Yuxarı

Müxalifət ictimai nəzarətə cəlb edilə bilərmi?

Müxalifət ictimai nəzarətə cəlb edilə bilərmi?

Vüsal Qarayev "Cəmiyyətdə gərginlik pik həddədir”

Tofiq Yaqublu "Elə bir vəziyyət yarana bilər ki, hakimiyyət vəziyyəti sakitləşdirmək üçün müxalifətlə işbirliyinə gedər”

Xəzər Teyyublu "Hakimiyyətin müxalifətlə işbirliyində olacağına inanmıram”

Ramil Hüseynov "Regionda gedən proseslər hakimiyyətlə müxalifət arasında işbirliyini zəruri edir”

Azərbaycanın inkişafı və barış cəmiyyəti yaratmaq, qarşılıqlı etimadın formalaşması üçün bütün sahələri əhatə edən kompleks islahatlar zərurətini ortaya çıxarıb. Manatın birjada ucuzlaşan trendi və dünya bazarında "qara günlər”ini yaşayan neftin gəlir gətirməməsi hökuməti ciddi islahatlara məcbur etsə də, hələlik konkret addım atılmır. Ciddi dəyişikliklərdə maraqlı olmayan hökumət müxalifətlə birgə fəaliyyətə maraqlı deyil. Lakin Konstitusiyaya edilmiş və reallaşması gözlənilən dəyişikliklər islahatları zəruri edir. İlkin olaraq və siyasi islahatların ilkin addımı kimi hökumət müxalifətdə təmsil olunan bir sıra siyasi partiyalar və QHT-ləri nazirliklər və dövlət komitələrində fəaliyyət göstərən ictimai şuralara cəlb edə bilər. Əgər bu addım atılarsa, hökumət bununla cəmiyyət daxilində artan gərginliyi azaltmış olar. 

"Ölkədə gərginlik artan xətt üzrə gedir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev "Cümhuriyət” qəzetinə hökumətin siyasi islahatlarda gecikdiyini deyib. O, xatırladıb ki, AXCP hələ ötən il hökumətə siyasi islahatlarla bağlı təklif verib "Lakin qarşı tərəfdən heç bir reaksiya görmədik. Bu təklifdə məhz müxalifətlə dialoq məsələsinə toxunmuşduq. Hesab edirəm ki, hökumətin müxalifətlə dialoqu qaçılmazdır, zəruridir. 

Çünki ölkədə gərginlik artan xətt üzrə gedir. Hökumətin özü də bu gərginliyin içindədir. Problemlərin qarşısını almaq üçün isə iqtidar mütləq müxalifətlə bir masa arxasında oturub müzakirələr aparmalı, çıxış yolu birlikdə axtarılmalıdır. Bu müzakirələrdə müxalifətin hakimiyyətdə təmsil olunması məsələsinə də baxılmalıdır. Bu, olduqca vacib məsələdir”.

Lakin Vüsal Qarayev belə bir ehtimalın reallaşacağına inanmadığını vurğulayıb "Buna inanmıram. Çünki bu gün hökumət bir nöqtədən idarə olunmur. İqtidar daxilində müxtəlif güclü tərəflər var ki, onların proseslərə təsir imkanları genişdir. Məsələn, müxalifətin hakimiyyətdə təmsil olunmasına razılıq verilsə belə, müxtəlif güclər bunun qarşısını almağa çalışacaqlar. Amma ölkənin I xanımı Mehriban Əliyevanın vitse-prezident təyin olunmasından sonra müəyyən dəyişikliklər hiss olunur, bəzi məmurların vurulacağı danışılır. Artıq bəzi qığılcımların olduğunu da gördük. Lakin hələlik iqtidarın müxalifətlə bir masa arxasında oturacağına, otursa belə səmimi olacağına inanmıram”.

"Müxalifətlə barış ola bilər”

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda siyasi islahatlar 1993-cü ildən gecikir. T.Yaqublu qeyd edib ki, hakimiyyət ölkədəki situasiyanı nəzərə alaraq, ciddi islahatlara çoxdan getməliydi "Müsavat Partiyası olaraq biz "islahat” deyəndə köklü, demokratik islahatları nəzərdə tuturuq. 

Müxalifət nümayəndələrinin hansısa ictimai şuralara cəlb edilməsi islahat deyil. İlk növbədə bunun üçün demokratik seçkilər keçirilməlidir, müstəqil məhkəmə sistemi qurulmalıdır, insan haqlarına riayət olunmalıdır, ciddi iqtisadi islahatlar aparılmalıdır. "İslahat” deyəndə, biz bunu nəzərdə tuturuq. Biz köklü, dərin və demokratik islahatların tərəfindəyik. Amma ola bilər ki, müəyyən mənada hakimiyyət öz məsuliyyətini müxalifətlə bölüşsün, amma bu, islahat olmayacaq”. 

Müsavat yetkilisi bu ənənənin Azərbaycan üçün real görünmədiyini diqqətə çatdırıb "Ölkədə elə bir vəziyyət yarana bilər ki, hakimiyyət barışıq əldə etmək, vəziyyəti sakitləşdirmək üçün müxalifətlə hansısa işbirliyinə gedə bilər. Ancaq bu, köklü islahat olmayacaq. Ciddi islahatların yolu demokratik seçkilərdən və insan haqlarına riayət olunmasından keçir. Hökumətdə isə bu iradə yoxdur. Çünki hakimiyyət islahatları özü üçün təhlükə hesab edir”.

"Demokratiyanın qarşısındakı əngəllər götürülməlidir”

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Xəzər Teyyublu "Cümhuriyət” qəzetinə deyib ki, müxalifət nümayəndələrinin ictimai şuralara cəlb olunması Azərbaycan reallığında mümkün görünmür. Partiya rəsmisi bunu müxalifət daxilində vəziyyətin o qədər də ürəkaçan olmaması və hakimiyyətin təzyiqləri ilə əlaqələndirib "Siyasi partiyalar hakimiyyət tərəfindən sıxışdırılır, demokratik strukturlar məhv edilir, azad düşüncə adamları təqib olunurlar. Bir çox siyasi partiyanın heç qərargahı da yoxdur.

Yəni, real mübarizə atmosferi olmadığı üçün hakimiyyət idarəetmənin məsuliyyətini müxaliflətlə bölüşməkdə maraqlı deyil. Buna görə də Azərbaycanda təkpartiyalı siyasi sistem formalaşıb. Bu gün Azərbaycan parlamentində real müxalifət partiyaları təmsil olunmurlar. Bu baxımdan da hakimiyyətin müxalifətlə işbirliyində olacağına inanmıram. 

Amma bir sıra siyasi partiyalar dövlətçiliyin gələcəyi, idarəetmə və Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi məsələlərində aktivlik etmək və yetərli iş əmsalı ortaya qoymaq gücündədirlər. Lakin bu hazırkı vəziyyətdə hakimiyyətdən asılıdır. İlk növbədə dialoq və işbirliyi mühitinin yaranması üçün hakimiyyət qarşısındakı fundamental problemləri həll etməlidir”.

"İlk addımı hakimiyyət atmalıdır”

Vətəndaş və İnkişaf Partiyası (VİP) İcra Aparatının rəhbəri Ramil Hüseynov "Cümhuriyət” qəzetinə Azərbaycanda hakimiyyətin müxalifətlə əməkdaşlığı üçün mühitin olmadığını deyib. R.Hüseynovun sözlərinə görə, neçə illərdir buna cəhd edilir, amma real nəticələr əldə edilmir "Məsuliyyətin bölüşdürülməsi üçün hakimiyyət və müxalifət arasında baş tutan dialoqların sayı artırılmalı, təmaslar sıxlaşdırılmalıdır. Amma təəssüf ki, müstəqilliyimizi qazansaq da bu ənənə bizdə yoxdur. Vaxtilə işartıları olub, amma belə bir hadisə baş verməyib. Lakin dünyada və regionda gedən proseslər hakimiyyətlə müxalifət arasında işbirliyinin zərurətini ortaya çıxarıb.

İlk addım hakimiyyətin özündən gəlməlidir. Güman edirəm ki, bu, dövlətçiliyin gələcəyi üçün lazımdır və lazımi addımlar atılmalıdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları