Yuxarı

Mahmudovun müxalifətdəki agentləri

Mahmudovun müxalifətdəki agentləri

Sabiq MTN-dən ən çox pul alan Əli Kərimli olub?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin dövlət büdcəsindən 7.7 milyon dollar mənimsəmələri ittihamı üzrə yeni detallar məlum oldu."Cümhuriyət” qəzetinin xəbərinə görə, mənimsənilən pulların böyük bir hissəsi müxtəlif məqsədlər üçün MTN-nin müxalifət, QHT sektoru və mediadakı agentlərinə xərclənib. Pullar 1 nəfərin adına yazılan raportla götürülüb, 8 nəfərə verilib. İşə daha 5 agent cəlb edilib. Üzə çıxarılan sənəddə agentlərlə bağlı hissədə bu iş üzrə 46 nəfərlə etibarlı münasibətlərin yaradılması, arxiv agentlərindən istifadə edilməsi qeyd edilib. 

Müxalifətdəki MTN agentləri 

İki iləvvəl araşdırmaçı-jurnalist Xədicə İsmayıl MTN-nin müxalifətdəki agentlərinin adlarını açıqlamışdı. Xədicə İsmayılın iddiasına görə, Müsavat Partiyasının indiki başqanı Arif Hacılı, "Yurd” sədri Əli Kərimlinin mərhum müavini Həsən Kərimov, "El” Hərəkatının sədri Eldar Namazov, REAL Hərəkatının Ali Məclisinin sədri Erkin Qədirli, bu hərəkatın idarə heyətinin üzvləri - Zöhrab İsmayıl, Xalid Bağırov MTN-nin keçmiş başçısı Eldar Mahmudov tərəfindən ələ alınıblar. MTN ətrafında bu gün gedən proseslərdə isə Mahmudovun agentlərinin adları sənədlərdə şifrəli adlarla ("Əlizadə”, "Qəhrəman”, "Samir”, "Terminator” və s.) qeyd olunub.Ən çox pul (287 min dollar) "Terminator” ləqəbli müxalifət liderinə verilib.

Mahmudovla separat anlaşma 

Agentlərin qarşısına qoyulmuş vəzifə bu olub ki, həmin şəxslər təyin olunmuş vaxtlarda əhali arasında iğtişaşlara gətirib çıxara biləcək mənfi fikirlər səsləndirməli, dövlətə qarşı qaldırmaq üçün aztəminatlı, qaçqın və məcburi köçkünlərdən istifadə etmək üçün onları və Çeçenistan, Suriya, Əfqanıstanda döyüşmüş şəxsləri öz ətraflarına yığmalı, beynəlxalq tədbirlər zamanı Azərbaycan dövlətinin daxili və xarici siyasətini tənqid edən kütləvi etiraz aksiyalarında fəal iştirak etməli idilər. Bununla bağlı məlumatlar da "Qütb işi”nə əlavə edilib. Eldar Mahmudov tərəfindən daha hansı siyasi partiya rəhbərlərinin və müxalifət liderlərinin ələ alınmasına gəlincə, gələn məlumatlara görə, detalları ictimaiyyətə açıqlanmayan sənədlərdə cəmiyyət arasında nüfuzu olan siyasətçilərin adları var. Ehtmal olunur ki, Müsavat başqanı Arif Hacılının vaxtilə Eldar Mahmudova işləməsi bu sənədlərdə də yer alıb. MTN-lə separat anlaşma imzalayan digər agentin isə "Yurd” sədri Əli Kərimli olduğu bildirilir. Qeyd olunur ki, Eldar Mahmudovdan separatçı fəaliyyət üçün ən çox pul alan da Əli Kərimlidir. "Yurd” sədri ilə keçmiş MTN şefi arasındakı rabitə əlaqəsinin mərhum müavini Həsən Kərimovun qurduğu söyləntilər arasındadır.İddiaya görə, Milli Şuranın seçkilərdən sonrakı fəaliyyəti üçün pul mənbəyi də MTN olub. Şuranın hər mitinqi üçün 10 min dollardan çox pul ayıran Eldar Mahmudov bununla öz hədəflərini nəzəri olaraq "vurmağa” və gündəmə gətirməyə çalışıb. 

"Təmizləmə” əməliyyatı 

Görünən budur ki, istintaq MTN-nin siyasi arenadakı agentlərini zərərsizləşdirməyə başlamaqla Mahmudov işini bağlamaq niyyətindədir.Əməliyyatların hakimiyyətin öz daxilinədək uzanacağına şübhə yoxdur.Məsələ ilə bağlı keçən yazımızda da qeyd etmişdik ki, Mahmudov ələ keçirdiyi siyasətçilər vasitəsilə şantaj və sabotaj yollarıyla proseslərə nəzarəti əldə saxlamağa çalışıb.Həmin məqsədləri həyata keçirməyə çalışan MTN şefinin hakimiyyətlə yanaşı, müxalifət daxilində də işbirliyini təmin edən agentlərinin olmasına şübhə yoxdur.MTN işinin siyasi meydanadək uzanması o ehtimalı yaradır ki, Eldar Mahmudovun da təmsil olunduğu və xarici dövlətə bağlı güclü siyasi kanallar ölkədə irimiqyaslı çaxnaşma planlaşdırıb. MTN dosyesi tamamilə bağlanmadan agentura şəbəkəsinin zərərsizləşdirilməsi göstərir ki, hələ də potensial təhlükənin ortada olduğunu nəzərə alan hakimiyyətin istintaq orqanları böhranın qarşısını zamanında olmasa da çox gecikmədən almağa çalışırlar. 

Əfqan Ədilov






Həftənin ən çox oxunanları