Yuxarı

Rəsul Quliyev "dramaturgiyası”

Rəsul Quliyev

2006-cı ilin payızı idi. Universitetin Jurnalistika fakültəsinin I kursunda oxuyurdum. Yaxın yoldaşlarla bildiyimiz, bilmədiyimiz məsələlərdən danışırdıq. Söhbət Naxçıvandan çıxmış tanınmış və məşhur adamlardan, qəhrəmanlardan düşdü. Naxçıvanlı bir dostum vardı, tanınmış və nüfuzlu olan şəxsiyyətləri saymağa başladı: Heydər Əliyev, Əbülfəz Elçibəy, Hüseyn Cavid, Yusif Məmmədəliyev... "Rəsul Quliyev” deyəndə ortaya atıldım ki, "Rəsul Quliyev haradan qəhrəman oldu?” Dostum məni kənara çəkdi. Əlini çiynimə qoyub "Çaşma, danışığına fikir ver”, deyərək məni silkələdi ki, ayılım. 

Yekəpər bir adamdı, yavaşca vursaydı, elə oradaca özümü Rəsul Quliyev kimi hiss edə bilərdim. Söz verdim ki, bu "qəhrəman”nın gördüyü işləri öyrənib qulaqlarıma sırğa edəcəyəm və bir də heç yerdə ağzıma gələni danışmayacağam. Çevrilib gedəndə dodaqaltı pıçıldadım ki, düz deyirəm də, Rəsul Quliyev hardan qəhrəman oldu? Başımı qaldıranda gördüm ki, geri qayıdır. Elə bildim eşidib, sarılığımı uddum. Əlini yenidən çiynimə qoyub mənim hələ uşaq olduğumu və hər şeyi qabaqda öyrənəcəyimi dedi. Sonra dedi ki, Rəsul Quliyev haqda mənə kitab verəcək ki, bir də zəhmət çəkib özüm məlumat axtarmayım. Soruşdum "O kitabı kim yazıb?” qəsdən belə dedim ki, özündə bir az məsuliyyət hiss eləsin, bir az utansın, mən də bundan həzz alım. Belə bir kitabın yazılmadığını o da bilirdi, mən də, hətta naxçıvanlı dostum məni silkələyən saniyədə okeanın o tayında bu söhbətdən xəbərsiz qazlana-qazlana yatan Rəsul Quliyev də... Dostum bir az qızardı, dedi ki, narahat olmayım nəsə edəcək. İnanıram ki, o an üstümə bərk qışqırsaydı, bəlkə də oturub özüm yazacaqdım Rəsul Quliyev haqda o kitabı.

Səhəri gün

Əsəb məni boğurdu, bir yandan da qorxaqlığıma görə özümə yazığım gəldi. Çevrilib gedəndə dözə bilmədim, başının arxasına bir qapaz ilişdirib qaçdım. Qaça-qaça da deyirdim ki, səni də, Rəsul Quliyevi də.... Kök idi deyə arxamca qaça bilmədi, mənimsə idmandan bildiyim yeganə şey yüngül atletikadır. Bəlkə də Hüseyn Bolt bu məsələdə mənə rəqib ola bilər. Birbaşa evə getdim. Gecə düşüb göz qapaqlarım enənədək qorxaqlığımı üzə çıxarmış Rəsul Quliyev yadımdan çıxmadı. Səhərin gözü açılmamış dostumdan zəng gəldi, məni universitetin qabağında gözləyirdi. Getdim, Rəsul Quliyev haqda internet saytlarından topladığı məlumatları gətirmişdi. Dedim "Bəs kitab hanı?”

11 il sonra

Aradan 11 il keçib, nə Rəsul Quliyev haqda o kitab yazılıb, nə də "Rəsul Quliyev”in qırtlağıma yapışan əlləri məni rahat buraxır. Əlbəttə, o silkələnmə saniyəsini – qorxularımın sabun köpüyü kimi üzə çıxdığı o anı xəcalət və dərin hüznlə xatırlayıram. Hələ də elə bilirəm ki, geri çevrilsəm, o vaxt onun haqda dediyim o naxoş sözlərə görə "Rəsul Quliyev” mənə şapalaq vuracaq və mən yenə də babat qorxacağam. Amma qorxunun əcələ faydası yoxdur, indi o naxçıvanlı dostum bunu yaddan çıxarıb və Rəsul Quliyev barədə məndən qabaq naxoşlayır. Özü böyük oğlandı, ağla qaranı seçəsi vaxtıdır.

Bu gün

Jurnalistika elə bir sahədir ki, bəzən bütöv həftəni eyni mövzu ətrafında başa vurursan. Bir az fərqli, bir az ekspert yanaşmalarıyla əhatəli formada açmağa başlayırsan. Artıq ikinci həftədir ki, Rəsul Quliyev haqda yazdığım bilmirəm neçənci mövzudur. Eks-spikeri hər tərəfdən analiz etmişik. Lakin fərqliliyindən asılı olmayaraq, mahiyyət eyni nəticəni "yumurtlayır”: Rəsul Quliyev bu xalqın başına keçirilmiş qara halqalardan biridir.

Yazdıqlarımdan o məntiq çıxmamalıdır ki, Rəsul Quliyevə olan antipatiyamın kökündə vaxtilə onun yekəpər pərəstişkarı məni sikələyib beynimdən ürəyimə qədər bütün hissəciklərimi bulandırması dayanır. Yox, məsələ başqadır. İlk növbədə Rəsul Quliyev 1990-cı illər – müharibə dövrü uşaqlarının ilk vətən xainlərindəndir. 90-cı illərin sonlarında kənd yerlərində alüminium antennalarla cəmi iki telekanalı tutmaq mümkün idi: AzTV və TRT 1. 2000-ci illərin əvvəllərinədək AzTV ancaq başlarına qara halqalar keçirdiyi vətən xainləri və "vətən xainləri”ndən bəhs edən verlişlər verirdi. Rəsul Quliyev də birincilərin içindəydi, yəni, əsl vətən xainlərinin içində. O, bizim ilk xəyanət simvollarımızdandır. Uşaqlıqdan beynimizə iri hərflərlə bu adla həkk olub: VƏTƏN XAİNİ! Necə ki, Sibel Can bizim ilk ehtiraslı və gözəl qadın təəssüratımızdır, Rəsul Quliyev də vətən xaini... Lakin bu təəssürat o dönəm üçün Az TV, yaxud dönəmin hakimiyyətinin təlqini idi. 

Əlbəttə, böyüdükcə əsl həqiqətlər üzə çıxmağa başlayır və kənardan təlqin edilən dəyərlər beyin tərəfindən pislər və yaxşılar olaraq ayrılır, ya qəbul edirsən, ya da yox. Universitetin ayaqyolusunun yanındakı "Rəsul Quliyev dramaturgiyası”ndan sonra mənə məlum oldu ki, Rəsul Quliyev  dövlətə məxsus 3 milyon dolları götürərək Azərbaycandan qaçıb və Amerikada özünə yaxşı biznes qurub, güzəran yaradıb, kənardan bizə gülür. Lakin hansı jarqonda gülməsindən asılı olmayaraq, Rəsul Quliyevin sensassiya yarada biləcək fikri belə qeyri-ciddi təsir bağışlayır. Elə "Lider”in "Kuklalar”ındakı kobud personaj kimi... Yəqin ki, eks-spiker Amerikaya "Titanik”in batdığı yolla getmişdi, elə yəqin ki, qaçanda da  "Titanik”in çırpıldığı aysberqə ilişib və rabitəsiz, qırıq-qırıq gələn səslərinin anlaşılmaması da travmalı beyninin şəbəkə xaricindən ötürdüyü "spamlar”dır.

Yoxsa, sensassiya xatirinə verilən bəyanatlar, palaz-palaz müsahibələr kimdəsə hansısa maraq doğurardı. Fəqət, "spamlar” maraq doğurmur, ancaq "delete”ə kardır. 

Mənsur





Həftənin ən çox oxunanları