yaranmış həssas situasiyanın öz əleyhinə çevriləcəyindən ehtiyat edərək öz strukturlarını gücləndirən addımlar atır. Mövcud şəraitdə hakimiyyət üçün daha çox öz gələcək müqəddəratının ölkənin üzləşdiyi problemlərin həllindən ön planda olduğu görünür. İqtidar özünə təhlükə və bunun gələcək məsuliyyətini düşünmədən istədiyi addımları atır. Amma bir məsələ də var ki, iqtidarın bu addımlarından narazı olan nə müxalifət, nə də cəmiyyət praktiki addımlar atmadı, hakimiyyəti dayandıracaq güc mərkəzinə çevrilə bilmədi. Müxalifət hakimiyyətin öz strukturlarını möhkəmləndirən və iqtidarının müddətini uzadan Konstitusiya islahatlarına vahid müqavimət mərkəzi kimi də çıxış etmədi. Bu, təəccüb doğurdu. Çünki düşərgəni təmsil edən siyasi partiyalar ayrı-ayrılıqda narazılıqlarını dilə gətirdilər. Bu narazılıq ən az o ehtimalı yaradırdı ki, birləşmiş müxalifət geniş miqyaslı mitinq keçirəcək. Ehtimal baş tutmadı. Hakimiyyətə qarşı mübarizəni sosial şəbəkələr və mətbuat orqanlarında nəzəri mübarizə ilə yekunlaşdıran demokratik düşərgə növbəti dəfə öz köşəsinə çəkildi. Hələ də sakitlik hökm sürür. Amma müxalifətin bu münasibəti başqa bir ümidi közərtdi. Ehtimal olundu ki, belə bir mübarizənin nəticəsiz qalacağını əvvəldən bilən siyasi partiyalar əsas gücünü gələn il keçiriləcək prezident seçkiləri üçün saxlayır. Heç Avropa İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlar, o cümlədən, ABŞ-dan da hakimiyyətin bu təşəbbüsünə narazılıq ifadə olunmadı. Qərbin susqunluğu müxalifətin də ağzını bağladı. Oyunu baş tutmayan “Yurd” sədri “Yurd” sədri Əli Kərimli bir neçə dəfə susqunluğu pozmağa cəhd etsə də keçən ildən Qərbin maliyyə fondlarının pul ayırmaqdan imtina etdiyi bu şəxsin səsinə cavan verən olmadı. Məsələnin içində xarici təşkilatlar olsa belə, Əli Kərimli əlindəki məhdud elektorat və azsaylı resurslarla heç nəyə nail ola bilməzdi. Hələ 2013-cü il seçkilərində müxalifət partiyaları ilə münasibətləri tamamilə qırılan “Yurd” sədrinə dəstəyin veriləcəyi də gözlənilən deyildi. Ayın 8-də “Məhsul”da keçirdiyi mitinqə müxalifətin dəstək verməməsi, ümumiyyətlə, münasibət bildirməməsi də Əli Kərimlinin imitasiya etdiyinin göstəricisi idi. Bütün müxalif düşərgənin nəzəri və məhdud sayda elektoratla praktiki mübarizənin nəticəsizliyini əvvəldən gördüyü halda Əli Kərimlinin hərəkətliliyinin daha çox hakimiyyətə lazım olduğu açıq formada görünürdü. Çünki öz maraqlarına xidmət edən Konstitusiya islahatlarına ən az müxalif cəbhədən cavab olmalıydı ki, ölkədə demokratik mühitin olduğunu kənar dünyaya göstərə bilsin. Heç kəsdən təşəbbüs yox idi, buna görə də hakimiyyət xarici təşkilatlarla münasibətlərinin tamamilə qırılmasından sonra ələ keçirdiyi “Əli Kərimli kartı”nı ortaya atdı. Nəticəsi də o idi ki, müxalif düşərgədə hər kəs “Məhsul”da oynanılan oyunun nəyə hesablandığını bildiyi üçün Milli Şura - “Yurd” birliyinin ətrafında birləşmədi. Demokratik düşərgəni birləşdirəcək yeganə amil Müxalifətin yaxın zamanlarda birləşməsini labüd edəcək yeganə hadisə, gələn il keçiriləcək prezident seçkiləridir. Hakimiyyətin demokratik dəyərləri əzən addımlarına olan susqunluq da buna hesablana bilər. Yəni, müxalifət enerjisini gələn ilki seçkilərə saxlayır. Buna görə də ehtimal etmək olar ki, 2018-ci il Azərbycan müxalifətinin vahid mərkəzdə birləşməsi ilə yadda qalacaq. Lakin bu birliyin müsbət effektinin olub-olmayacağını əvvəldən demək problematikdir. Ən az ona görə ki, 1993-cü ildən bu günədək müxalifətin birlik məsələsində saysız uğursuz sınaqları və cəhdləri var. Amma keçmişin uğursuz təcrübələrini əsas tutub yaxanı kənara çəkmək də cəmiyyətin baxışı müstəvisindən demokratik düşərgəyə baş ucalığı gətirməz. Hesab etmək olar ki, siyasi partiyalar bunu nəzərə alacaqlar. Müxalifət üçün ideal variant Keçmiş təcrübələr göstərir ki, Azərbaycanda müxalifətin seçkilərdə ayrı-ayrı siyasi partiyalar, yaxud bloklar formasında pərakəndə iştirakı effekt vermir. Bu, ilk növbədə elektoratı həmin qurumlar arasında parçalayır, həmçinin hakimiyyətə seçkilərin saxtalaşdırmasına zəmin yaradır. Buna görə də vahid birlik və vahid namizədlə seçkilərə qatılmaq Azərbaycan kimi strukturları zəif və hakimiyyətin təzyiqi altında olan ölkələrin müxalifətləri üçün ən ideal variantdır. Hesab etmək olar ki, müxalifət bunu nəzərə alaraq məhz belə də edəcək. Lakin yaradılacaq blok, yaxud birlik üçün vahid namizəd hazırkı siyasi partiyaların sədrlərindən seçiləcəksə, müxalifət bu başdan növbəti dəfə uduzacağını rəsmiləşdirəcək. Çünki mövcud siyasi düşərgədə biri-birlərinə münasibəti isti və loyal olan az sayda partiya sədri var. Partiyalar və rəhbərləri arasındakı şəxsi konfliktlər bu gün müxalifəti gündəmdə saxlayan əsas məsələdir. Heç cəmiyyətin özünün də bu şəxslərə o qədər etibarı yoxdur. Seçkilərdə ciddi nəticə əldə etməyi qarşısına məqsəd qoyan müxalifətin tamamilə ayrı və cəmiyyətin marağını çəkəcək vahid namizədə üstünlük verəcəyi gözləniləndir. Bu, ən az siyasi partiyalar arasındakı fikir ayrılıqlarını arxa plana çəkə, həmçinin qurulacaq birlikdə mərkəzdənqaçma meyllərinin qarşısını kəsə bilər. Mənsur  





Həftənin ən çox oxunanları