Yuxarı

Əli Kərimlidən Avropaya getmək istəyənlər üçün "podium” mitinqlər

Əli Kərimlidən Avropaya getmək istəyənlər üçün

Yaxud saxta müxalifətçilər üçün xaricə gediş bileti

Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində bir neçə gün əvvəl cinayət işi başlanıb. "Cümhuriyət” qəzeti xəbər verir ki, Avropada mühacir həyatı yaşayan Elnur Aydın oğlu Mirzəyev Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir. 

Mətbuatın yazdığına görə, E. Mirzəyev Müsavat Partiyasından aldığı sənədlə mühacirətə gedib.Partiya isə E. Mirzəyevin sənədinin saxta olduğunu açıqlayıb.Artıq Elnur Mirzəyevin yaşadığı ölkədən digər dövlətə deportasiya olunması barədə məlumatlar yayılıb.Yaşadığı ölkənin məhkəməsi müsavatçının sənədlərinin saxta olması qənaətindədir.E.Mirzəyevlə yanaşı bir neçə gün əvvəl bu ilin yanvar ayında Hollandiyaya mühacirətə getmiş "Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev də bu ölkədən deportasiya olunub.Hollandiya məhkəməsi ona ölkədə yaşamaq üçün icazə verməyib.

"Siyasi mühacirlər”in puça çıxan ümidləri

Ümumiyyətlə, siyasi partiya vəsiqələri və mühacir arayışları ilə Avropa ölkələrindən siyasi sığınacaq almış azərbaycanlılar son zamanlara ciddi problemlərlə üzləşiblər. Siyasi statusla Avropaya üz tutan azərbaycanlıların sənədləri üçün monitorinqlərin başladığı bildirilir və artıq yüzlərlə soydaşımızın  sənədlərində ciddi nöqsanların aşkarlandığı diqqətə çatdırılır. Məsələn, Əli Kərimlinin sədri olduğu "Yurd” təşkilatının üzvü olduğu bildirilən Nadir Məmmədov da bir neçə gün əvvəl yaşadığı Almaniyadan deportasiya olunub.Bu ölkədən siyasi sığınacaq istəyən N.Məmmədova alman məhkəməsi rədd cavabı verib.Məhkəmə onun saxta sənədlə bu ölkədən sığınacaq istəyini açıqlayıb.Qeyd edək ki, Almaniyadan son zamanlarda siyasi sığınacaq almaq çətin məsələyə çevrilib.Alman hökuməti xüsusilə də Azərbaycandan gedənləri qəbul etmək istəmir.Xatırladaq ki, təkcə bu ilin yanvar ayında 500 -ə yaxın azərbaycanlı Almaniyadan sığınacaq istəyib.

Əli Kərimlinin "mühacir biznesi”

Müsavatçı Elnur Mirzəyev ətrafında baş verənlər o faktları üzə çıxardı ki, Azərbaycandan Avropaya siyasi sığınacaq üçün üz tutanların sənədlərində ciddi qüsurlar var və bunlar əsasən, ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiya və təşkilatlarla bağlıdır.Görünən budur ki, əsl müxalifətçilər və mühacirlər yalançı mühacirlərin qurbanlarına çevrilirlər.Son illərdə "siyasi mühacir” məsələsini biznesinə çevirmiş "Yurd” kimi siyasi motivli təşkilatlar Azərbaycanda təzyiqlə üzləşən əsl müxalifətçilərin Avropaya gedən yollarını kəsirlər.Xatırlatmaq yerinə düşər ki, son 4 ildə bununla bağlı məsələlərlə gündəmə gələn yeganə şəxs də "Yurd” sədri Əli Kərimlidir.Onun Avropada bu biznesini həyata keçirən kiçik şəbəkəsinin olduğu heç kəsə sirr deyil. O da məlumdur ki, Əli Kərimli böyük pullar qarşılığında AXCP adına vediyi saxta sənəd və arayışlarla bir sıra şəxslərin Avropadan sığınacaq almalarına vasitəçilik edib.

AXCP adına verilən saxta sənədlər

Artıq məhdud sayda elektoratı ilə özünü saxlayan Milli Şura ətrafındakı sirlər də çözülüb.Məlumdur ki, 2013-cü ildə keçirilən prezident seçkilərində məğlubiyyətdən sonra müxalifət partiyaları Milli Şuradan çıxdılar və bunu demokratik düşərgənin birliyi kimi tanımadılar.Lakin müxalifətin imtina qərarının əksinə olaraq, Əli Kərimli bu qrupdan imtina etmək niyyətində deyil.Çünki şuranın ara-sıra keçirilən mitinqlərinin "Yurd” sədrinə böyük pullar qazandırdığı heç kəsə sirr deyil.Milli Şuranın mitinqləri "Talana son!” şüarı altında baş tutsa da bu qrupun piket xarakterli nümayişlərinə əsasən, Azərbaycandan Avropaya üz tutmaq istəyən şəxslər qatılırlar.

Bir qayda olaraq, mitinqlərin təşkil olunduğu "Məhsul” stadionu həmin gün Avropaya getmək istəyənlər üçün "podium”a çevrilir. Daha çox şəkil çəkdirməklə diqqət mərkəzində olan Milli Şura və "Yurd” üzvləri və yandaşları stadionun kənarında onları gözləyən "mühacir avtobusu”na (polis maşını) minmək üçün kiçik qarşıdurmalar da yaratmaqdan çəkinmirlər. Bəllidir ki, müxalifət adına keçirilmiş mitinqlərdə iştirakı sübut edən hər şəkil və polis zorakılığıyla avtomobilə mindirilmək qarşılığında Əli Kərimlidən alınan arayışın qiyməti 2-3 min avrodur. Başqa sözlə, Milli Şuranın mitinqləri saxta müxalifətçilər üçün Avropaya gediş biletidir.Əli Kərimli bu kiçik qrupu da məhz şəxsi maraqları naminə saxlamağa çalışır.

Artıq Avropa ölkələri Əli Kərimlinin saxta arayışlarla "müxalifətçi” düzəltdiyi şəxslərin kimliklərini bilir. Elə buna görədir ki, son zamanlarda məhz "Yurd” sədrinin AXCP adına hazırladığı saxta sənədlərlə göndərdiyi adamlar deportasiya olunurlar. Əli Kərimlinin növbəti saxtakarlığının qurbanına isə əsl müxalifətçilər çevrilirlər, hansı ki, onlar həqiqətən burada Azərbaycanda təzyiqlər və təqbilərlə üzləşirlər.Bir çox hallarda cəzalanan da belə şəxslərdir.

Mənsur





Həftənin ən çox oxunanları