Yuxarı

"Xaç anası”nın ReAl-la davası

Son günlər ənənəvi müxalif cəbhə yeni qalmaqalla silkələnir. Daha doğrusu, köhnə tanışların maraq toqquşması yeni formada təzahür edir. Bu dəfə ənənəvi müxalifətin "xaç anası” Xədicə İsmayılla ReAl Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli üz-üzə gəlib. Tərəflər arasında nifrətin kökü xeyli uzağa getsə də Erkin Qədirlinin ReAl-ın Respublika Günü ilə bağlı keçirilən toplantısındakı çıxışı yeni facebook qarşıdurmasına səbəb olub. Sözügedən tədbirdə E.Qədirli ReAl hərəkatının fəaliyyətini nəzərdə tutaraq tələsən yerlərinin olmadığı deyib: "ReAl olaraq kiçik addımlarla gedirik. Tələsən yerimiz yoxdur. Bütün böyük işlər kiçik addımlarla görülür”.

Əslində E.Qədirli özü etiraf edib ki, ReAl "tısbağa yerişli” bir təşkilatdır. Bu etiraf "xaç anası”nın xoşuna gəlməyib. O, sosial şəbəkədə Erkin Qədirlini tənqid, hətta təhqir edən statuslar yazmağa başlayıb. X.İsmayıl ona dəxli olmayan məsələyə müdaxilə edərək ReAl-çıları "qorxaq” adlandırıb. E.Qədirli buna cavab statusu yazıb, fikirlərinin yanlış anlaşıldığını deyib: ""Tələsən yerimiz yoxdur” ifadəsilə bağlı xeyli sual aldım. Bu ifadəni işlətdiyimə görə məni ələ salanları da gördüm. Olsun, problem deyil. Demokratik təsisatların, liberal dəyərlərin oturuşması üçün millətçilikdən başlamaq gərəkdir. Vətəndaş millətçiliyindən! Hər nəsnənin öz dönəmi olur, tələsən yerimiz yoxdur. Söz dueli qarşılıqlı ittihamlarla davam edib”. E.Qədirli "xaç anası”nın böyük səhvə yol verdiyini izah etməyə çalışıb: "Yuxarıda millətimizi açıq-aşkar qorxaq adlandıran adamın yazısını paylaşırsan, mənim sözlərimdə isə xalqımızı aşağılayan məna olduğunu deyirsən. Olmayan yerdə ziddiyyət axtarırsan, nə demək istədiyimi anlamağa çalışmırsan, nəticə çıxarmağa tələsirsən. Çoxları belə edir. Təəssüf”.
 
Mübahisənin kökündə dayanan səbəb
 
Mübahisənin kökündə duran səbəb barədə dəqiq məlumat olmasa da davanın xarici təşkilatlar və səfirliklərdən müxalifət partiyaları və ayrı-ayrı siyasi təşkilatlara ayrılan qrantlarla bağlı olduğu bildirilir. Məlumdur ki, xaricdən təşkilatlara pullar araşdırmaçı-jurnalist Xədicə İsmayılın hazırladığı siyahı əsasında ayrılır və bölünür. Xatırladaq ki, bir neçə ay əvvəl Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində görüşdə olan "xaç anası” "Yurd” sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Arif Hacılının (əslində Əli Kərimli məsələsini çox düz deyib. Əli Kərimli bütün tərəflərin əlində alət olmağa hazırdır, necə ki indiyə kimi olub - müəllif.) Azərbaycan hakimiyyətinə işlədiyini əsas gətirərək, həmin siyasi qurumlara qrant ayırmağın lüzumsuzluğunu gündəmə gətirmişdi. Xarici donorları bu məsələdə razı salan Xədicə İsmayıl həmin təşkilatların kənar  maliyyə kanallarının qarşısına əngəllər çıxara bilmişdi. Lakin sonradan tərəflər arasında müəyyən anlaşma əldə olundu. Artıq ABŞ və digər Qərb dövlətlərinin Azərbaycandakı səfirlikləri ilə təmaslarını sıxlaşdıran Əli Kərimli yenidən köhnə mənbələrini bərpa etmək niyyətindədir.
 
"Xaç anası”nın siyahısı
 
ReAl və jurnalist arasındakı mübahisəyə gəlincə, bu siyasi təşkilat xaricdən pul almasıyla bağlı istisna hallarda gündəmə gələn azsaylı müxalif qurumlardan biridir. 

Amma son zamanlarda ReAl-ın ABŞ və digər ölkələrin Azərbaycandakı səfirlikləri ilə hissolunan əməkdaşlığı var. Hesab olunur ki, Xədicə İsmayılla ReAl yetkililəri arasındakı davanın kökündə də məhz bu amil dayanır. Çünki ReAl-ın adı araşdırmaçı-jurnalistin səfirliklərə təqdim etdiyi siyahıda yoxdur. Vaxtilə Xədicə İsmayıl Azərbaycan müxalifətindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə (MTN) agentlik edənlər barədə hazırladığı siyahıda ReAl yetkililərinin də adlarını çəkmişdi. Beləliklə, ReAl-ın səfirliklər və ayrı-ayrı xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının diqqətinə düşdüyünü görən Xədicə İsmayıl həmin strukturları inandırmağa çalışır ki, ReAl hakimiyyətə işləyir və ayrılacaq pulları lazımi istiqamətlərdə xərcləməyəcək. O, həmçinin xarici diplomatlardan birində keçirdiyi görüşdə ReAl-ın elektoratının və cəmiyyət arasında nüfuzunun aşağı olmasını əsas gətirərək bu təşkilata ayrılacaq vəsaitlərin "itiriləcək investisiya” olduğunu deyib.

Başqa sözlə, hansı səfirliyin hansı təşkilata nə qədər pul ayırmasını hazırladığı siyahı üzrə müəyyən edən Xədicə İsmayıl ReAl-ın müstəqil şəkildə xarici nümayəndəliklərlə əməkdaşlığında maraqlı deyil. O, bu siyahını yalnız özü müəyyən edir, ReAl-ın adı isə bu siyahıda yoxdur.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları