Yuxarı

AXCP sədri gənclərlə möhtəşəm görüş keçirdi

AXCP sədri gənclərlə  möhtəşəm  görüş keçirdi

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevin partiyanın gənc üzvləri, o cümlədən siyasi mənsubiyyəti olmayan gənclərlə görüşü keçirilib.

Cebhe.info xəbər verir ki, ADP-nin qərargahında keçirilən görüşdə ayrı-ayrı siyasi təşkilatları və QHT-ləri təmsil edən yüzlərlə gənc, media nümayəndələri, QHT rəhbərləri, müxalifət partiyalarının yetkililəri iştirak edib. Xatırladaq ki, AXCP son illərdə Azərbaycanda bu təşəbbüsü göstərən yeganə partiya olduğuna görə görüşə maraq olduqca böyük olub.

Öncə 2009-cu il30 apreldə  Neft Akademiyasında baş verən terror aktında həlak olanların və cəbhə xəttindəki döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri AXCP Gənclər Təşkilatı Hazırlıq Komitəsinin sədri Təbriz Mirzəyev açaraq sözü ilk olaraq partiya sədri Razi Nurullayevə verib. 

AXCP sədri Razi Nurullayev çıxışına ulu öndər Məhəmməd Əmin Rəsulzadənin gənclərə xitabı ilə başlayıb:

"Azərbaycanın müstəqilliyinin davamlı olması üçün nə qədər insanlarımız şəhid oldu. Onların hamısını rəhmətlə anırıq. Bu şəhidlərin ən böyüyü Əbülfəz Elçibəy idi, ən böyük şəhidlərimiz erməni daşnakları tərəfindən qətlə yetirilən ana və bacılarımız oldu. Biz də müstəqilliyimizin davamlı olması üçün qazi, şəhid olmağı seçmişik. Biz də kəfəni boynumuza keçirmişik. Biz gənclərimizin mitinqlərdə şəkil çəkdirib Fransa və digər dövlətlərə getmələrini istəmirik. Məhəmməd Əmin Rəsulzadə Azərbaycandan şah əsər yaratdı. Bugünkü Azərbaycan Rəsulzadənin şah əsəridir. O, bizə sərhədləri bəlli dövlət qoyub gedib.

Amma bu gün bizə rəva görülən həyatla barışmayacağıq. Azərbaycan və onun gəncliyi bu həyata layiq deyil. Gənclik Azərbaycanda xoşbəxt ola bilmirsə, biz buna göz yuma bilmərik. Əbülfəz Elçibəy bütöv Azərbaycan ideyasını ortaya qoydu. Biz bu ideyanı həyata keçirmək istədiyimiz bir vaxtda 20 faiz torpaqlarımız işğal altındadır. Yumruq kimi birləşəcəyimiz zaman bu ideyanı həyata keçirə biləcəyik. İndi bu mümkün deyil, çünki siyasətə hiylə qarışıb, şəxs maraqlar ön plandadır. Gənclərin arzuladığı Azərbaycanda yaşamaq üçün birləşmək lazımdır. İlk gündən demişik- bizim üçün Azərbaycanın gələcəyi vacibdir, mənim üçün və sizin üçün şəxsi maraqlar ön planda olmamalıdır. Azərbaycan siyasətçisi Azərbaycan xalqından seçilməməlidir, siyasətçilər şəxsi ambisiyaları kənara qoyub xalqla birlikdə olmalıdır. Biz Elçibəyin dediyi kimi, xalqa inteqrasiyada olmalıyıq. Biz bu xalqın başında dayanmağa hazırıq”. 

AXCP sədri təəssüflər qeyd edib ki, bəzən Elçibəy və Rəsulzadəni təhqir edənlər olur:"Bu gün bizim partiyanın qurucusuna şər atanlar kifayət qədərdir. Elçibəy ilk dəfə diplomatik münasibətləri Rusiya ilə qurdu və onun xidmətlərinin sayəsində rus qoşunları Azərbaycandan çıxarıldı. Heç bir şər və ləkə bu böyük şəxsiyyətə yaraşmır. Biz birləşsək, xalq xoşbəxtliyinə çatacaq. Bu gün Astan Şahverdiyev kimi təyinatla seçilənlər Rusiyaya işləmək üçün gedənləri "tör-töküntü” adlandırırlar. Azərbaycanın müstəqilliyi uğrunda savaşmayanların bu xalq, onun sayılan liderləri haqda söz deməyə haqları yoxdur. Bu xalq əliyalın tankların qarşısında çıxan, SSRİ kimi bir imperiyanın sonunu gətirən xalqdır. Təyinatla seçilən Hadı Rəcəbli deyir ki, müəllim gedib soğan əksin. Bu qəbuledilməzdir. Bu gün bu faktları açıqlayan insanlar həbsxanalardadır”.

Çıxışına davam edən Razi Nurullayevin sözlərinə görə, seçkilər saxtalaşdırılır, rüşvətlə seçilən insanlar hakimiyyəti tərifləyirlər:

"Bunlar həmin şəxslərdir ki, onlar həmişə bizə qənim kəsiliblər. Bu xalqın başına oyun açanlardan biri də Nemət Pənahlı idi. Belə savadsız adam hansı haqla Əbülfəz Elçibəyi təhqir edir?” Çıxışının bu yerində R.Nurullayev Ramiz Rövşənin Əbülfəz Elçibəy haqqında yazdığı şeiri oxuyub. Şeir görüş iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. "Ramiz Rövşənin qeyd etdiyi daş yenə atılır bizlərə. O daşlar özlərinin başına atılacaq” deyə AXCP sədri çıxışına davam edib: "Xalqı təhqir edənlər, araz əlizadələr, zərdüşət əlizadələr türklüyümüzə dil uzadırlar. Kimdir onlar? Bu xalqın hər bir vətəndaşı bizim gözümüzün işığıdır. AXCP-ni millətçilikdə ittiham edirlər. Bəli, biz türkçüyük. Bizim əlimizə hakimiyyət keçəndə ölüm hökmünün bərpa edilməsinə çalışacağam. Bu xalqı təhqir edənlər məhkəmə qarşısında öz həyatları ilə cavab verəcəklər. Əgər mən bu xalqın torpağını satsam, xalqın varından oğurluq etsəm, məni cəzalandırsınlar. Xalqa qənim kəsilənlər cəzasız qalmamalıdır”.

AXCP sədri çıxışında gənclərin vəziyyətinə geniş yer ayırıb: "Haqq daşı xalqdan oğurlayanların, bu xalqı təhqir edənlərin başlarını yaracaq. Telekanallar axşama kimi Azərbaycan gəncliyinin qayğısızlığından danışırlar. Bu zalda iştirak edənlərin ciblərini silkələsən, elə mən qarışıq, inanmıram ki, buradan 300-400 manat yığılsın. Buna görə deyirəm ki, biz bu kəfəni boynumuza geyinmişik, ya şəhid olacağıq, ya da bu gənclərin istədiklərini onlara verəcəyik. Bu gənclik Qarabağda öz həyatını itirən gənclikdir. Hansı məmurun övladı döyüşlərdə yaralanıb? Biz istəmirik onlar yaralansınlar, amma xalqın gözləri qarşısında harınlamağa ehtiyac yoxdur, bu, gəncləri işsiz olan xalqa təhqirdir. Gənclərə bu həyatı rəva görənlər onları qul haqqına işlədirlər. Biz istəmirik ki, ailəsini dolandırmaq istəyən gənclər təhsilini kənara qoyub işləməyə məcbur qalsın. Biz bununla barışa bilmərik. Bir gəncin ümidi yoxdursa, onun gələcəyi də yoxdur.

Biz bu dövlət üçün öz canımızdan keçə biliriksə, niyə gənclərimiz istədikləri həyatı yaşamamalıdır? Amma bunun qarşılığında qış aylarında bizi soyuqdan dondururlar. Bunun qarşılığında başqa ölkələrə qaz satırlar. Azərbaycan təkcə malikanələrdə yaşayan zənginlərdən ibarət deyil. Neçə gənc tanıyıram ki, pulu olmadığına görə gözləri qarşısında öz əzizlərini itirib. Pulu olmadı ki, həkimə aparsın. 5000, 2000 manatla villa tikmək, bahalı maşın sürmək olarmı? Xeyr, olmaz! Bütün bu səltənət xalqın pulları hesabına yaradılıb. İndi hamının banklara kredit borcu var. İnsanlar bankların girovudurlar. Xalqın pulu yoxdur, bu borcu necə qaytarsın?

Siz gizlətdiyiniz sandıqları çıxarsanız, bu xalq öz borclarını ödəyər. Bu namərdlikdir. Amma bunun qarşılığında gözlərini xalqın ciblərinə dikiblər. Manatın məzənnəsi ilə oynayaraq, bahalaşmaya gedərək bu xalqın ən pis vəziyyətdə yaşamasına bais olurlar. Hamısı xalqla quldur kimi davranır. Bu xalq qul deyil və bir neçə dəfə tarixdə qul olmadığını sübut edib. Hər kəs qanun qarşısında cavab verməli olacaq. Biz hakimiyyəti üsyanla təhdid etmirik. Dinc mübarizənin tərəfdarıyıq, amma bizim başqa metodlarımız da var. Bu hakimiyyət gedəcək. Əgər hakimiyyət öz şansından lazımınca istifadə edə bilmədisə, onun getməyinin vaxtıdır. Biz təkcə bu hakimiyyətlə, başımıza bəla olanlarla yox, öz içimizdən bizi baltalayanlarla da mübarizə aparırıq”.

AXCP sədri çıxışına belə davam edib: "Biri Azərbaycanı İrana, biri Rusiyaya, biri hasısa Qərb dövlətinə satmaq isteyir:   Biz onlara imkan verməyəcəyik. Bizi dayandırmaq mümkün olmayacaq. Əgər biz yüz minlərlə meydana çıxsaq, o zaman bu hakimiyyət təyyarəsinə minib gedəcək. Biz dinc yolun tərəfdarıyıq. Gələn il bizim şansımız var. AXCP seçki ilini siyasi dəyişiklik ili elan edib. Yəni, bu hakimiyyət getməlidir. Bizə qüvvə lazımdır, birləşməliyik. Ənənəvi müxalifət bizə dəstək verirsə, versin, vermirsə, o da bizə lazım deyil. Biz öz mübarizəmizi aparacağıq”.

AXCP sədri gənclərlə görüşdən məmnunluq duyduğunu bildirib:"Mən gənclərimizlə, burada olan insanlarla fəxr edirəm. Sizlərin hər biri ən gözəl həyata layiqdir, biz bunun üçün əlimizdən gələni edəcəyik, mübarizəmizi aparacağıq. Hamınıza xoşbəxt dolu gələcək arzulayıram. Birlikdə olaq, xalqımıza layiq olduğu həyatı verək”.

Görüşdə çıxış edən AXCP Gənclər Təşkilatının Hazırlıq Komitəsinin sədri Təbriz Mirzəyevin sözlərinə görə, hakimiyyətin yarıtmaz siyasəti nəticəsində gənclər normal təhsil ala bilmir, iş tapmır:"Azərbaycan gəncliyi pulsuzluqdan ölkəni tərk etməyə, qaçqın həyatı yaşamağa məcbur olur. Günahkar isə hakimiyyətdir. AXCP olaraq bizim öz gənclər siyasətimiz var, artıq Azərbaycanın əksər bölgələrində təşkilatlanmışıq. Gənclərin təhsilsiz, işsiz qalmasına, xalqa edilən zülmə son qoyulmalıdır. İnanırıq ki, gələn il köklü dəyişikliklərə nail olacağıq. Hakimiyyətdən tələb edirik ki, gənclərə edilən təzyiqlərə son qoysun”.

Çıxışının bu yerində R.Nurullayev Ramiz Rövşənin Əbülfəz Elçibəy haqqında yazdığı şeiri oxuyub. Şeir görüş iştirakçıları tərəfindən alqışlarla qarşılanıb...

AXCP sədrinin müavini Ehtiram Mehtiyev gəncliyin ölkənin gələcək taleyinin müəyyən olunmasındakı rolunu vurğulayıb: "Amma bu hakimiyyət potensialı olan gənclərdən səmərəli istifadə etmir, əvəzində onları həbs edir. Biz bunlara baxmayaraq, hakimiyyət qarşısında sınmırıq, öz mübarizəmizi aparırıq. Biz təhsilimizin, iqtisadi-sosial vəziyyətimizin yüksək olmasını istəyirik. Hakimiyyət təzyiqlərinə son qoymalıdır”.

AXCP sədri Razi Nurullayevin gənclərlə görüşündə partiyanın Lənkəran rayon təşkilatının sədri Əli Əhmədov, Şirvan rayon təkilatının sədri İsmayıl İslamoğlu çıxış edib. Onlar hakimiyyətin gənclər siyasətinin ölkə gənclərinin problemlərinin həllinə yönəlmədiyini vurğulayaraq, bu istiqamətdə köklü dəyişikliyə ehtiyac olduğunu bildiriblər. AXCP-nin gənclərlə işə böyük önəm verdiyini qeyd edən çıxışçılar gəncləri ictimai-siyası proseslərdə fəallıq nümayiş etdirməyə və ölkənin gələcəyi üçün birgə fəaliyyətə səsləyiblər. Partiyanın Lənkəran rayon təkilatının rəhbəri Əli Əhmədov gəncliyə birlik çağırışı edib:"Ölkəmizin ağır durumunda bura gələn hər bir gəncliyə eşq olsun. Gəlin  gələcək gəncliyə sağlam Azərbaycan vermək üçün bir olaq. Ölkəmizdə 10 milyondan çox insan yaşayır, amma bu qədər vətəndaş ölkədə yoxdur, hökumət gənclər üçün heç bir şərait yaratmayıb, nəticədə gənclərimiz ölkəni tərk edirlər. Ölkə ciddi problem yaşayır”.

Partiyanın Şirvan rayon təşkilatının  sədri İsmayıl İslamoğlu da gənclərin birliyinin vacibliyini xatırladıb. Qeyd edib ki, ölkədə gənclər üçün normal təhsil, iş, yaşam mühitinin yaradılması məhz bu birlikdən keçir.

Görüşə yekun vuran AXCP sədri Razi Nurullayev tədbirdən razılığını ifadə edib:"Bu gün gördük ki, gənclik nə istəyir. Hamımızın qəlbi bu vətən üçün döyünür. İçərimizdə narazılıq var, amma bundan çıxış yolu da var. Gənclik həyatını xaricdə görməməli, yaxud mitinqlərdə şəkil çəkdirib onunla xaricdə oturum almaq məqsədi olmamalıdır. Bütün hədəflərimiz gələn ilə yönəlib. Gəlin bu iqtidarı birlikdə istefaya göndərək. Sıralarımıza qoşulun!”

AXCP sədri çıxışına gəncləri mübarizəyə səsləməklə yekun vurub.Tədbir "Koroğlu" üverturası ilə başa çatıb.

 

Mənsur

 





Həftənin ən çox oxunanları