Yuxarı

ATƏT sədrinin turist səfəri

ATƏT sədrinin turist səfəri

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurzun Cənubi Qafqaz regionuna səfəri bu il ərzində baş tutacaq. Qeyd edək ki, ATƏT-ə sədrlik edən ölkələr ənənəvi olaraq hər il Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan Azərbaycan və Ermənistana səfər edirlər. 2016-cı ildə ATƏT-ə sədrlik edən Almaniya xarici işlər naziri Frank Volter Ştaynmayer iyunun 30-da, 2015-ci ildə sədrlik edən Serbiyanın xarici işlər naziri İvitsa Daçiç isə iyunun 1-də Azərbaycana səfər edib. 

Ancaq ATƏT sədrlərinin regiona səfəri Qarabağ münaqişəsinin tənzimlənməsində heç bir rol oynamır. 

Hərbi-siyasi icmalçı Ramil Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, beynəlxalq təşkilatların Qarabağ münaqişəsinə təsir imkanları məhduddur. Onun sözlərinə görə münaqişənin tənzimlənməsində və ya alovlanmasında əsas söz sahibi Rusiyadır: "Son illərdə baş verən proseslər, apardığımız müşahidələr onu göstərir ki, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı  təsir imkanları gözlədiyimiz səviyyədə deyil. Bunun da başlıca səbəbi münaqişədə işğalçı ölkə olan Ermənistana qarşı ciddi təsir rıçaqlarının  Rusiyanın əlində olmasıdır. Münaqişəsinin həm alovlanmasında, həm qarşısının alınmasında, xüsusilə də Ermənistana təsir imkanlarının geniş olmasında Rusiyanın imkanları daha çoxdur. Təbii ki, beynəlxalq təşkilatlarla işləmək və münaqişəyə təsir imkanlarından istifadə etmək lazımdır. Ancaq ATƏT-in fəaliyyəti onu göstərdi ki, beynəlxalq təşkilatlar yalnız təkliflər paketi hazırlayır. Hətta ATƏT bunu bir neçə dəfə açıq şəkildə bəyan edib ki, biz yalnız təklif veririk, münaqişənin həlli isə yalnız tərəflərin razılaşmasından asılıdır. Göründüyü kimi də tərəflərin ədalətli sülhə imza atması üçün hər-hansı bir sənəd ortaya qoyulmur. 

Ermənistan güzəştə getmir, Azərbaycan isə işğal olunmuş ərazilərini de-yure Ermənistana verilməsi ilə razılaşmır. Təbii ki, Azərbaycanın razılaşmaması beynəlxalq hüquq normaları çərçivəsindədir və haqlı olaraq öz ərazi bütövlüyünü təmin etmək istəyir. Bu mənada Azərbaycanın beynəlxalq təşkilatlara, xüsusilə,  ATƏT-ə ittihamlar səsləndirməyimiz düzgün deyil. Bu onların işidir və münaqişənin həlli ilə bağlı təkliflərini irəli sürürlər. Fəaliyyətləri yalnız bundan ibarətdir”.

Ekspert bildirib ki, ATƏT sədri yenə də Bakıya kabab yeməyə gələcək: "Ermənistana qarşı benəlxalq təzyiqlərin tətbiq olunması daha çox BMT-nin və NATO-nun səlahiyyət sferasına daxildir. Ukrayna, Gürcüstan münaqişəsində də gördük ki, beynəlxalq təşkilatların münaqişələrə təsir imkanları düşündüyümüz qədər də güclü deyil. Bu baxımdan Azərbaycanın ATƏT-dən hər hansı bir gözləntisi sadəlövhlükdən başa bir şey deyil. Biz ATƏT-dən nəsə gözləsək, onlar yalnız Azərbaycana "turist” səfərləri edib, kabab yeməyə gələcəklər”.

V.Muxtar






Həftənin ən çox oxunanları