Yuxarı

Avropa parlamentlərində kimimiz var?

Avropa parlamentlərində kimimiz var?

Elnur Eltürk: "Onlar Fransa mediasında güclü mövqeyə malikdirlər”

Əli Zülfüqaroğlu: "Media ilə sıx işləyir, xarici jurnalistləri hədiyyələrlə ələ almağı bacarırlar”

Fransada keçirilən parlament seçkilərinin II mərhələsində milliyyətcə erməni olan 3 nəfər qalib gəlib və deputat seçilib. "Cümhuriyət” qəzeti xəbər verir ki, namizədliyi hakim "İrəli Respublika” partiyasından irəli sürülən Jak Marilosyan, Daniel Xazaryan və Qiyom Qasparyan deputat mandatı qazanıb. "Erməni soyqırımı”nın tanınması üçün hazırlanan qanun layihəsinin həmmüəlliflərindən biri olan Paskal Şamasyan isə seçkidə uduzub. Yeni seçilən deputatlardan biri Nadya Yesayan (Verzon)nın həyat yoldaşı da milliyyətcə ermənidir.

Xarici ölkələrdə vəzifədə olan azərbaycanlılar

Xarici ölkələrdə yaşayan ermənilərin yüksək vəzifələrə təyin olunmaları barədə tez-tez KİV-lərdə məlumatlar yayılır. Rusiya, ABŞ, Avropa və dünyanın digər dövlətlərində yüksək postlar tutan ermənilərin sayı kifayət qədərdir. Nə qədər ağır olsa da biz öz soydaşlarımız haqda belə xəbərlərlə istisna hallarda qarşılaşırıq, bir çox hallarda isə ümumiyyətlə, rast gəlmirik. Məsələn, Ukraynanın daxili işlər naziri Arsen Avakov ermənidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni əsillidir. Livanda Avetis Kitanyan və Jan Oqasabyan bu ölkənin hökumətində nazir vəzifəsindədirlər. Xarici ölkələrin parlamentlərində olan erməni deputatlara gəlincə, demək olar ki, dünyanın siyasi proseslərinə yön verən bir çox ölkələrdə belələrinə rast gəlmək mümkündür. Təəssüf ki, ermənilərlə müqayisədə xarici ölkələrdə yaşayan azərbaycanlıların həmin dövlətlərin ictimai-siyasi proseslərində fəallıqları daha az diqqətə çarpır.

Lakin dünyanın 70-dən çox ölkəsində yaşayan bir sıra azərbaycanlılar əllərinə düşən fürsəti dəyərləndirərək, vəzifə pillələrində yüksəyə çıxa biliblər. Məsələn, Rusiya, Estoniya, Ukrayna və Latviyanın dövlət qurumlarında yüksək sayılacaq vəzifədə olan soydaşlarımız var. Roman Əliyev hazırda Latviya Təhsil Nazirliyinin Məşvərət Şurasının sədridir. Estoniyadakı Azərbaycan diasporunun nümayəndəsi Eldar Əfəndiyev 2002-ci ildə Estoniyanın milli münasibətlər və məskunlaşma naziri təyin edilib. Estoniya parlamentinin X və XI çağırışlarının deputatıdır. Estoniya-Azərbaycan Parlamentlərarası işçi qrupunun rəhbəridir. Latviya parlamentinin yeganə azərbaycanlı deputatı Roman Naudinşdir. Azərbaycanlı Rəşid İsmayılov Rusiya rabitə və kütləvi kommunikasiyalar nazirinin müavinidir. Araz Mürsəliyev Rusiya Dövlət Dumasının Milli məsələlər üzrə komitəsinin ekspertlər şurasının üzvüdür. Könül İbrahimova Almaniyanın Vinzen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsinin rəisidir. Müşfiq Sultanov bu ölkənin Oyskirxen şəhərinin Emiqrasiya və İnteqrasiya İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışır. Rövşən Tağıyev isə Ukrayna Nazirlər Kabinetinin tərkibində milli azlıqlar üzrə yaradılan şurada təmsil olunur. Paşa İlisuyski (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyinin Radasına təyinat alıb. O, XİN-in Radasında yer alan yeganə azərbaycanlıdır. Aqiyə Axundova Ukrayna İcra Xidmətinin birinci müavini vəzifəsində çalışır. Roman Nəsirov 2014-cü ildə VII çağırış Ukrayna Ali Radasına "Pyotr Poroşenkonun Bloku” Partiyasından deputat seçilib. Ali Radanın vergi və gömrük siyasəti komitəsinin sədridir. Digər soydaşımız Rəna Nəzərova isə Kiyev Şəhər Şurasına deputat seçilib.

"İntellektual sahələrdə özümüzü göstərə bilirik”

Diaspor sahəsi üzrə araşdırmaçı jurnalist, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk "Cümhuriyət” qəzetinə deyib ki, xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkələrin siyasi-ictimai və sosial həyatlarındakı fəallıqlarının istənilən səviyyədə olmaması təəssüfləndiricidir. Lakin bununla belə o, son illərdə nisbətən xaricdə soydaşlarımızın inteqrasiya və fəallıqlarının artdığına da diqqət çəkib:

"Bunu görməmək haqsızlıq olardı. Onlar əllərindən gəldikləri qədər Azərbaycanın tanıdılmasına çalışırlar. Ancaq biz daha çox işləməliyik ki, bu gün həmin ölkələrin parlamentlərində ən azından bir soydaşımız təmsil olunsun. Heç olmasa, bələdiyyə və şəhər şurasına üzv olsunlar. Bir məsələni qeyd edim ki, xaricdə intellektual sahələrdə fəaliyyət göstərən soydaşlarımızın sayı artıb, savadlı gənclər ordusu yaranıb. Biz onları hərəkətə gətirə bilsək, nəticələrimiz yüksək olacaq. Onlarla hədəfə doğru çata bilərik. Gənclər təşkilatlanmağı bacarırlar və heç bir münaqişələrə meyilli deyillər”.

Elnur Eltürk qeyd edib ki, əgər bu gün Fransada 3 erməni deputat parlamentə seçilirsə, bunun arxasında ciddi sosial dayaq və maddi dəstək durur: "Etiraf etməliyik ki, ermənilər ciddi təşkilatlanmağı bacarıblar. Onlar potensiallı insanlarını dəstəkləyirlər və onun ətrafında komanda yarada bilirlər. Yüz illərdir ki, orada yaşayırlar və nə qədər interqasiya etsələr belə, öz milli kimliklərini unutmurlar. Fransada ermənilərin sayı milyona çatır. Bu, elə-belə məsələ deyil. Namizədlər onların səsini almaq üçün müxtəlif vədlər verirlər. Fransa mediasında güclü mövqeyə malikdirlər”.

"Kiçik bizneslə məşğuldurlar”

Diaspor sahəsi üzrə araşdırmaçı Əli Zülfüqaroğlu "Cümhuriyət” qəzetinə bildirib ki, Fransada 400 min erməni, 500 min Türkiyə türkü, həmçinin çoxsaylı azərbaycanlı yaşayır. Türkiyə türkləri ilə Azərbaycan türklərinin xaricdə birgə fəaliyyət göstərməyə çalşdıqlarını deyən araşdırmaçı qeyd edib ki, buna baxmayaraq, Fransada türklər ermənilərdən daha çox olsalar da ermənilər daha güclüdürlər: "Bunun bir sıra səbəbləri var. Çünki ermənilər daha çox intellektual sahələrdə çalışırlar. Məsələn, parlamentdə, bələdiyyələrdə, mediada, müxtəlif dövlət qurumlarında və sair. Türklər isə daha çox kiçik bizneslə məşğuldurlar. Buna görə də ermənilər Fransa və digər Avropa ölkələrində daha güclüdürlər.

Erməni milyarderlər də soydaşlarının parlament və digər seçkili orqanlarda uğur qazanmalarına yardım edirlər, media ilə sıx işləyirlər, xarici jurnalistləri hədiyyələrlə ələ almağı bacarırlar. Buna görə də nəticə əldə edə bilirlər. Azərbaycan diasporunun isə bir neçə ciddi problemi var ki, bunlar həll olunmayanadək xarici ölkə parlamentlərinə düşməkdə çətinlik çəkəcəyik. Birincisi, inteqrasiya problemidir. Hansısa ölkədə yaşayan azərbaycanlı yaşadığı cəmiyyətə inteqrasiya ola bilmirsə, deməli, həmin xalqın psixologiyasını, nəyi pis, nəyi yaxşı qəbul etdiyini, müxtəlif mövzularda olan məsələlərə hansı prizmadan baxdığı, necə qiymət verdiyi və sair kimi önəmli məsələləri də bilməyəcək. Belə olan təqdirdə ümummilli məsələlərdə düzgün yanaşma tərzi ortaya qoyulması çətinləşəcək, nəticədə uğur qazanmaq mümkün olmayacaq. Buna görə də inteqrasiya mütləq lazımdır”. 

"Kanada, İsveç, Niderland, Ukrayna, Gürcüstan...”

Əli Zülfüqaroğlu qeyd edib ki, inteqrasiya üçün yerli dili mükəmməl bilməli, eyni zamanda cəmiyyətin düşüncə tərzi dəqiq öyrənilməlidir: "Həmçinin həmrəylik çox vacibdir. Potensialı olan adamı önə çıxarıb dəstək verilməsi zəruridir. Məsələn, hansısa bir azərbaycanlı bacarıqlıdırsa, bu zaman digər azərbaycanlılar, həmçinin iş adamları ona dəstək verərək parlament və digər səviyyələrdə təmsil olunmasını reallaşdıra bilərlər. Təəssüf ki, biz hələ bunu az hallarda görürük. Təşkilatlarımız arasında olan narazılıqlar, səfirliklərlə diaspor təşkilatları arasındakı koordinasiya zəifliyi, eyni zamanda mövqeyindən asılı olmayaraq ümummilli məsələlərdə bir araya gəlməkdə çətinlik çəkməyimiz bir çox hallarda mübarizəmizin effektini aşağı salır.

Yəni, bu və digər faktorlar azərbaycanlıların xarici ölkələrin parlamentlərində təmsil olunmaq şanslarını minimuma endirir. Amma İsveç, Niderland parlamentlərində tanıdığım, əslən Türkiyədən olan millət vəkilləri var. Amma Avropa ölkələrinin parlamentlərində azərbaycanlı millət vəkillərinin olması haqda eşitməmişəm. Bildiyim qədər Gürcüstan və Ukrayna parlamentlərində az sayda olsa da azərbaycanlı deputatlar var. Eyni zamanda Kanadanın Ontario ştatatının parlamentində Güney Azərbaycandan olan Reza Moridi adlı millət vəkilini tanıyıram. Bu barədə başqa məlumatım yoxdur”.

Mənsur





Həftənin ən çox oxunanları