Yuxarı

AXCP sədrindən maraqlı yanaşma

AXCP sədrindən maraqlı yanaşma

"Son günlər Azərbaycanda qardaş Türkiyə ilə bağlı bir-birinə zidd çoxlu fikirlər səsləndirilir. Bizim üçün əsas olan Türkiyənin demokratik yöndə inkişafını davam etdirməsi və qardaş xalqın rifah içində yaşamasıdır. Bu gün Türkiyədə demokratiyanın çeynənməsi, diktaturanın qurulması doğru informasiya, Ərdoğanın düşmən obrazının yaradılması isə yaxşı hal deyil”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. Onun sözlərinə görə, hər halda CHP-nin milyonlarla insanı küçələrə töküb mitinq keçirməsi demokratiyanın göstəricisidir: 

"Türkiyədə seçkilər saxtalaşdırılmır, qanunsuz həbslər olmur (istisnalar var təbii ki. Lakin bunun əksini düşünənlər desinlər: Nəyə görə Ərdoğan onun üçün böyük başağrısına çevrilən CHP-çiləri həbsə atmır, onları mandatdan məhrum etmir, maliyyələrini kəsmir, inzibati üsullarla onları çökdürmür?) Biz istərdik ki, Türkiyə daha da inkişaf etsin, daha da güclənsin və daha da demokratik olsun. Biz Türkiyədə yaşayan qardaşlarımızın siyasi seçiminə hörmətlə yanaşır və onlarla hesablaşırıq. Qeyd etmək istəyirəm ki, Türkiyə dünyanın ən güclü inkişaf etmiş 17-ci iqtisadiyyatı kimi "Böyük 20-lər"in üzvüdür. Bu böyük irəliləyiş də Ərdoğanın zamanında qazanılıb.

Əgər sabah qardaşlarımız CHP-ni, MHP-ni və ya başqa bir partiyanı siyasi iqtidar kimi seçəcəklərsə, bizə də xoş. Bu, qardaş xalqın seçimidir. Bununla bərabər, Türkiyədə demokratiyaya hücum olarsa, xalqın iradəsi heçə sayılarsa, biz buna da qarşı qəti mövqeyimizlə çıxış edəcəyik. Azərbaycanda olduğu kimi...”

Partiya sədri soy kökümüzlə bağlı zaman-zaman ortalığa atılan iddialara da toxunub:  

"Biz azərbaycanlı deyilik, Azərbaycan türküyük. Tarixdə Azərbaycan adında xalq olmayıb. Nə qədər ki, əksini deyəcəyik, həm tarixi çaş-baş salacaq, həm də məktəblərdə yetişən gələcəyimiz olan gəncləri özümüzün kökünə salaraq, mövcud olmayan xalqın axtarışına çıxaracağıq. Biz Azərbaycanda yaşayan Oğuz boylarına aid türk tayfasıyıq. Həm də ən təmiz türklərdən biri də biz sayılırıq. Türkiyə iqtidarının Azərbaycan müxalifətinə dəstək illuziyasını unutmaq lazımdır. İqtidarlar iqtidarlarla işləyir. Başqa nümunə yox. Allah eləməsin ki, kimsə Suriyanı misal çəkib bizə yaraşdırsın. Bilin ki, fərq etməz, CHP də Türkiyədə hakimiyyətə gəlsə, YAP və prezident İlham Əliyevlə işləyəcək. Başqa cür mümkün deyil, hakimiyyətlər tarix boyu belə idarə edilib. Azərbaycan məmləkətinin çarəsi bizim özümüzdədir və istədiyimiz cəmiyyəti də gec-tez quracağıq. Yaxşı olar ki, gözümüzü yığaq və ölkəyə fokuslaşaq. Mənim üçün Azərbaycan və Türkiyə eyni məmləkətdir. Biz bunu Əbülfəz Elçibəydən öyrənmişik. Onun üçün də Türkiyə və Azərbaycanın bir Konfederasiyada birləşməsi vacibdir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları