Yuxarı

AXCP-dən 114 min kv.km-lik Azərbaycanla bağlı təklif

AXCP-dən 114 min kv.km-lik Azərbaycanla bağlı təklif

"Ölkəmizin yeni xəritəsi hazırlanmalıdır”

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahında "Tarix keçmişin bu günə əmanəti, bu günün gələcəyə zəmanətdir” adlı tədbir keçirilib.

Cebhe.info xəbər verir ki, AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirlinin sədrliyi ilə keçirilən tədbirdə ermənilərin Azərbaycan türklərinə qarşı cinayətləri və Ermənistandakı milli toponimlərin dəyişdirilməsi müzakirə olunub. Tədbirdə iyulun 4-də erməni təxribatı nəticəsində şəhid olmuş soydaşlarımız – 2 yaşı Zəhra və onun nənəsi 1 dəqiqəlik sükutla yad olunub.

Rafiq Daşdəmirli qeyd edib ki, Ermənistan hazırda onların dövlət ərazisi hesab olunan, lakin Azərbaycanın tarixi torpaqlarına qarşı vəhşilik edir və gerçək tarixi saxtalaşdırır. Son illərdə Ermənistanda türk topnimlərinə qarşı vandal hücumların sayı artıb və milli adlar dəyişdirilib: "Ermənistdankı milli toponimlərin dəyişdirilməsi SSRİ dönəmində başlayıb və proses bu gün də davam edir. Ermənistandakı kəndlərin, məkanların adları demək olar ki, hamısı qədim türk adları ilə bağlıdır. Bu fəaliyyətin davamı kimi qədim Azərbaycan şəhəri İrəvanın adı da erməniləşdirib. Amma vaxtilə bu şəhərdə çox az sayda erməni yaşayıb və onlar da şəhər kənarında məskunlaşmışdılar. Şəhərdəki bütün məkan adlarının hamısı türk mənşəli idi, amma İrəvan ələ keçirildikdən sonra bu adlara qarşı vandal hücumlar keçirildi. Bununla bağlı fəaliyyət həyata keçiriməlidir. AXCP-nin bununla bağlı öz təklifləri var. Hesab edirik ki, məsələ beynəlxalq səviyyədə  gündəmə gətirilməlidir”. 

Rafiq Daşdəmirli İrəvanın Ermənistana 99 illik icarəyə verilməsinə də toxunub: "Tarixçilər qeyd edirlər ki, həmin dönəmdə İrəvanın Ermənistana verilməsi tarixi zərurət idi. Bu, vaxtilə Borçalının Gürcüstana verilməsinə oxşayır. Amma biz bu gün Borçalı ilə bağlı bu fikirlərimizi səsləndirə bilmirik. Lakin Dağlıq Qarabağla yanaşı, Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan və digər ərazilərlə bağlı olan məsələ gündəm mövzusu olmalıdır. Çünki həmin ərazilərdə ermənilər qədimi türk adlarını dəyişdirmək üçün fəallıq nümayiş etdirirlər. Bu, tariximizə qarşı olan vəhşilikdir”.

AXCP sədrinin müşaviri Kamil Bədəlov bildirib ki, ilk növbədə məsələyə dövlət səviyyəsində münasibət bildirilməlidir. O, Ermənistan və Azərbaycan arasında mübahisəli olan bir sıra məsələlərlə bağlı öz təkliflərini verib: 

"Əgər biz 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin varisiyiksə, bu zaman həmin dönəmdən sonra ortaya çıxan məsələlərin həlli ilə bağlı konstitusion hüquqlarımız var. İlk növbədə, erməniləşdirilmiş milli toponimlərin yenidən  qaytarılması bizim haqqımızdır. Həmçinin 114 min kvadrat kilometr sahəni əhatə edən Azərbaycanın yeni xəritəsi hazırlanmalıdır. Bununla yanaşı, məsələlər beynəlxalq səviyyədə müzakirəyə çıxarılmalı və beynəlxalq təşkilatlar qarşısında qaldırımalıdır. Çünki 1920-ci illərdə bununla bağlı olan bir sıra sənədlər var, həmin sənədlər bizə əsas verir ki, məsələləri konstitusion əsaslarla həll edək. Zəngəzur və Göyçə problemlərinin həllini də bununla həyata keçirə bilərik. Əlbəttə, siyasi partiyalar və dövlətin bunlara maraq göstərməsi əhəmiyyətlidir”.

AXCP Binəqədi rayon şöbəsinin sədri Səyadulla Kərimli də çıxışında ermənilərin milli dəyərlərimizə qarşı olan vəhşi münasibətlərini pisləyib: "Problemlər ortadadır, Azərbaycan dövləti öz prinsipiallığını ortaya qoymalıdır. Lakin ölkəmizin öz daxilindəki fundamental problemlər, rüşvət və korrupsiya halları daha ciddi məsələlərin həllinə imkan vermir. İlk növbədə bu kimi məsələlər prinsipial mövqe və ciddi fəaliyyət tələb edir. Bu baxımdan hakimiyyətin üzərinə böyük yük düşür”.

AXCP Nəsimi rayon şöbəsinin sədri Xətai Qasımlı, partiyanın Abşeron rayon şöbəsinin sədri Arif Baxışəlioğlu, partiya üzvü Mehriban Sadıqova,  partiya fəalları mövzu ətrafında öz fikirlərini bildiriblər. Qeyd olunub ki, əgər ortada olan problemlərin həllinə nail olmaq istəyiriksə, ilk növbədə Azərbaycan dövləti bunda maraqlı olmalıdır.  
Tədbirdə müzakirə edilən mövzu ilə bağlı müraciət qəbul olunub. Sənəddə AXCP-nin mövqeyi əks olunub.

AXCP hesab edir ki, "Tarixin ölkələrarası münaqişələrə səbəb olan problemləri” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilməli və qlobal siyasət həqiqətlərə, faktlara istinadən yürüdülməlidir. Belə həqiqətlərdən biri də Zəngəzur, Dərələyəz, Göyçə mahalı, Şərur, Dilican, Şəmsəddin, Borçalı mahalları bizim tarixi yurdlarımızın olmasıdır. İndiki Ermənistan ərazilərinin 82%-i Azərbaycan torpaqlarıdır. Müstəqil Azərbaycan Konstitusiyasına görə, ölkəmiz 1918-ci ildə yaradılmış Demokratik Azərbaycan Respublikasının (ADR) varisidir. AXCP hesab edir ki, Sovet Rusiyası tərəfindən süquta yetirilən ADR var olduğu zamanda 114 min km2-lik ərazisinin bərpa olunması iddiası ilə çıxış etməsi Azərbaycan dövlətinin konstitusion hüququdur. 1920-ci ildə ADR-i işğal edən Sovet Rusiyasının Ermənistana birləşdirdiyi inzibati ərazi əsasında böyük mahallar hesab olunan tarixi Azərbaycan əraziləri bunlardır:

Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican, Şəmsəddin və İrəvan xanlığı ilə Gürcüstana birləşdirilən Borçalı mahalı.

AXCP hesab edir ki, tarixi mənbələrə istinadən "Tarixi ərazilərimizin bərpa iddiası” adlı sənəd hazırlanmalıdır. Bu sənədin nəzəri təbliğ və təşviqatı 3 mərhələdən ibarətdir. 

Birinci mərhələ: Erməniləşdirilən tarixi ərazilərimizin toponim adlarının bərpası; 

İkinci mərhələ: 114 min km2 ərazimizi əhatə edən yeni xəritənin tarixi adlalarla hazırlanması və üçüncü mərhələ isə bu məsələdə sözügedən sənədin konstitusion hüququmuzdan istifadə edərək beynəlxalq təşkilatlarla müzakirəsinə nail olmaqdan ibarətdir.

Sonda qeyd edilən məsələlərin həlli ilə bağlı komissiya yaradılıb.

Mənsur





Həftənin ən çox oxunanları