Yuxarı

7 iyun - Əbülfəz Elçibəyin prezident seçildiyi gün

7 iyun - Əbülfəz Elçibəyin prezident seçildiyi gün

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əbülfəz Elçibəyin prezident seçilməsindən 25 il ötür. 

1992-ci il iyunun 7-də Azərbaycanda  prezident seçkiləri keçirildi. Əbülfəz Elçibəyin  xalqın dəstəyi ilə hakimiyyətə gəlişi post-sovet məkanında demokratiyanın təntənəsi və mühüm qələbələrindən biri  idi.  1918-20 ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətindən sonra  Əbülfəz Elçibəyin prezident seçilməsi XX əsrdə ölkəmizdə demokratiyanın inkişafında yeni mərhələ açdı.  

Bir il hakimiyyətdə qalmasına baxmayaraq,  AXC Azərbaycan dövlətçiliyinin təməl  prinsiplərinin formalaşmasında silinməz izlər buraxıb. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə  gəlişi ilə itirilmiş torpaqların qırx faizindən çoxunu  erməni işğalçılarından geri aldı. Gülüstan qəsəbəsi və Ağdərə rayonunun xeyli hissəsi  düşməndən tamamilə azad edildi. Hərbi əməliyyatlarla Laçının və Xankəndinin bir neçə kilometrliyinə kimi yaxınlaşdı. Azərbaycan Ordusunun formalaşmasına başlanıldı. 1992-ci il oktyabr ayının 9-da  Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirildi.

Azərbaycanda ilk dəfə milli valyuta vahidi - manat çap edilib, dövriyyəyə buraxıldı.  Bu, çökmüş Sovet İttifaqı ölkələrində çox ciddi hadisə idi. Çünki SSRİ dağılandan sonra Kreml pul vahidini dəyişərək, ölkələrdə iqtisadi böhran yaratmaq istəyirdi. Amma bu, Azərbaycanda mümkün olmadı.

Təhsildə test islahatı aparıldı və on minlərlə kasıb övladı aparıcı ixtisaslara rüşvət  vermədən sahib oldular.  Test üsulunun tətbiqi  qəbul imtahanlarında rüşvəti ləğv etməklə yanaşı, Azərbaycanda bacarıqlı  kadrların təşkilində mühüm rol oynadı. Həmin vaxtdan bəri  test üsulu Azərbaycan təhsil sisteminin əsaslarından birini təşkil edir. AXC  qısa müddətdə milli müstəqilliyimiz üçün böyük təhdid olan Rus qoşunları və hərbi bazalarının Azərbaycandan çıxarılmasına nail oldu.  Şərqi Avropada və bir çox post-Sovet ölkələrində Rusiya hərbi bazaları qaldığı halda AXC hakimiyyətinin siyasi iradəsi ilə Azərbaycanı tərk etməli oldu. Heç kimə sirr deyil ki, Kreml bu olaylardan qəzəb duyurdu və dünyada yüksək imicə malik AXC hakimiyyəti ilə barışa bilmirdi. Rusiya rəhbərliyi rus qoşunlarının Azərbaycan ərazisində qalması üçün  danışıqlar aparmağa səy göstərsə də prezident Elçibəy ölkəmizin suverenliyi üçün strateji əhəmiyyət daşıyan bu məsələdə güzəştə getmədi. 

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə BMT  Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünü pisləyən  822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul etdi. Bu, münaqişə  tarixində Azərbaycanın ərazi bütövlüyünə dünya ictimaiyyəti tərəfindən verilən  ən böyük dəstək  idi. AXC hakimiyyəti dövründə ilk dəfə özəlləşməyə start verildi və bu zaman dövlət səviyyəsində bütün həssaslıqlar qorundu. Azərbaycanda iş adamları, mülkiyyət sahibləri üçün minbit şərait yaradıldı.  

Azərbaycan Avroatlantik məkana doğru ən böyük addımını atdı. Qərbyönümlü xarici siyasətin əsasının  qoyulması da AXC-nin adı ilə bağlıdır.  İlk dəfə Azərbaycan neftinin işlənməsi üçün Qərb şirkətləri ilə danışıqlara başlandı. Sonradan bu danışıqları xatırlayan "dəmir  ledi” Marqaret Tetçer AXC sədri, prezident Əbülfəz Elçibəy barəsində yazırdı: "O, hər sentin rəsmiləşib büdcəyə getməsi üçün saatlarla danışıq aparırdı, deyirdi ki, bu, bizim körpələrin gələcəyinin puludur”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları