Yuxarı

AXCP sədri Razi Nurullayev sosial problemlərdən danışdı

AXCP sədri Razi Nurullayev sosial problemlərdən danışdı

"İnsan sosial çətinliklərdən, borcdan, ailənin yanında üzüqara olmaqdan, işsizlikdən və özbaşınalıqdan bezəndə intihar etmək yolları axtarır. Vətəndaş bezir və öz qanı ilə dövlət başçısına məktub yazır. Nə qədər insan ədalətsizliklərə etiraz edərək, üzərinə düşən sosial yükün ağırlığından bükülərək benzin töküb özünü yandırır. Demək ki, hər şey deyildiyi kimi gözəl, hamar və ədalətli deyil. Yaşamaqdan imtina etmək narazılığın son həddidir”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev ölkədə yaşanan sosial problemlərdən danışarkən deyib. AXCP sədri əlavə edib ki, bu ölkə coğrafiyasında yaşayan 10 milyonluq Azərbaycan vətəndaşının belini məişət və işsizlik problemi büküb:

"Bu gün siyasi məsələdən danışmaq istəmirəm. Azərbaycanın ən ağrılı yerlərindən biri sosial problemlərdir.  Problem doğulandan başlayır. Valideynlər doğum evində rüşvət, şirinlik paylayır. Elə uşaq dünyaya gələndə problemləri özündən bir neçə dəfə böyük olur. Elə valideynlər var ki, dövlətin verdiyi 90-100 manatı belə almaq üçün neçə qapıya ayaq döyür. Halbuki, AzTV-nin tənqid etdiyi və bəyənmədiyi ölkələrdə uşağın dünyaya gəlməsində, saxlanmasında və ərsəyə gətirilməsində dövlət birbaşa iştirak edir. Dünyaya gələn zaman birdəfəlik müavinət ödənilir. Bu, 1000 manatdan 20000 manat arasında dəyişir. Bəzi ölkələrdə isə söhbət 40-50 min manatdan gedir. Uşaq ən azı 3 yaşına kimi uşaq yeməyi ilə pulsuz olaraq təmin edilir. Uzağa getməyək, elə qonşu Rusiyada belədir. Elə qonşu Rusiyada çoxuşaqlı ailələrə ana kapitalı verilir. Bura pulsuz torpaq və ya ev daxildir. Böyük sosial yüklərdən biri adı pulsuz, özü pullu olan xəstəxanalardır. Varidatı başından aşan ölkənin vətəndaşlarının tibbi sığortası yoxdur. Cəmi iki şəhərdə bu ildən tətbiq edilib. İnsanlar xəstəxanalarda soyulur, şəxsiyyəti alçaldılır və normal müalicə də ala bilmirlər. Çünki bahalı aparatlarla diaqnoz qoymaq olar, amma müalicə etmək üçün bilik və bacarıq lazımdır. Azərbaycanda normal müalicə həyata keçirilmir. Bu sahədə dövlət idarəçiliyinin qiyməti sıfırdır mənim və partiyamın gözündə”.

Razi Nurullayev bu gün ölkədə evsizlik probleminin də ciddiliyini vurğulayıb. AXCP sədri hesab edir ki, bu sahədə dövlət idarəçiliyi sıfıradan da aşağıdır:"İnsanların belini bükən sosial və məişət problemlərindən biri də evsizlikdir. Yüz minlərlə ailə acınacaqlı şəraitdə kirayədə yaşayır, şəhərdən, sosial infrastrukturdan kənar əzab içərisində sürünürlər. Bəli, bəli, sürünürlər, buna yaşamaq olmaz. Kim necə gəldi, rüşvət verərək bir sot içərisində şəraitsiz ev tikib. Yayda tozdan, qışda palçıqdan beli bükülür. Yerli bələdiyyələrin və icra hakimiyyətlərinin göz yumması nəticəsində "makler" dediyimiz adamlar iki sot içində heç bir yaşayış standartlarına uyğun gəlməyən 3 ədəd ev tikərək satırlar. Azərbaycan bütövlükdə, xüsusən də Bakı şəhəri səliqə-sahmansız, sosial infrastruktursuz, plansız gecəqondulardan ibarətdir. Bu sahədə dövlət idarəcliyi mənfi sıfırdan da aşağıdır. Keçən qış insanlar təbii qaz üzünə həsrət qaldılar və dondular. Qazımızı isə bütün dünyaya satır və bununla fəxr edirik. Əgər bir vətəndaşın beli sosial yük altında bükülürsə, ədalətsizliklə, özbaşınalıq, qoçuluq ilə üzləşirsə, o vətənpərvər ola bilməz, vətəninə bağlana bilməz, torpaq uğrunda həvəslə ölməz. Hər şey sosial həyatdan başlayır. Bizim siyasətimiz insan faktoruna bağlanacaq. Birinci daş-divar yox, insan taleyidir bizim üçün. 2018-ci il prezident seçkilərində də əsas vədlərimizdən biri də insan faktoru olacaq. Hər şey vətəndaş üçün olmalıdır. Hər kəs qanun qarşısında bərabər olmalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları