Yuxarı

İşğalın 97-ci ili

İşğalın 97-ci ili

Faiq Qəzənfəroğlu: "Xalq Cümhuriyyətinin süqutu Azərbaycan və türk dünyası üçün ağır itki idi"

Aprelin 28-i Şərqdə qurulmuş ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğal edilməsinin 97-ci ildönümüdür. AXC Şərqdə parlamenti olan ilk respublika olub. Şərqdə, müəyyən mənada Avropada qadınlara seçkilərdə iştirak etməyə icazə verən ilk ölkə kimi adını tarixə yazdırmış cümhuriyyət eyni zamanda daxili və xarici siyasətdə dünyəvi - demokratik dəyərləri müdafiə edirdi. 

Paytaxtı Bakı şəhəri olan Xalq Cümhuriyyətinin ərazisi 113.9 min kvadrat kilometr, əhalisinin sayı 3.3 milyon nəfər idi. Demək olar ki, müəyyən itkilər istisna olmaqla Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarını əhatə edə bilmişdi.

İstiqlal yollarında

23 aylıq fəaliyyəti dönəmində demokratiyanın Şərqdə inkişafı adına böyük işlər görən Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixində baş vermiş ən böyük siyasi-mədəni intibah idi. Cümhuriyyət 71 illik Sovet işğalı dönəmində belə öz vətəndaşları olan insanlarının beyinlərində yaşadacağı milli istiqlal ideyalarının qurucusu idi. Tarixin ən gərgin dönəmində imperiya gücləri tərəfindən bölüşdürülmüş torpaqları birləşdirmək əlbəttə, böyük ərdəm və ağıl tələb edirdi. Fəlsəfi, siyasi və mədəni fikrin nəticəsi olaraq ortaya çıxmış Xalq Cümhuriyyətini quranların hər biri - Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Mustafa bəy Vəkilov və digərlərinin adları dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Xalq Cümhuriyyəti məhz Məhəmməd Əmin Rəsulzadə kimi böyük bir millətin tale yüklü dəyərlərini çiyinlərinə yükləməklə qısa zamanda parlamenti, müstəqil məhkəmə sistemi, hökuməti, nizami ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını ali tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi. Şübhəsiz ki, feodalizmin hələ də ölkələri qan çanağına çevirdiyi vaxt, bu xarabalıqların arasından cücərib boy göstərmək böyük bir inqilab, fenomen idi. Lakin Azərbaycanın azadlığıyla regionda baş qaldırmış istiqlal hərəkatının qarşısına keçmək istəyən bolşevik Rusiyası Xalq Cümhuriyyətini süquta uğradaraq 71 il bizi inkişafdan məhrum etdi, Böyük Azərbaycana getdiyimiz yoldan bizi geri qaytardı. Əlbəttə, cümhuriyyətçilərin beyinlərə səpdiyi toxumlar 71 il sonra - 1991-ci ildə yenidən cücərəcəkdi.

"Azərbaycan bütövləşə bilərdi"

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "Cümhuriyət" qəzetinə bildirib ki, AXC-nin süqutundan itirən əsas tərəf Azərbaycandır. D.Əzimli hesab edir ki, Xalq Cümhuriyyəti öz varlığını qorusaydı, ölkəmiz hazırda öz inkişafının ən yüksək pilləsində dayanardı: 

"Xalq Cümhuriyyətinin süqutundan ən çox Azərbaycan uduzdu. Əgər Azərbaycan Cümhuriyyəti öz varlığını saxlaya bilsəydi, Azərbaycan bütövləşəcəkdi, Böyük Azərbaycan yaranacaqdı. Bu Cümhuriyyətlə böyük inkişaf yolu keçə bilərdik. O zaman bərqərar olan demokratiya indi daha da güclənəcəkdi, Azərbaycan dünyada analoqu olmayan demokratik ölkə olacaqdı. Azərbaycan Xalq Cümhuriyyətini quran insanların təmizliyi, vətənpərvərliyi, dünyaya baxışı Azərbaycan türklərinin maraqlarına uyğun idi. Bu ənənə bizi hara apara bilərdi? Amma bolşevik təfəkkürü bu müstəqilliyimizi, bu şanslarımızı əlimizdən aldı. Həmin dönəmdə bir qism Avropanın, "5-ci kolon" da Rusiyanın köləsi olmaq istəyirdi. Həmin qüvvələrin daxildəki separatçı fəaliyyətləri olmasaydı, Xalq Cümhuriyyətini qoruya bilərdik. Bu fəaliyyət Azərbaycanın milli varlıq və kimliyinə ağır zərbə vurdu".

"Bir əsr geri düşdük"

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Qəzənfəroğlu "Cümhuriyət" qəzetinə deyib ki, Xalq Cümhuriyyətinin süqutu Azərbaycan və türk dünyası üçün ağır itki idi. F.Qəzənfəroğlunun sözlərinə görə, AXC demokratik ənənələr üçün böyük töhfə olub: 

"Azərbaycan Xalq Cümhuriyyəti özünü saxlaya bilsəydi, bu gün Azərbaycanın dünyada fərqli yeri olacaqdı. Eyni zamanda dövlətlərarası münasibətlərdə daha güclü mövqeyə sahib ola bilərdik. Türk dünyasında da ən güclü dövlətlərdən biri də Azərbaycan olacaqdı. Halbuki, bu gün Azərbaycan parçalanmış vəziyyətdədir. Xalq Cümhurtiyyətinin süqutu türk dünyası üçün də böyük itki oldu. SSRİ dönəmində Azərbaycanda müəyyən inkişaflar oldu, amma biz bu illər ərzində dəyərli ziyalılarımızı, insanlarımızı, müstəqilliyimizi itirdik. Amma Xalq Cümhuriyyətini saxlamaqla bu itkilərdən yayına, bütün sahələri əhatə edən inkişafa nail ola bilərdik. Biz AXC-nin süqutu ilə böyük inkişaflardan da məhrum olduq. Cümhuriyyətin süqutu bizi ən az bir əsr geri saldı. Bu illər ərzində daha böyük işlər görə bilərdik, amma imkan vermədilər".

Mənsur Rəğbətoğlu

""""""





Həftənin ən çox oxunanları