Yuxarı

Siyasi fəaliyyətin"facebook dönəmi”

Siyasi fəaliyyətin

Əli Əliyev: "Heç bir halda virtual əlaqə canlı ünsiyyəti əvəz edə bilməz”

Vüsal Qarayev: "Məqsədə aparan yolda istənilən vasitədən istifadə etmək olar”

Sərdar Cəlaloğlu: "Sosial şəbəkələrə aludə olanlar  canlı ünsiyyətdən məhrum olur və internet asılılığına çevrilirlər”

Bu gün cəmiyyətin böyük bir hissəsi sosial şəbəkələrdən istifadə edir.Azərbaycanda daha yayğın sosial şəbəkələrdən biri də facebookdur.Siyasi partiyalar, qurumlar, ictimai təşkilatlar facebookun imkanlarından yararlanmağa çalışırlar.Demək olar ki, əksər siyasi təşkilatlar öz təbliğatlarını məhz facebook üzərindən aparırlar.

"Cümhuriyət” qəzetinə açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev virtual ünsiyyətin canlı təmasların yerini vermədiyini deyib:

"Əvvala partiyaların təbliğatlarını ancaq facebook üzərindən aparması yanlış təəssüratdır. Ola bilər ki, facebook əvvəlki təbliğat vasitələrilə müqayisədə önə çıxıb.Partiyalar yalnız facebookdan istifadə etsələr cəmiyyətlə təmaslarını tamamilə itirə bilərlər.Ancaq biz partiya olaraq hər zaman canlı təmaslara üstünlük veririk.Partiyaların cəmiyyətdəki problemləri sosial şəbəkələr vasitəsilə müzakirə etməsi yanlışdır.Bu gün cəmiyyət siyasətə bütövlükdə etinasız yanaşır.Bu baxımdan partiyalar sosial şəbəkələrin operativliyindən mümkün qədər istifadə etməyə, cəmiyyətlə ünsiyyət qurmağa çalışırlar.Ancaq heç bir halda virtual əlaqə canlı ünsiyyəti əvəz edə bilməz.Facebook fəaliyyəti təbliğatın yalnız bir hissəsi kimi nəzərdə tutulmalıdır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə deyib ki, siyasi mübarizənin, təbliğatın sosial media üzərindən aparılması bütün dünyada müşahidə edilir: "Dünyanın ən inkişaf etmiş ölkələrində belə siyasətçilər bir-birlərinə məhz sosial mediada üstün gəlməyə çalışırlar. 

Elə götürək ABŞ-dakı son prezident seçkilərini.Bütün təbliğat və antitəbliğat işləri sosial şəbəkələrdə aparılırdı.Və onu da deyim ki, bu gün tvviterdə, facebookda rəqibini üstələmək qələbənin yarsı deməkdir.Mən buna normal yanaşıram.Məqsədə aparan yolda istənilən vasitədən istifadə etmək olar.Cəmiyyət üçün də bu seçim etmək baxımından daha sərfəlidir.İstədikləri siyasətçinin, partiyanın fəaliyyətini rahat izləmək imkanı qazanırlar.Biz də AXCP olaraq sosial şəbəkələrin imkanlarından maksimum yararlanmağa çalışırıq”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, internet aludəçiləri özlərini cəmiyyətdə ifadə edə bilmirlər. Partiya sədrinin sözlərinə görə, daim internetdən istifadə edənlər aparılan təbliğatın köləsinə çevrilirlər:

"Ünsiyyət sözü iki insan arasında ruhi əlaqələrin yaradılması deməkdir. Əgər internet vasitəsilə insanlar bir-birinə əlaqə yaradırsa, bu o, deməkdir ki, canlı ünsiyyət yoxdur. Məhz bu gün dünyada baş verən psixoloji proseslər, intiharların artması, insanların tənhalığa çəkilməsi və bizim üçün ənənəvi olmayan cinayətlərin baş verməsi, elə bu günlərdə vətəninə xəyanət edən hərbçilərin tutulması göstərir ki, insanlar arasında ünsiyyət nə qədər azalırsa, insanlar bir-birinə o qədər düşmən kəsilirlər.

Təbii ki, məhz bu səbəblərə görə internetlə həddən artıq ünsiyyət quran insanlar faktiki olaraq sosial ünsiyyətlərdən məhrum olur və internet asılılığına çevrilir. Bu baxımdan internet şəxsiyyətin çiçəklənməsinin, inkişafının qarşısını alan bir vasitədir. Digər tərəfdən internet sırf informasiya təminatçısı rolunu yerinə yetirir.İnformasiyanı alırıq, ondan bilik əldə edirik və savad qazanırıq.İnternet aludəçiləri isə buna məlumat yığını kimi baxırlar.Ona görə də onlar savadsız olurlar, cəmiyyətdə özlərini ifadə edə bilmirlər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları