Yuxarı

Alxanlı hücumunun gizlinləri

Alxanlı hücumunun  gizlinləri

Üzeyir Cəfərov: "Təxribatların arxasında  3 ölkə durur”

Sərdar Cəlaloğlu: "Bu da Rusiyanın Azərbaycana mesajıdır”

İşğalçı Ermənistan hər dəfə olduğu kimi, yenə də müharibə qanunlarına zidd olan addım atmaqla dünya ictimaiyyətinin təpkisi ilə qarşılaşdı. Zaman-zaman təmas xəttində təxribatçı addımlar atan Ermənistan tək ordunu deyil, həm də mülki vətəndaşları atəşə tutur. Xatırladaq ki,  iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Dünya müharibələrində hər zaman ən qəbuledilməz məqam məhz uşaq qətlləridir. İşğalçı Ermənistanın bu addımı isə Azərbaycan ordusuna işğalçı orduya qarşı hərbi əməliyyatlara başlamaq hüququ verir. Ermənistanın müharibə qanunlarına əməl etməməsinin Xocalı soyqırımı kimi dünyaya utanc gətirən bir nümunəsi hələ unudlmayıb. Bu gün də Ermənistan eyni mövqedən çıxış edir. İşğalçılıq siyasətinin davamı kimi müharibə silahını mülki vətəndaşlara tuşlayır. Təbii ki, Azərbaycan ordusu torpaqları azad etməyə, işğal faktına son qoymağa qadirdir. Ötən il aprel döyüşləri zamanı da bütün dünya ictimaiyyəti bunun şahidi oldu.

Ermənistan bir dövlət olaraq bölgədə ən zəif siyasi, iqtisadi və hərbi gücə malik olan ölkədir. Bütün bunları nəzərə alsaq, Ermənistanın Alxanlı hücumunun  arxasında digər maraqların, güclərin dayandığını demək mümkündür. Bəs bu güclər kimlərdir? Məqsədləri nədir? Alxanlı təxribatı kimə və nəyə hesablanmışdı?

Hərbi-ekspert Üzeyir Cəfərov "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Ermənistanın Alxanlıda törətdiyi vəhşilik Azərbaycana heç bir beynəlxalq qurumun razılığını almadan sərbəst şəkildə qərar qəbul etmək imkanı verir:

"Sözsüz ki, ATƏT-in Minsk Qrupu son hadisə ilə bağlı bir daha öz ermənipərəstliyini sübut etdi. Onların bəyanatından da açıq şəkildə görünür ki, sırf erməni maraqlarını müdafiə ediblər. Ötən gün ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik hadisə yerinə baxış keçirib və insanlığa yaraşmayan addım atıb. O, ən azından iki ailə üzvünü itirmiş ailəyə baş çəkə bilərdi, amma bunu etmədi. 

Heç olmasa, quru sözlə başsağlığı verə bilərdi. Onların mahiyyəti də məhz budur. Gedib Qarabağda separatçılarla görüşür, şəkil çəkdirir, yemək yeyir. Baxmayaraq ki, onun mandatı bu səlahiyyətləri ona vermir. Onun mandatı yalnız rəsmi şəxslərlə görüşmək səlahiyyəti verir. Digər tərəfdən, Azərbaycanın silahsız, sadə vətəndaşları Ermənistan tərəfindən ağır silahlarla atəşə tutulur, körpə, həyatdan kam almayan balalar həyatını itirir. Hesab edirəm ki, Azərbaycan hərbi-siyasi rəhbərliyi bununla bağlı qərarını verməlidir”.

Ekspert hesab edir ki, iyulun 11-də baş tutacaq xarici işlər nazirlərinin görüşündə Azərbaycan qəti olaraq mövqe ortaya qoymalıdır:

 "Əslində bu görüş ATƏT-in Minsk Qrupuna şans verir ki, öz varlıqlarını bir daha göstərsinlər. Halbuki, həmsədrlər Alxanlıda monitorinq keçirdilər və üstündən heç 2 saat keçmədən bu hadisə baş verdi. Bir sözlə, Azərbaycan Ordusu bunun cavabını verməlidir. Bunu artıq bütöv Azərbaycan xalqı tələb edir. Artıq xalq beynəlxalq qurumların vədlərinə inanmır. Onların məqsədi yalnız və yalnız status-kvonu saxlamaqdır. Erməni vəhşilərinin sosial şəbəkələrdə yazdıqları heç bir insanlığa sığmır. Qondarma Dağlıq Qarabağın Müdafiə Nazirliyinin rəsmisi ölən körpə ilə bağlı deyir ki, əcəb eləmişik, düz eləmişik. İnsan nə qədər ləyaqətsiz, şərəfsiz olmalıdır ki, bu cür sözləri desin, yazsın...

Prinsip etibarı ilə bu heç də təəccüblü  deyil. Xocalı soyqırımında körpə uşaqların süngüyə keçirilməsini, hamilə qadınların qarnının yarılmasını görmüşük. Biz niyə unuduruq ki, ermənilər 2011-ci ildə Fariz Bədəlovu, Rusiyanın Sankt-Peterburq şəhərindən qonaq gələn Aliyə Şıxməmmədovanı qətlə yetirdilər. Dünya artıq öz riyakarlığını, saxtakarlığını göstərdi. Azərbaycan vətəndaşlarına qarşı törədilən vəhşiliklərə qarşı dünya susmamalı idi. Hesab edirəm ki, 11 iyulda baş tutacaq xarici işlər nazirlərinin görüşü sonuncu görüş kimi tarixə düşməlidir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəsmi şəkildə bəyan etməlidir ki, ya Ermənistan torpaqları boşaltmalıdır, ya da müharibə olacaq! Bu müharibədə ölüm də olacaq, itki də. Azərbaycan xalqı öz haqqını qorumaq üçün erməniyə yerini göstərməlidir”. 

Ermənistanın Alxanlı hücumun arxasında duran səbəblərə gəlincə, Üzeyir Cəfərov deyib ki, bu təxribatların arxasında Rusiya, ABŞ və Fransa durur:

 "Bu təxribatların arxasında duranların adları da məlumdur, ölkələri də. 11 iyulda baş tutacaq xarici işlər nazirlərinin görüşünə qədər danışmaq üçün ATƏT-in Minsk Qrupuna mövzu lazım idi. Ona görə də Ermənistana tapşırıq verdilər və nəticədə də Alxanlıya hücum oldu. Digər tərəfdən 2016-cı il Vyana və Sankt-Peterburq görüşündən sonra Minsk Qrupu prezidentləri bir araya gətirə bilməyib. İndi də çalışırlar ki, yenə də prezidentlərin görüşünü təşkil etsinlər, yenə də mücərrət, lazımsız fikirləri gündəmə gətirsinlər. Həmsədrlərin məqsədi, məramı yalnız budur. Həmsədrlər BMT kimi ali qurumun məlum 4 qətnaməsi ilə bağlı bir dəfə də olsun, söz deməyiblər. Başa düşürük ki, həmsədrlər əslində sülh yaratmaq missiyası daşıyırlar. Amma bunlar özlərinə yaxşı iş yeri tapıblar. Alxanlıda baş verən hadisədən sonra ABŞ, Fransa "yatırdı”, Rusiya isə hamısının adından bəyanat verdi. Bu bəyanatda mücərrət fikirlərlərdən ibarət oldu. Bir sözlə bu məsələnin arxasında sırf ATƏT-in Minsk Qrupunun həmsədrləri durur”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Ermənistanın Alxanlı hücumunun arxasında Rusiyanın dayandığını deyib: "Mən dəfələrlə demişəm ki, Rusiyanın Azərbaycanda keçiriləcək prezident seçkilərində öz maraqları var. Bu da Rusiyanın Azərbaycana mesajıdır. Ermənistan kimdir ki? Cəbhədə nə baş verirsə, erməni siyasiləri nə deyirsə, hər kəs bilsin ki, onu deyən Rusiyadır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları