Yuxarı

Ənənəvi müxalifətin "əyləc missiyası”

Ənənəvi müxalifətin

Kresloda yaşlananlar yeni simalara meydan vermir

Tural Abbaslı: "Yeniləşmə ictimai sifarişdirsə, qarşısını almaq olmayacaq”

Vüsal Qarayev: "Ənənəvi müxalifətin xaricdə, hökumət içərisində himayədarları var”

Taleh Əliyev: "Gənc liderlər artıq siyasətdə öz sözlərini deyə bilirlər”


Bu gün Azərbaycan siyasətində yeni simalara ehtiyac var. Ancaq təəssüf ki,  siyasi səhnədə yeni simalar çox azdır. Bunun səbəbi isə təkcə hakimiyyətin təzyiqlərində axtarmaq doğru deyil.Əsas səbəblərdən biri də ənənəvi müxalifətin inhisarçılıq cəhdidir.Sirr deyil ki, ənənəvi müxalifət öz varlığını, siyasi səhnədəki yerini qorumaq üçün yeni müxalifətin inkişafına maneə yaradır.Bu isə ölkədə ictimai-siyasi aktivliyi azaldır.

"Hakimiyyət də ənənəvi müxalifətin qalmasında maraqlıdır”

Ağ Partiyanın sədri Tural Abbaslı "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu yanaşma ənənəvi müxalifətin özünümüdafiə instinktidir. Partiya sədri hesab edir ki, müxalifətin gəncləşməsi təbii prosesdir və süni maneələrlə bunun qarşısını almaq mümkün olmayacaq:

"Yeni müxalifət gəlirsə, köhnələr çəkilməlidir. Amma yeniliklərin qarşısını dirənişlə, süni yollarla almaq çətin məsələdir. Əgər bu proses təbiidirsə və cəmiyyətin sosial sifarişidirsə, bunun qarşısını almaq mümkün deyil. Necə ki, hakimiyyətdən yenilənmə tələb edirik və bu gün görürük ki, hakimiyyətdə az da olsa  yeni simalar var. Eləcə də müxalifətdə də dəyişiklik baş verəcək. Bəzən düşünürəm ki, bəzi ənənəvi müxalifətin qalmasında elə hakimiyyətin özü maraqlı olur.Çünki uzun illərdir eyni insanlarla mübarizə aparmağa öyrəşiblər və yenilikdən çəkinirlər.Ənənəvi müxalifətin siyasətdə qalması və bu "məğlubiyyət seriallarını” davam etdirmələri hakimiyyətə də sərf edir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə deyib  ki,  yeni güclərin yetişməsində "müxalifət”lə yanaşı, hakimiyyət də, bəzi xarici güclər də maraqlı deyil: "İllərdir eyni partiyanın başında oturan, sədrliyi zəbt edən insanlarda daşlaşmış eqo, şəxsi ambisiya formalaşıb. O şəxslər üçün bu eqolar, ambisiyalar bütün milli, dövlətçilik dəyərlərindən daha üstündür. Onlar məğlub olduqlarını, dövlətə, dövlətçiliyə, vətəndaşa bu illər ərzində heç bir xeyir verə bilmədiklərini yaxşı anlasalar da,  kənara çəkilib yeni güclərə, yeni liderlərə yol açmaq ərdəmliyini özlərində tapa bilmirlər. Gənc, intellektual, savadlı, perspektivli gənclər isə bu "liderlərin” əlində sadəcə bir maşa kimi məhv olurlar, "işverənə”, "torbatikənə”, söyüş söyüb, şər atıb, şantaj edənə, facebook əxlaqsızlarına çevrikirlər. 

Bu məsələnin  görünən tərəfidir. Amma bu məsələnin daha dərin, daha ciddi tərəfi də var. Hər kəsə məlumdur ki, bu gün ənənəvi müxalifət dediyimiz güclərin istər xaricdə, istər hökumət içərsində himayədarları, maliyyə qaynaqları var. Və bu qaynaqlar maliyyəni boş yerə vermir bu partiyalara. Təbii ki, onların da öz gözləntiləri, tələbləri var”.

Ümid Partiyası sədrinin müavini Taleh Əliyev də yeni qüvvələrin müxalifətdə  gül-çiçəklə qarşılanmadığını deyib:

 "Siyasətdə mövcud olan güclər, istər hakimiyyət, istərsə də müxalifət çalışır ki, öz yerini və mövqeyini qoruyub saxlasın. Amma təəssüflər olsun ki, Azərbaycanda sivil siyasi münasibətlər, demokratik ənənələr olmadığı üçün yeni qüvvələrin meydana çıxmasına həm hakimiyyət, həm də bəzi müxalif qüvvələr problem yaradır.Çünki hakimiyyət də uzun illərdir məlum müxalifətlə bərkə-boşa düşüb və onların zəif yerlərini bilirlər.Hətta bəzən bir sıra müxalifləri də ələ almağı bacarırlar.Ona görə hakimiyyət özü də həmin şəxslərin mövqeyini qorumaq üçün yeni müxalifətin inkişafında maraqlı olmurlar.Bu cür hallar təəssüflər olsun ki, uzun müddətdir yaşanır və bu gün də davam etməkdədir.Amma hesab edirəm ki, qətiyyətli, bacarıqlı, mübariz qüvvələr xalqdan dəstək alacaqları tədqirdə, özlərini siyasi meydanda təsdiq edə bilirlər.

Bu gün Azərbaycan ənənəvi müxalifətlə yanaşı, sonraki illərdə meydana gəlmiş yeni siyasi təşkilatlarda da gənc liderlər öz sözünü deyə bilirlər. Amma bütövlükdə bu gün hakimiyyət tərəfindən siyasi aktivliyin zəifləməsi üçün atılan addımlar yeni siyasilərin az sayda meydana çıxmasında müşahidə olunur. Ənənəvi müxalifətin də meydanda qalmasında əsas səbəb hakimiyyətin yaratdığı mühitdir.Artıq yeni gənclik siyasətə maraq göstərmir və nəticədə meydan ənənəvi müxalifətə qalır.Bu amil həm hakimiyyətə, həm də yeni müxalifəti özlərinin varlığı üçün təhlükə hesab edən ənənəvi müxalifətə də sərf edir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları